İçeriğe geçmek için "Enter"a basın

Bloqqer Mehman Hüseynov tapıldı

10-01-2017


[r32]
Dünəndən itkin düşən Mehman Hüseynov tapılıb.

Azadlıq.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
«Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Ondan guya bir nəfər şikayət edib. Həmin adam deyib ki, «Torqovı»da işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda onu söyüb. Sonra polis çağırıblar».

Bunu jurnalistlərə vəkil Elçin Sadıqov deyib. O bildirib ki, hələ Mehman Hüseynovla görüşə bilməyib: «Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı».

Jurnalist Xədicə İsmayılın sosial şəbəkədə yaydığı məlumata görə, Mehman Hüseynova 535.1 maddəsi (polisə müqavimət) ilə cinayət işi açılıb, birazdan məhkəməsi başlayacaq.

“Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham edilir. O hazırda Nəsimi rayon məhkəməsindədir. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində qərar veriləcək.”

O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsinə aparılır.
Bu maddə(535.1) üzrə ittiham olunan şəxsin təqsiri sübuta yetirilərsə, onu 200 manat cərimə və ya 1 ayadək inzibati həbs cəzası gözləyir.

***

Gənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxıb.

Bu haqda bloggerin dostları məlumat yayıb:

“Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır”.

Mehman Hüseynovun yoxa çıxması sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Onun harada olduğu haqda heç bir məlumat yoxdur.

Xatırladaq ki, Mehman Hüseynov bir neçə gün bundan əvvəl təqib olunduğu haqda məlumat yaymışdı.
Azadlıq.az

Bloqqer Mehman Hüseynov tapıldı