İçeriğe geçmek için "Enter"a basın

“Bizim iddialarımız haqlıdır” – Millet vekilleri Riqa Sammiti haqda

20-05-2015


20.05.2015 / 19:08 xeber –

 

Prezident İlham Əliyev Azərbaycana qarşı aparılan kampaniyaya etiraz olaraq Riqa sammitində iştirakdan imtina edib. Lent.az-ın məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir müddət öncə bununla bağlı Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Malena Marda xəbərdarlıq edibmiş.

 

Prezident İlham Əliyevin Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır. Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı “qara piar” kampaniyasının genişləndirilməsi haqlı hiddət doğurur.

 

Millət vəkili Zahid Oruc Lent.az-a açıqlamasında deyib ki, ölkə başçısının bu addımının Avropa Birliyinin “etibarsız tərəfdaş” elan olunması anlamına gəlir: “Biz xeyli vaxtdır görürük ki, müəyyən qüvvələr bəzi qüvvələri ölkə üzərinə yönəltmək, bu yolla bizim qərarlarımızın qarşısını təzyiq yolu ilə almaq istəməkdədir. O biri yandan isə etibar mühiti, normal siyasi danışıq dili, hansısa hüquqi sənədlər, üstün şərtlərin vəd edilməsi və digər vədlərin saxta olduğu üzə çıxır. Məsələ bundadır ki, gerçəkdən də Riqa sammiti əslində bundan əvvəlki Vilnüs zirvə görüşünün kabusu altında keçirilir. Ukraynanın taleyi hamıya bir nümunədir, təəssüf ki, mənfi nümunədir. Belə olan təqdirdə, birliyin Yaxın Şərq Tərəfdaşlıq proqramının iflasa uğradığını deyənlərin daha da çoxaldığı və hər bir ölkənin öz xarici siyasət kursunda xeyli dərəcədə dəyişikliklər etdiyini nəzərə alıb daha həssas bir siyasət sərgiləməkdənsə bu dönəm ərzində Azərbaycana qarşı kampaniya aparıb, sonradan bizim ölkəmizdən mövqe gözləmək, “Azərbaycanın qərarları bizim üçün əhəmiyyətlidir” demək heç bir araya sığmır. Əminəm ki, ölkə rəhbərinin Riqa zirvə görüşünə getməməsi Avropa Birliyinin siyasi kursunda müəyyən dəyişikliyə səbəb olacaq. Onsuz da bizim iddialarımız haqlıdır və təkcə bu kampaniya ilə bağlı deyil, həm də bu dövrdə Ermənistanın Rusiyaya bağlı birliyə tam üzv olduğu halda, bu birlik tərəfindən 77,5 milyon dollar yardım edilməsi də göstərir ki, birlik siyasətində qeyri-ardıcıl və qeyri-səmimidir. Eyni zamanda Azərbaycanı da Rusiya əleyhinə ittifaqa qoşmaq niyyəti güdür. Onsuz da bizim üçün o görüşlərdə iştirak assosiativ sazişin imzalanması ilə nəticələnməyəcəkdi. Hər kəs gözləyirdi ki, ölkə başçısı o görüşlərə qatılacağı təqdirdə birliyin Qarabağla bağlı səhv siyasətini anlatsın. Artıq dəfələrlə görmüşük ki, Qarabağ məsələsinə birmənalı münasibət bəslənilmir. Ona görə də ümid edirəm ki, ölkə başçısının Riqaya getməməsi fonunda yaranmış siyasi böhran Avropa Birliyi-Azərbaycan arasındakı münasibətlər onların yaxşı qonşu olmadığını sübut edir. Təəssüf ki, onlar yaxın qonşu da bilmədilər”.

 

 

Millət vəkili, professor Musa Qasımlı prezidentin Riqaya getməməsini düzgün və cəsarətli addım hesab edir: “Prezidentin bu qərarı Azərbaycanın ictimai rəyini və dövlətin mövqeyini əks etdirir. Azərbaycan xalqı dövlətimizə qarşı aparılan bu yalan, saxta, uydurma qarayaxma kompaniyasından artıq bezib. Hesab edirəm ki, dövlət rəhbərinin ölkəmizə qara yaxanlarla bağlı qərarı düzgün və cəsarətli addımdır. Onlar başa düşməlidirlər ki, Azərbaycana qara yaxmaqla nəyəsə nail ola bilməyəcəklər və ən yaxşı yol əməkdaşlıqdır. Fikrimcə, prezidentin bu qərarı qəti siyasi mövqeni özündə əks etdirir və rəğbətlə qarşılanır”.

 

 

 

Mənbə : Lent.az

“Bizim iddialarımız haqlıdır” – Millet vekilleri Riqa Sammiti haqda