İçeriğe geçmek için "Enter"a basın

“Uşaqlar qorxudan çarpayıların altına girmişdiler” – Yanğınsöndüren

20-05-2015


20.05.2015 / 18:06 xeber –

Bakıda 16 mərtəbəli binada 15 nəfərin ölümü və 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın zamanı binadan sakinləri təxliyə edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da ciddi xəsarət alıblar. Onlardan biri FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin Yanğınsöndürmə qərargahının rəis müavini, polkovnik-leytenant Xudat Nəbiyevdir.

 

Qolundan yaralanmasını adi iş xəsarəti adlandıran həmsöhbətimiz deyir ki, hadisə yerinə çatarkən ilk düşündükləri insanları binadan necə sağ-salamat təxliyə etmək olub. Ərazinin qiymətləndirilməsi zamanı məlum olub ki, binada çoxlu sakin qalıb. Dərhal bütün qüvvə və vasitələr yanğının söndürülməsinə və eyni zamanda insanların xilas edilməsinə cəlb olunub. Yanğınsöndürənlər fərdi tənəffüs vasitələrindən istifadə edərək mənzillərə daxil olublar.

 

"Balaca uşaqları çıxarmaq bir qədər çətin idi. Çünki onlar qorxudan stolların və çarpayıların altına girmişdilər. Onları tapmaq və başa salıb mənzildən çıxarmaq vaxt tələb edirdi. Böyüklərə deyəndə qapını aç, açırdı. Pəncərəyə yaxınlaşıb özləri deyirdilər ki, çıxarın bizi". 

 

25 ildən artıqdır Dövlət Yanğından Mühafizə İdarəsində çalışan Xudat Nəbiyev deyir ki, binadan insanları təxliyə edən zaman FHN əməkdaşları çətin anlar yaşayıb. Bir tərəfdən güclü alov və qatı tüstü, digər tərəfdən insanların təşviş içində olması təxliyə prosesini bir qədər yubadıb.

 

"Binanın şüşələri sınaraq aşağı mərtəbələrə tökülürdü. Bu isə bizim əməkdaşların orada işləməsinə ciddi çətinlik yaradırdı".

 

Növbəti qopan şüşələr onun üzərinə tökülüb və nəticədə polkovnik-leytenant ağır bədən xəsarətləri alıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan Xudat Nəbiyevə burada ilkin tibbi yardım göstərilib. Polkovnik-leytenant xəsarət almasına baxmayaraq yenidən yanğın baş verən əraziyə qayıdıb.

 

Xudat Nəbiyev ötən ay Nobel prospektində yerləşən binada baş verən yanğında da xilasetmə işində iştirak edib. Deyir ki, hər iki yanğının alışma dərəcəsi eyni olsa da, birinci yanğından insanları daha rahat xilas etmək mümkün olub. Səbəb isə…..

 

"Hər iki yanğının alışma dərəcəsi eynidir. Lakin Nobel prospektində olan yanğında binanın üz örtüyü yalnız qarşı tərəfdən vurulduğuna görə yanğın bütün binanı əhatə etməmişdi. Bu binada isə üzlük binaya 4 bir tərəfdən vurulub. Elə yanğın da bütün binanı əhatə edirdi. Bir fərq də vardı ki, bu binada iki blok vardı, əhali aşağı mərtəbələrə tüstü dolduğuna görə binadan çıxa bilmirdi. Digər bina isə yataqxana olduğundan, orada giriş bir idi və insanlar daha rahat çıxa bildilər".

   

Hazırda səhhətinin normal olduğunu deyən polkovnik-leytenantın qoluna yeddi tikiş vurulub. Onun sözlərinə görə, ara-sıra qolunda ağrılar olsa da, bu ağrılar yanğın zamanı orada həlak olan insanların acısından milyon dəfə azdır.

 

Mənbə : Lent.az

“Uşaqlar qorxudan çarpayıların altına girmişdiler” – Yanğınsöndüren