İçeriğe geçmek için "Enter"a basın

Yanan binanın sakinleri buraya köçürülüb – BİLGƏHDƏKİ PANSİONATDAN REPORTAJ

20-05-2015


20.05.2015 / 18:47 xeber –

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında yanan binanın sakinləri üçün ayrılmış otaq və kotteclərdəki şəraitlə tanış olub.

 

Zərərçəkənlərin bir hissəsinin müvəqqəti məskunlaşacağı pansionatda  bütün müvafiq hazırlıqlar görülüb.

 

Səlim Müslümov APA TV-yə müsahibəsində yanğınla əlaqədar yaradılmış dövlət komissiyasının prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında verilən tapşırıqlardan danışıb:

 

"Azərbaycan prezidenti iclasda çox ciddi tapşırıqlar verib. Müvafiq orqanlara araşdırma aparılması və səbəblərin  müəyyənləşdirilməsi, eyni zamanda sərt cəza tədbirlərinin tətbiq olunması barədə tapşırıqlar verib. Müvafiq nazirliklərə, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb".

 

Nazir bu tədbirlər sırasına zərərçəkmişlərin sosial müdafiəsinin təmin olunması işlərinin də aid olduğunu vurğulayıb:

 

“Həmin hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə yardımların verilməsi, Komissiya tərəfindən bu yardımların məbləğlərinin müəyyən olunması, o cümlədən xəsarət almış şəxslərə yardımların verilməsi, onların müalicəsinin təmin olunması, həlak olmuş şəxslərin dəfn mərasiminin dövlət hesabına həyata keçirilməsi və s. müvafiq tapşırıqlar verildi”.

 

Səlim Müslümov bildirib ki, dövlət başçısı tərəfindən yanğın baş vermiş binanın xilas olunan sakinlərinin təcili surətdə yerləşdirilməsi tapşırılıb:

 

"Bununla əlaqədar bir sıra yerlər müəyyən olunub. Həmçinin nazirliyin Bilgəh qəsəbəsindəki pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb. Eyni zamanda kirayədə qalmaq istəyən ailələrə müvafiq maliyyə vəsaiti ödəniləcək. Onların çoxu yaxın ərazilərdə mənzil kirayə etməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib".

 

Nazir qeyd edib ki, bununla yanaşı, zərərçəkmiş insanlara kirayə yaşamaları üçün maliyyə vəsaitinin ödənilməsi də təklif olunub.

 

"Bina sakinlərinin əksəriyyəti yaxın ərazilərdə kirayə yaşamağa üstünlük verib. Onlara bunun üçün artıq müvafiq maliyyə vəsaiti ödənilib. Bilgəhdə pansionat da artıq onları qəbul etməyə hazırdır. Düşünürəm ki, biz hər zaman belə hadisələrə hazır olmalıyıq. Hökumət və onun ayrı-ayrı qolları bu prosesdə çox koordinasiyalı formada fəaliyyət göstərdi və təcili tədbirlər görüldü ki, bu, hələ də davam edir.  Prezident İlham Əliyev yaradılan komissiyaya nəticələrlə bağlı müəyyən vaxt verib və tezliklə ölkə başçısına yenidən görülən işlərlə bağlı məlumat veriləcək".

 

Daha sonra nazir müharibə və əmək əlilləri üçün pansionatda yaradılmış şəraitlə tanış olub.

 

Pansionatın direktoru Qətibə Əsədova APA TV-yə müsahibəsində burada məskunlaşdırılacaq ailələr üçün hər cür şərait yaradıldığını açıqlayıb.

 

"Əsaslı təmirdən çıxmış otaqları artıq hazırlamışıq. Yetərincə yer hazırlamışıq. Biz zərərçəkmiş soydaşlarımıza səbir diləyirik, onları burda qəbul etməyə və dəstək verməyə hazırıq".

 

Qeyd edək ki, baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri hadisənin səbəbləri və görülən işlərlə bağlı yaxın günlərdə yenidən məlumat verəcəklər.

 

Mənbə : Lent.az

Yanan binanın sakinleri buraya köçürülüb – BİLGƏHDƏKİ PANSİONATDAN REPORTAJ