İçeriğe geçmek için "Enter"a basın

“Kişidirsə, dediklərini sübut etsin” – İş adamından vəkil Aslan İsmayılova sərt cavab

05-01-2017

“Aslan İsmayılov xəstə olmayan digər erməni şərikin adını niyə gizlədir?”

[r32]
Vəkil Aslan İsmayılov “BakıPost” saytına müsahibəsində yenidən iş adamı, “Xəmsə” restoranlar şəbəkəsinin sahibi Mürvət Həsənlinin ünvanına sərt ittihamlar səsləndirib.

Qeyd edək ki, A.İsmayılov Türkiyənin “Emre Piliç” şirkətinin vəkilidir və bu şirkətin isə Mürvət Həsənli ilə borc üstündə məhkəmə çəkişməsi var. A.İsmayılov məhkəməni gözləmədən “Facebook” və saytlarda M.Həsənlinin əleyhinə kampaniya aparır, ona qarşı müxtəlif ittihamlar irəli sürür. Qarşı tərəf isə “Emre Piliç” şirkətinin 30 faiz səhminin 2 erməniyə məxsus olduğunu, bu faktı biləndən sonra həmin şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirərək, Aslan İsmayılovu ermənilərin müdafiəsinə qalxmaqda günahlandırır. A.İsmayılovun iş adamına qarşı mövzudan kənara çıxan ittihamları isə artıq məhkəmə perspektivinə yol açıb. M.Həsənli, onu Çovdarovla əlaqələrdə ittiham edən Aslan İsmayılovu məhkəməyə verib.

“O ermənini müdafiə etməyə hazıram”
“Baki Post” saytına müsahibəsində A.İsmayılov yenidən iş adamını hədəfə götürüb. Üstəlik bildirib ki, sözügedən şirkətdəki ermənilərin müdafiəsini həyata keçirməyə hazırdır. Sitat: “Vətənşüvənlik mənlik deyil. Bu gün Azərbaycanda yaşayıb ölkəmi sevən, qanunlarına hörmət edən ermənini də müdafiə edərəm. Və bununla da dünyaya göstərərəm ki, mən gerizəkalı deyiləm, insanı dininə, dilinə, irqinə görə yox, haqqına görə müdafiə edirəm. Mən açıq deyirəm: O aparata qoşulan erməni dirilib bura gəlsə və iddia qaldırsa, onu məmnuniyyətlə müdafiə edərəm”.

Vəkil daha sonra bildirib ki, erməni məsələsi M.Həsənli tərəfindən qəsdən şişirdilir. “Adıçəkilən şirkətin ermənilərə məxsus olması isə daha maraqlı söhbətdir. Bunu Mürvət Həsənov heç vaxt bilə bilməzdi. Məhz kirvə olduqlarına görə Ömür Oral özü Mürvətə demişdi ki, şirkətdə ermənilərə məxsus 15 faiz pay olub, həmin payı faktiki olaraq ermənidən alsalar da, rəsmiləşdirə bilmirlər. Mürvət Həsənov hamıdan yaxşı bilir ki, pay sahibi Raffi Bozaçıyan 3 ilə yaxındır ki, İstanbulun “Amerikan” xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan, nə də vərəsələri rəsmiləşdirə bilmir”.

“Şirkətin 15 yox, 30 faizi ermənilərindir”

