İçeriğe geçmek için "Enter"a basın

Yaponlar Azərbaycanda tərəvəz brendlərinin yaradılmasına kömək edəcək

31-01-2018

[r32]

31 Yanvar, 2018  15:52 xeber – Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Kioto şəhər kənd təsərrüfatı kooperativlərinin prezidenti Yasuhiro Nakaqava ilə görüşüb. 
Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqla bağlı müzakirələrin aparılması olub. H.Əsədov Azərbaycanla Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu, rəsmi Tokionun Azərbaycanda bir sıra layihələr həyata keçirdiyini, həmçinin Yaponiyanın 2 KR Proqramı çərçivəsində ayırdığı qrantlar hesabına yeni texnika və texnoloji avadanlıqların alındığını, fermer və sahibkarların bundan bəhrələndiyini diqqətə çatdırıb. Nazir Azərbaycanda kooperativlərin yaradılmasının ən vacib sahələrdən biri olduğunu, bu sahədə artıq hüquqi bazanın yaradıldığını, bu istiqamətdə irəliləyişlərin əldə olunması üçün Yaponiya təcrübəsinin tətbiq olunmasını məqsədəuyğun hesab edib.
Y.Nakaqava rəhbərlik etdiyi şəhərin Yaponiyada tərəvəz istehsalı, qablaşdırılması və satışı üzrə ixtisaslaşdığını diqqətə çatdırıb, həmçinin Yaponiyada kooperativlərin yaranma tarixi, inkişaf istiqamətləri, formalaşması, maliyyə mənbələri barədə məlumat verib. O, bu sahədə əsas 3 amilin – bank sistemi, sığorta, eləcə də yeni texnologiya və avadanlıqlarının alınması və tətbiq olunması-vacibliyini diqqətə çatdırıb. O, yüksək keyfiyyətli brend tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması və dünya bazarına çıxarılması texnologiyasının Azərbaycanda tətbiqinə dəstək veriləcəyini bildirib.
H.Əsədov bu sahədə Yaponiya təcrübəsinin öyrənilməsini, keyfiyyətli tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması məqsədilə Azərbaycanda yapon investorları üçün əlverişli investisiya mühitinin olduğunu, bu sahədə pilot təsərrüfatların da yaradılmasını nəzərə çatdırıb. 
Görüşdə Yaponiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Teruyuki Katori iştirak edib. Səfir bu sahədə əməkdaşlıq üçün səylərini əsirgəməyəcəyini bildirib. 

mənbə :
Report.az

Yaponlar Azerbaycanda terevez brendlerinin yaradilmasina komek edecek