İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Belarus və Qazaxıstandan üstün oldu

30-06-2018

[r32]
2018-06-30T21:31 xeber –
BAKI, 30 iyun — Sputnik. Qəbələ rayonunda keçirilən “Gənc xilasedici” VI Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələdə keçirilən yarışların iyunun 30-da bağlanış mərasimi olub. Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov Qəbələ şəhərində yarışların iştirakçısı olan gənc yanğınsöndürən və xilasedicilərin təliminə baxış keçiriblər. 
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Kəmaləddin Heydərov ilk öncə yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı ilə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.
Sonra komandalar şərti olaraq Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində baş verən yanğının söndürülməsi, köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi əməliyyatını uğurla başa vurublar. Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə iyunun 25-dən 30-dək Qəbələdə keçirilən yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 7-ci dəfədir təşkil olunur. Bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 3 mərhələdə-rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak ediblər. Bu ilki ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları mükafatlar uğrunda mübarizə aparıblar.
Qeyd edilib ki, gənclər 6 gün ərzində “Manelər zolağı”, “Kombinə edilmiş yanğın estafaeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələləri üzrə mübarizə aparıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri Qazaxıstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhər Nizami rayonu, ikinci yerə Quba rayonu, üçüncü yerə isə Qax rayonu komandaları layiq görülüb.
Qonaqlar ilk üç yeri tutan komandaların iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edib. Mərasimdə bildirib ki, bu yarışların hər il keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır. Belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açır.
Sonda istedadlı şagirdlərin və milli rəqs qruplarının birgə konserti olub, şən mahnıların ifası mərasimə xüsusi rəng qatıb.
mənbə :
Sputnik

Azerbaycan Belarus ve Qazaxistandan ustun oldu