İçeriğe geçmek için "Enter"a basın

Çimərlikdə içki içənlərin DİQQƏTİNƏ

30-06-2018

[r32]
xeber –

İyun ayı olmasına baxmayaraq ölkədə anomal isti hava şəraiti hökm sürür. Təbii ki, bu istilərdən yaxa qurtarmağın bir yolu da çimərliklərdir. Elə buna görə də həftə sonunu fürsət bilib əksər insanlar çimərliyə üz tutur. Etiraf edək ki, çimərliyə gedən kişilərin sayı nisbətən daha çoxdur. Adətən kişilər dost-tanışları ilə birgə yığılıb səhərdən axşama kimi dənizdə əyləncəli vaxt keçirirlər. Əlbəttə, belə bir ortamda süfrədən spirtli içkilər əskik olmur. Halbuki günəşin altında spirtli içkinin içilməsi səhhətə daha ciddi zərər vurur.

Mövzu ilə bağlı Lent.az-a danışan terapevt İbrahim Əfəndiyev ilk növbədə bildirdi ki, ümumiyyətlə, spirtli içkinin orqanizmə heç bir xeyri yoxdur: “Bəzən deyirlər, bir az spirtli içki içmək orqanizmə xeyirdir, amma bu, qətiyyən belə deyil. Spirt tərkibli içkilər həzm sisteminin selikli qişasına dağıdıcı təsir göstərir. Xüsusilə mütəmadi istifadə etdikdə həmin içki tam parçalanmadan orqanizmdə ara məhsullarına çevrilir. Parçalanma tam getmədiyinə görə, bu, qan damarlarının daxili qişasının qalınlaşmasına və daralmasına səbəb olur. Təbii ki, hansısa orqana, nahiyəyə arterial qanın, yəni oksigenlə zəngin qanın aparılması azalarsa, həmin orqanın funksiyası da azalar. Ümumiyyətlə, bütün toxumalar diffuz şəkildə zədələnməyə məruz qalır. Nəticədə oksigen çatışmazlığı səbəbindən orqan sıradan çıxır. Xüsusilə qaraciyər, böyrək və digər orqanlar ardıcıllıqla öz funksiyasını dayandırır”.

Terapevtin sözlərinə görə, spirtli içkinin əsas təsirlərindən biri də qan damarlarının sürətlə sorulmasıdır: “İnsan spirtli içki içdikdə onun təsirini görmək istəyir. Bu zaman beyində müəyyən qədər dayanma prosesi güclənir və insanda şən əhval-ruhiyyə yaranır. Bu hal isə qısa müddətlidir. Beləliklə, beyin toxumasına təsir edərək onu zədələyirlər və artıq içki olmayan hallarda da insan belə bir vəziyyətə düşmək istəyir. Bu isə getdikcə xroniki alkoqolizmə çevrilir”.

 “İsti havalarda qətiyyən içki içmək olmaz”, – deyən İ.Əfəndiyev bildirdi ki, bu, ani ölümlərə də yol aça bilər: “Gün vurma zamanı onsuz da insanda baş gicəllənmə, halsızlıq kimi problemlər yaranır. Spirtli içki qəbul etdikdə vəziyyət daha da ağırlaşır. İlk anda damarlar bir qədər genişlənir və daxildə temperatur aşağı düşür. Daha sonra güclü spazm yaranır və bu səbəblə orqana gələn qanın miqdarı azalır. Xüsusilə də ürəyə qan az gəldiyi üçün başlayır çırpınmağa. Bunun nəticəsində ürək əzələsi həddindən artıq tez yorulur və ani ölümlər baş verir”.

Mütəxəssislər bildirir ki, istidə, günəş altında spirtli içki içməyin aşağıdakı zərərləri də mövcuddur:

 

İnfarkt riskini artırır

 

Günəş altında spirtli içki içmək infarkt riskini artırır. Qan səviyyəsindəki ani dəyişikliklər və həddindən ziyadə yorğunluq nəticəsində istənməyən ürək döyüntülərinin yaranmasına səbəb olur.

 

Susuzluğu artırır

 

Spirtli içkinin təsirlərindən biri də bədəndəki su ehtiyatını qurutmasıdır. Bu da ağız quruluğu və baş ağrısı kimi problemlər yarada bilir.

 

Depressiyanı sürətləndirir

 

Spirtli içki dopamin və serotonin ehtiyatını təhlükə altına salır. Yəni depressiyanın yaranmasına birbaşa səbəbdir.

 

Sürətlə kökəldir

 

Alkoqollu içki tərkibindəki yüksək kalori səbəbiylə kökəlməni sürətləndirir.

 



mənbə :
Lent.az

Cimerlikde icki icenlerin DİQQETİNE