İçeriğe geçmek için "Enter"a basın

Onların heç bir günahı yox idi – Şekil

20-05-2015


xeber –

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Mayın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerində olub.

Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verdi.

Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi: “Dünən Binəqədi rayonunun ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.

Həlak olanların ailələrinə, onların yaxınlarına, qohumlarına bir daha başsağlığı verirəm. Təklif edirəm ki, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilsin (hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu).

Allah rəhmət eləsin.

Mənə verilən məlumata görə, hazırda xəstəxanalarda 20-yə yaxın insan var. Onların müalicəsi təmin edilir. Səhiyyə Nazirliyi hər şeyi edir ki, onlar tezliklə sağalıb evə qayıtsınlar.

Qeyd etməliyəm ki, hadisə zamanı bizim bütün dövlət qurumlarımız çox böyük fədakarlıq göstərmişlər. Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq, qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təxliyyə edildi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hadisə ilə bağlı dünən mənim Sərəncamımla Dövlət Komissiyası yaradılmışdır. Bu gün biz Komissiyanın birinci iclasını keçiririk. Komissiyanın birinci iclasına şəxsən mən özüm rəhbərlik edirəm”.

Prezident deyib ki, komissiya bütün məsələləri araşdırıb rəy verməlidir: “İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır. Hüquq mühafizə orqanlarına göstəriş verilmişdir. Onlar bu işlərlə məşğuldurlar. Dünən cinayət işi açılmışdır. Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Hazırda komissiya işləyir. Əsas məsələ ondan ibarətdir ki, zərərçəkmiş insanlara qayğı, diqqət göstərilsin. Onlar indi müvəqqəti olaraq mənzil şəraiti ilə təmin edilirlər. Göstəriş verilmişdir ki, onların müvəqqəti məskunlaşması ilə bağlı bütün müvafiq tədbirlər görülsün. Onlara maddi kömək də göstərilibdir ki, bina təmir olunanadək onlar müvəqqəti olaraq kirayədə qalsınlar. Bu məsələlər öz həllini tapır.

Eyni zamanda, əlbəttə ki, yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Qeyd etdiyim kimi, hüquq mühafizə orqanları artıq işə başlamışlar. Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır”.

Dövlət başçısının sözlərinə görə, bu, birinci hadisə deyil: “Bundan bir qədər əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdir. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdır. Ancaq o məsələ də ciddi araşdırılmalıdır. Onu da qeyd etməliyəm ki, Xətai rayonundakı yaşayış binasında baş vermiş yanğının nəticəsi ilə bağlı araşdırmalar aparılır. Qeyd etməliyəm ki, o binanın təmiri ilə məşğul olan şirkət başqa şirkət idi.

Yəni, bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük məsuliyyətsizlik göstərmişlər. İndi əlbəttə ki, hüquq mühafizə orqanları bu məsələni araşdıracaq. Hələ ki, bir şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz idi və odadavamlı materiallar deyildi. Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır.

Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır.

Dünən artıq müvafiq göstərişlər verilib. Mənə verilən məlumatlar hələ ki, məni qane etmir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir.

Bir daha demək istəyirəm, ilkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan artıq neçə ildir ki, Bakıda istifadə olunur və buna oxşar hadisələr baş verməyib. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə edilən materialların keyfiyyəti yüksək olub. Ancaq sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkar olunub. Əgər bu, belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir və bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir günahı yox idi.

Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları çox fəal və qəhrəmancasına çalışmışlar. Əgər belə olmasa idi, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq, eyni zamanda, insanlar həlak olub və əlbəttə ki, bu, bütün xalqımızı sarsıdıb”.

İlham Əliyev qeyd edib ki, hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət qədər çoxdur: “Bəzi məlumatlara görə, 200-dən çoxdur. Artıq dünəndən, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, buna oxşar materiallarla üzlənmiş bütün binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin və əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük materialları sökülsün və beləliklə, heç bir təhlükə olmasın.

Ancaq qeyd etməliyəm ki, bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. Bir daha demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkarlar kimlərdir və bu hadisəyə görə kimlər məsuliyyət daşıyacaq.

Bir daha qeyd etmək istəyirəm ki, hazırda birinci dərəcəli məsələ yanğına məruz qalmış evin sakinlərinin yerləşdirilməsidir. Onlara dövlət tərəfindən maddi yardım göstəriləcək. Dünən imzaladığım Sərəncamda bu da nəzərdə tutulur. Nazirlər Kabinetinə göstəriş verilmişdir ki, onlara göstəriləcək maddi dəstəyin həcmi qısa müddət ərzində müəyyən edilsin.

Eyni zamanda, yanğına məruz qalmış bina dövlət hesabına tezliklə təmir edilməlidir. Bütün mənzillər dövlət hesabına təmir olunmalıdır. İnsanlara lazımi əşyalar veriləcək, mebel alınacaq. Yəni, bütün bunları dövlət öz üzərinə götürür. Bu, bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısının təzahürüdür”.

Prezident deyib ki, bina tezliklə təmir olunmalıdır: “Çünki insanlar binaya qayıtmalıdırlar. Əlbəttə ki, binanın yanğından sonra dayanıqlılığı müəyyən edilməlidir və bütün bu işlər maksimum qısa müddət ərzində görülməlidir.

Bir daha qeyd etməliyəm ki, bu, birinci hal deyil. Əslində birinci yanğın baş verəndən sonra bu tədbirlər görülməli idi. Mən müvafiq göstərişlər vermişdim. Çünki Xətai rayonundakı birinci bina da çox qısa bir müddət ərzində alovlanıb yanmışdı. Bu dəfə də oxşar hadisə baş vermişdir. Baxmayaraq ki, xilasedicilər, yanğınsöndürən maşınlar, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə gəlmişlər, görüntülər var, ancaq bina çox qısa müddət ərzində yanmışdır.

Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir”.

Mənbə : Anspress.com

Onların heç bir günahı yox idi – Şekil