Mürvət Həsənli isə “Azinforum” saytına açıqlamasında Aslan İsmayılovun tamamilə yalan danışdığını deyib: “Aslan İsmayılov yenidən öz ampluasındadır. Artıq yalan danışmağı özü üçün peşəyə çevirən bu adam KİV-lər vasitəsilə bütün Azərbaycan xalqına yalan sırıyır. Sözügedən türk şirkətinin 15-yox, 30 faizi erməni əsilli iş adamlarına məxsusdur. Tutaq ki, onlardan biri xəstədir, bəs Aslan İsmayılov xəstə olmayan digər erməni şərikin adını niyə gizlədir? İnanmıram ki, bunu utandığından edir. Utansaydı müsahibədə deməzdi ki, məmnuniyyətlə xəstə erməninin hüquqlarını qorumağa hazırdır. Aslan İsmayılov gözünün içinə kimi yalan söyləyir ki, mən şirkətdə ermənilərin payçı olduğunu kiminləsə kirvə olduqdan sonra bilmişəm. Tam səmimi olaraq bildirirəm ki, mən bu barədə ilk məlumatı virtualaz.org və haqqin.az saytlarında dərc edilən araşdırma materialı vasitəsilə 2015-ci ildə əldə etmişəm. Bundan sonra, həmin istiqamətdə müəyyən araşdırma apardım və yazılanların doğruluğu üzə çıxdı. Təbii ki, elə reputasiyaya malik olan şirkətlə gələcəkdə əməkdaşlıq etməyim mümkünsüz idi. Bu səbəbdən də, əməkdaşlığa son qoydum. Bundan sonra, onlar mənə ödəməli olduqları vəsaiti verməkdən imtina etdilər. Mən vətənpərvər insanam. İstəmərəm ki, ermənilər bizim vasitəmizlə buradan pul qazansınlar”.

“Çovdarovla Aslan həmyerli olduqları üçün…”

İş adamı hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla əlaqəsinin olması və onun vasitəsilə 3 nəfəri tutdurması ilə bağlı Aslan İsmayılovun səsləndirdiyi iddialara da aydınlıq gətirib. Xatırladaq ki, Aslan İsmayılov bu barədə bildirib: “Mürvət-Çovdarov işbirliyindən 3 nəfər zərərçəkmiş şəxsi tanıyıram. Bu 3 nəfər indi üzə çıxmaq istəmir, çünki qorxurlar. Əgər maraqlıdırsa qoy xüsusi xidmət orqanları araşdırsınlar. Görsünlər Çovdarovun bağında qonaqlara kimlər xidmət edirmiş. Araşdırsalar görərlər ki, “Xəmsə”nin əməkdaşları olublar. Çovdarovun oğlunun toyu harada olub? “Xəmsə”də! İki nəvəsinin ad günü harada olub? “Xəmsə”də. Mürvətdə olan xüsusi səsyazma, çəkmə cihazları haradandır? Keçmiş MTN-dən. Bu “Xəmsə”yə hörmət hardandı?”

Mürvət Həsənlinin bu iddiaya cavabı belə olub: “Akif Çovdarovla bağlı istintaq aparılıb. Hər halda belə bir bağlantım olsaydı, məni də məsuliyyətə cəlb edərdilər. Ən azı çağırıb ifadəmi alardılar. Belə bir şey olmayıb. Mən iş adamıyam, kimisə tutdurmaq mənim peşəmə aid olan məsələ deyil. Görünən budur ki, belə işləri Aslan İsmayılov gözəl bacarır. Hər halda, belə bir əlaqəm olsaydı bu illər ərzində Çovdarovla bircə dəfə də olsun telefon danışığımla bağlı məlumat ortaya çıxardı. Deyilən şəkildə əlaqənin olduğunu və ya kimlərinsə mənim əlimlə tutulduğunu Aslan İsmayılov sübut edə bilsə, mən bütün Azərbaycan xalqından üzr istəyəcəm, edə bilməyəni isə başqasına şər atan, şərəf və ləyaqətini itirən adam kimi qəbul edəcəm. O, bu böhtanları çox yerdə səsləndirib. Mən onu məhkəməyə vermişəm. Ona sübut edəcəm ki, bir hüquqşünasın dəlillərə söykənmədən danışması hansı hüquqi məsuliyyət yaradır. Aslan İsmayılova mənim onu məhkəməyə verməyimlə bağlı sual verirlər. Görün, nə cavab verir? Deyir ki, cəhənnəmə versin. Bu, bir hüquqşünasın vətəndaşın konstitusion hüququndan istifadə edərək, dövlətin vacib atributuna müraciət etmək hüququna verdiyi reaksiya və qiymətdir. Belə adama hüquqşünas demək olarmı? Aslan İsmayılov danışdıqca özünü ifşa edir. Sonra deyir ki, Akif Çovdarovun yaxınlarının toyları mənim restoranımda olub. Bilirsiniz ki, “Xəmsə” çox tanınmış restorandı. Bir neçə zalı var. Orda elə olur ki, bir gündə 4 toy olur. Biz müştərilərimizə fərq qoymuruq. Qiymətlə razılaşırıqsa, gəlib toylarını edirlər. Ola bilsin ki, Çovdarovun və ya başqa nazirin də övladının toyu bizim restoranda olub. Bu, nəyi sübut edir? Tamamilə absurd bir yanaşmadır. Onda mən də tam əsaslı şəkildə iddia edə bilərəm ki, Çovdarovla Aslan həmyerli olduqları üçün daha yaxın münasibətə malik olublar. Belə əlaqələrinin olmasını özü də etiraf edir. Mənim isə Çovdarovla bir dəfə də olsun kontaktım olmayıb”.

