İçeriğe geçmek için "Enter"a basın

Yol polisinə qazanc gətirən yol nişanını dəyişdilər (FOTO)

18-01-2015


18.01.2015 15:30 xeber –

Bir neçə gün əvvəl Bakıda yol nişanlarının düzgün quraşdırılmaması ucbatından sürücülərin əziyyət çəkməsi barədə qaldırdığımız məsələ həllini tapıb. Artıq Sulutəpə qəsəbəsi ərazisində yalnış tətbiq olunan yol nişanı dəyihdirilib.

ANS PRESS-in məlumatına görə, avtosfer.az-ın daimi oxucusu Orxan Rəsulov Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yol polislərinin qurduğu «tələ»ni ifşa etmişdi. Onun göndərdiyi fotolar maraq doğurdu və biz də məsələni aydınlaşdırmaq qərarına gəldik. Orxan Rəsulov yazırdı ki, yol polisləri bu ərazidə haqsızlıq edirlər: «Burada Xocasən tərəfdən gəlib dördyol adlanan dairəyə daxil olmadan sağa (yuxarı) hərəkət edən nəqliyyat vasitələri üçün “Stop” işarəsi qoyulub. Hansı ki, mənasızdır və digər nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneçilik yaratmır. Şəkillərdən gördüyünüz kimi, hər iki tərəfdə nəqliyyat vasitələrinin rahat qaydada hərəkəti davam etdirməsi üçün kifayət qədər enli yol var. Agır tonnajlı maşınları nəzərə alsaq ki, üzüyuxarı mütləq “Stop” işarəsinin tələbinə uyğun hərəkət etməlidirlər, onda, bu çox mənasız və acınacaqlıdı. Fotolardan da görünür ki, yol polisləri nişandan bir neçə metr sonra dayanıb sürücüləri cərimələyirlər. Özü də, burada hər gün ən azı 4-5 yol polisi əməkdaşı plan doldurur. Çünki əhəmiyyətsiz olması bir yana, bəzən həmin nişan orada tam görünmür, yük maşınları qarşısını kəsir. Heç nədən sürücülər cərimələnir”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da bu məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, həqiqətən də, həmin yerdə 2.5 «Dayanmadan keçmək qadağandır» nişanı düzgün tətbiq edilməyib: «Hazırda ölkəmizdə qüvvədə olan QOST23457-86-nın tələbinə əsasən, 2.5 nişanı yolayrıcı qarşısında o halda tətbiq edilir ki, yolayrıcına daxil olmaq istəyən sürücü kəsişən yolları və bu yollarla yaxınlaşan nəqliyyat vasitələrini lazımi məsafədə görə bilməsin. Yəni o, məsələn tikililərin, hündür ağacların arasında olan nisbətən qapalı sahədən çıxsın və yolayrıcına bilavasitə çatana qədər kəsişən yolda yaxınlaşan nəqliyyat vasitələrinin olub-olmadığını görməsin. Ümumi tələbə əsasən, əgər sürücü yolayrıcına bilavasitə çatana qədər çıxdığı yolun 50 metrdən az məsafədə olan hissəsini görürsə, bu halda 2.5 nişanı tətbiq olunur. Amma çıxdığı yol daha böyük məsafədə aydın görünürsə, onda 2.5 yox, 2.4 «Yol verin» nişanı qoyulur. Sulutəpədə həmin məşhur yerdə göstərilən istiqamətdən yolayrıcına çıxan sürücü kəsişən yolu hətta bir neçə yüz metr məsafədən aydınca görür. Ona görə də, 2.5 nişanı orada qoyula bilməz və həmin nişan 2.4 nişanı ilə əvəzlənməlidir”.

Sözügedən ərazidən əvvəlki və yeni fotoları təqdim edirik:







Mənbə : Anspress.com

Yol polisinə qazanc gətirən yol nişanını dəyişdilər (FOTO)