İçeriğe geçmek için "Enter"a basın

Bakının bütün rayonlarında binaların üzlükleri sökülür

20-05-2015


20.05.2015 / 16:33 xeber –

Bakıda hündürmərtəbəli binalardan yanğına həssas olan üzlüklər sökülür. APA TV-nin xəbərinə görə, dünən gecədən bir çox binaların üzlüklərinin sökülməsinə başlanıb.

 

“Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən binaların bir çoxu bu üzlüklərlə örtülüb. Dünəndən etibarən həmin üzlüklərin sökülməsinə başlanıb”.

 

“Bura Xətai rayonudur. Xatırlayırsınızsa, ötən ay bu binada dəhşətli yanğın baş vermişdi. Yanğına binanın üzərinə çəkilən üzlüyün səbəb olduğu deyilirdi. Xətai rayonu ərazisində 15 belə bina var ki, onların da üzlükləri sökülür”.

 

Tikinti şirkətinin şöbə rəisi Elçin Abdullayev çalışdığı şirkətin Xətai rayonu ərazisində 5 binaya üzlük vurmağa başladığını deyib: “Bizim şirkət Xətai rayonu ərazisində 5 binanın təmirinə başlamışdı. Ancaq cənab prezidentin sərəncamı ilə onları sökürük. Sökülmə işləri gedir. Tez bir zamanda sökülüb qurtaracaq".

 

“Bakının Binəqədi rayonunda da bir çox binaların üzü yanğına həssas örtüklərlə örtülüb. Rayonun əksər binalarının üzərinə çəkilən bu örtüklərin sökülüb-sökülməyəcəyinə isə yaxın günlərdə qərar veriləcək”.

 

Sumqayıt şəhərində poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsinə başlanıb. Bununla bağlı dünən Sumqayıt Şəhər İcra Hakimiyyətində iclas keçirilib və qərar qəbul edilib. Elə dünən həmin binalara baxış keçirilib və bu gündən söküntü işlərinə başlanıb.

 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib və bu müddətdə ekspertiza aparılacaq. Onun sözlərinə görə, Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var. Həmin binalar Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Yasamal, Səbail rayonlarında yerləşir.

Mənbə : Lent.az

Bakının bütün rayonlarında binaların üzlükleri sökülür