“Kişidirsə, dediklərini sübut etsin!”

Aslan İsmayılov həmçinin bildirib ki, Mürvət Həsənov Çovdarovun tapşırığı ilə MTN-ə məxsus olan aparatlarla müəyyən adamlarla bağlı gizli çəkilişlər aparıb, sonra həmin məlumatları generala ötürüb.

Mürvət Həsənli bildirdi ki, bu şər-böhtandı və onun həyat tərzinə xas olmayan davranışdı: “Aslan İsmayılov kişidirsə dediklərini sübut etsin! Həmin 3 nəfəri ortaya çıxarsın. Dediyini sübut edə bilməyən adama mən hər şeyini itirən adam kimi baxıram. Aslan İsmayılov belə üsullardan daha çox istifadə edir. Öz “Feysbuq” səhifəsi vasitəsilə insanları hədəfə alır, saxta profillərlə söydürür və bu metodan məqsədinə çatmaq üçün təzyiq üsulu kimi yararlanır. Mən 400-500 adamı işlə təmin edən, dövlət büdcəsinə külli miqdarda vergi ödəyən sahibkaram. Hazırda Aslan İsmayılovun şantaj maşını ilə üz-üzə qalmışam. Ola bilər ki, bu adamın işi bundan ibarət olsun və belə üsulla mübarizədən zövq alsın. Amma mənim belə intriqalara nə vaxtım nə də həvəsim var. Lakin bu, heç də o anlama gəlmir ki, Aslanın böhtanlarını cavabsız qoyacam. Tezliklə hüquqi müstəvidə bu məsələyə aydınlıq gətiriləcək”.

Mürvət Həsənli Aslan İsmayılovun həyatı boyunca ermənilərlə bağlı nümayiş etdirdiyi mövqeyinə də toxundu:
“Bu adam ömrü boyu Sumqayıt hadisələrindəki “qəhrəmanlığından” bəhs edib. İnsanların çoxu da inanıb. Araşdırdıqda məlum oldu ki, Aslan İsmayılov Sumqayıt hadisələri zamanı həbs edilənlərin məhkəməsində prokuror olub və həmin adamlara ən ağır cəzanı, hətta birinə gülələnmə istəyib. Bunun səbəbini belə izah edir ki, həmin adam erməni qadınına qarşı xüsusi vəhşilik edib. Mən əslən Qərbi Azərbaycanlıyam. Aslan İsmayılov bilməsə də, mən bilirəm ki, tarix boyu ermənilər bizim millətin başına hansı zülmləri açıblar. Zori Balayan kimi “ziyalıların” tərbiyyəsi əsasında bəslənən erməni millətçiləri qız–gəlinlərimizin kürəyinə yanan samovar bağlayıblar. Hamilə qadınlarımızın qarnından körpəni çıxarıb məhv ediblər. Aslan İsmayılovdan soruşmaq istəyirəm: həmin vəhşiliklərə erməni prokurorları hansı cəzanı istəyib? Buna görə də, Aslana danışmamağı məsləhət görürəm. Danışdıqca özünü çox rəzil duruma salır”.

Azadlıq.az

“Kişidirsə, dediklərini sübut etsin” – İş adamından vəkil Aslan İsmayılova sərt cavab