İçeriğe geçmek için "Enter"a basın

Bakıda 263 bina yana biler

20-05-2015


xeber –

Bakıda mayın 19-da yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub.

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında deyib.

Nazir bildirib ki, yanğın barədə nazirliyə dünən saat 10.50-də məlumat daxil olub, əməliyyat saat 16.27-də başa çatıb.

Əməliyyat zamanı 27 nəfər təxliyə olunub, 37 nəfər xilas edilib, 14 cəsəd çıxarılıb: “Təəssüf ki, xəsarət alanlardan biri də gecə xəstəxanada dünyasını dəyişib”.

K. Heydərov ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb: “Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Ölkədə isə bu qəbildən olan 263 bina var. Əgər icazəniz olarsa, biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik”.

K. Heydərov həmçinin bildirib ki, binaların üzləndiyi materialın istehsalı ilə məşğul olan zavoda FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Xidmətin laboratoriyası da rəy verib: “Onların FHN-ə təqdim etdikləri sertifikatlar var.

Doğrudur, müvfiq idarənin onlara verdiyi rəydə bildirilib ki, bu, çətin yanan materialdır. Çünki bizə təqdim olunan nümunələrdə qatqı maddəsi var. Həmçinin həmin məhsul bütün sertifikatlarda göstərilən, Rusiya və Türkiyədən gələn sertifikatlardakı məhsulla eyni tərkibdə olub.

Çox təəssüf sonrakı istehsal zamanı bu məhsulu oda davamlı edən qatqı maddəsi qatılmayıb.

Bu barədə dəfələrlə sifarişçi təşkilatlara, İcra Hakimiyyətlərinə məktublar göndərilib. Konkret ünvanlar göstərilməklə, bu işlərin ekspertizasız və FHN-ə müraciət olunmadan aparılması barədə xəbərdarlıq edilib”.

Mənbə : Anspress.com

Bakıda 263 bina yana biler