İçeriğe geçmek için "Enter"a basın

BMT-nin qoruduğu, buynuzu tökülen, İran lanları – ARAZIN O TAYINDAN

14-04-2015


14.04.2015 / 10:32 xeber –

"Bura heç kəsi buraxmırlar, siz xüsusi qonaqlarsınız deyə içəri keçdiniz". Bunu İranın Mazandaran vilayətində səfərdə olduğumuz müddətdə bizə – bir qrup azərbaycanlı jurnalistə cavabdeh olan şəxs deyir. Qorunan yer isə nə nazirlik binasıdır, nə hərbi hissə. Ancaq elə hərbi hissə kimi qorunur.

 

İranın ən qapalı qoruğundayıq. Daşte – naz İran lanı (Marallar fəsiləsindən cins) artırma qoruğunda.

Bu vilayətdə yaz Azərbaycana nisbətən tez gəlib. Hər tərəf yaşıllıqdır. Lənkəran-Astara bölgəsinə çox bənzəyir buralar. Burda olduğumuz müddətdə hər gün yağış yağır. Qoruğa gələndə də yağış yağırdı. Buna görə traktorun arxasına qoşqu qoşdular, hamımız ona mindik. Qoruq rəhbərliyi ancaq bu yolla qoruğa gedə biləcəyimizi bildirdi.

Qoruqda adı “Qırmızı kitab”a düşmüş İran lanı qorunur, nəsli artırılaraq başqa qoruqlara aparılır.

Parkın rəhbəri Behnam Hadinejad bildirdi ki, 1956-cı ildə BMT ətraf mühitin mühafizə əməkdaşları bu heyvan növünün tamamilə məhv olduğunu öyrənib. Nəticədə lan “Qırmızı kitab”a salınıb .

1959-cu ildə BMT əməkdaşları və alman mütəxəssisləri xoş təsadüf nəticəsində İranın Xuzestan əyalətinin Kərxə bölgəsindən  6 ədəd lan tapır. Onlardan 4-ü bu əraziyə gətirilir və 2-si isə nəsil artırma məqsədi ilə Almaniyaya aparılır. Lanların daha yaxşı qorunması məqsədilə 1963-cü ildə Mazandaranda Dəşte-naz milli parkı yaradılır.

Bu növ lanlar vəhşi təbiətdə deyil, qoruqlarda saxlanılır.  Çünki bunların nəzarətsiz yaşaması nəslinin kəsilməsi təhlükəsini yaradır. 

O dövrdən indiyədək İranda qalan 4 lan assimilyasiya (söz yanlış ola bilər) yolu ilə artırılaraq 450-ə çatdırılıb. İranın digər bölgələrində yerləşən milli parklara da bu mərkəzdən aparılır. Hazırda bu parkda 40 yaxın İran lanı qorunur.

Biz bağda olarkən nadir hadisənin şahidi olduq. İki boğaz lanın balası dünyaya gəldi. Bu prosesi lentə almaq istəsək də, qoruq rəhbərliyi razı olmadı. Elə hadisələr var ki, ona "xüsusi qonaqlar"  da mane olmamalıdır.

Qeyd edim ki, İran lanı əsasən Mazandaran əyalətinin Daşte – naz qoruğunda , Urmiya gölünün Kəbudan və Əşq adalarında, Fars əyalətində Pərişan qoruğunda mövcuddur. Bundan başqa İranın və dünyanın bir çox Bioloji Araşdırma mərkəzlərində bu növ heyvan saxlanılır.

Erkək lanlar həcminə və buynuzlarına görə, dişi lanlardan seçilir.   Erkək lanların enli və uzun buynuzları olur. Dişilərin buynuzu isə nisbətən kiçikdir. Lanlar ildə bir dəfə, əsasən qış fəslində buynuzunu tökür və yenisi ilə əvəzləyir. İran lanı Avropa lanı ilə eyni tayfadan olsa da, bir az böyüklüyü ilə fərqlənir. 

Mənbə : Lent.az

BMT-nin qoruduğu, buynuzu tökülen, İran lanları – ARAZIN O TAYINDAN