İçeriğe geçmek için "Enter"a basın

Bələdiyyə seçkiləri başladı

23-12-2014

623-01109264

 

Bələdiyyə seçimləri üçün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

MSK sədri əlavə edib ki, şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və səsverməyə start verilib.

Saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səs verməsi üçün açıq elan edilib.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Seçimlərlə əlaqədar olaraq bu gün dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Azadliq.az

Bələdiyyə seçkiləri başladı