İçeriğe geçmek için "Enter"a basın

Bələdiyyə seçkiləri nəticələri açıqlandı

24-12-2014

belediyyenetice

 Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında 5015 seçki məntəqəsi üzrə keçirilən seçkilərdə 1607 bələdiyyənin formalaşdığını və 15035 lider namizədin müəyyənləşdiyini açıqlayıb

Azərbaycanda keçirilən sayca dördüncü bələdiyyə seçkiləninin ilkin nəticələri açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pəhanov çərşənbə günü keçirdiyi mətbuat konfransında 118 seçki dairəsindən 5015 seçki məntəqəsinin hamısından protokolların daxil olduğunu bildirib.

Onun sözlərinə görə, ölkə üzrə 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib.

Cəmiyyətdə seçkilərə ciddi maraq olduğunu bildirən komissiya sədri seçici fəallığının 38,9 faiz və ötən dəfəki seçkilərdən 6-7 faiz artıq olduğunu qeyd edob.

Komissiyanın hesablamalarına görə, 1 milyon 876 min 14 nəfər ümumilikdə səsvermədə iştirak edib.

Pənahov seçkilərin baş tutduğunu və MKS-ya hər hansı rəsmi müraciətin daxil olmadığını deyib.

“Müəyyən sosial şəbəkələrdə yayılan kadrlar bizim tərəfimizdən araşdırılacaqdır. Nəticələr elan edildikdən sonra 20 gün ərzində müraciətlər olacaqsa, onlar da araşdıracağıq. Bu il müşahidəçilər və kütləvi informasiya vasitələri ilə bağlı hansısa xoşagəlməz halların baş verməsi demək olar ki, yox səviyyəsindədir”, komissiya sədri qeyd edib.

Yerli medianın məlumatına görə, seçki məntəqələri bağlanandan sonra gecəyarısı MSK sədri keçirdiyi mətbuat konfransında yerli saytlarda yayılmış videolarda qanun pozuntularının göstərilməsi ilə bağlı (Nailə–bura link qoyun dünənki yazını)videonu şərh edərkən deyib ki, hadisəni “dramatikləşdirməyə ehtiyav yoxdur”.

belediyyenetice2

“Bu cür xoşagəlməz hallardan heç kim sığortalanmayıb, bunu qeyri-adi məlumat kimi ictimaiyyətə təqdim etmək düzgün deyil. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasının vəzifəsi odur ki, belə xoşagəlməz halı araşdırsın və seçkinin nəticələrinə necə təsir etməsindən asılı olaraq qərar qəbul etsin. Hesab edirəm ki, biz məntəqə seçki komissiyalarının üzvlərini kifayət qədər təlimatlandırmışıq ki, özlərini aqressiv aparmasınlar”, APA Pənahovdan sitata gətirir.

YAP üzvləri 60%-dən çox səs toplayıb

Seçki məntəqələri bağlanandan sonra hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi, baş nazirinin müavini Əli Əhmədov keçirdiyi mətbuat konfransında bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş partiya üzvlərinin ilkin olaraq 60 faizindən çox səs topladığını açıqlayıb.

“Budəfəki bələdiyyə seçkilərinin daha bir özəlliyi də odur ki, əvvəlki bələdiyyə seçkilərində digər partiyaların iştirakı nadir hal sayılırdısa bu dəfə 8 siyasi partiya iştirak edib”, Əhmədov bildirib.

Onun sözlərinə görə, hakim partiya seçkilərdə qadınların və gənclərin sayının çox olmasına üstünlük verib. Bu da partiyanın təbliğat təşviqat kampaniyasında yüksək formada iştirakından irəli gəlir.

“Bələdiyyələrin tərkibində qadınların sayı 29 faizə qədər, gənclərin sayı isə 24 faizə qədər çoxalıb. Bu ildə də gənclər və qadınların sayının artmasına xüsusi diqqət verdik, namizədləri seçərkən bu məqam nəzərə alındı. Ona görə də bu seçkilərin nəticələrində daha çox qadınların və gənclərin mandat alacağına inanırıq”, baş nazir müavini qeyd edib.

Seçkilərə partiya şəklində qatılmayan, amma gün boyu məntəqələrdə müşahidə aparan üzvlərinin məlumatlarına əsasən Müsavat Partiyası bələdiyyə seçkiləri haqda yekun hesabatla çıxış edib.

Müsavat Partiyası: nəticələr ləğv edilsin

Partiyadan BBC Azərbaycancaya daxil olan hesabatda seçkilərin bir siyasi qüvvənin “hegemonluğu altında, qeyri-demokratik şəraitdə” keçirildiyi bildirilib.

“Azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb, bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, seçki kampaniyası dövründə və seçki günü saysız-hesabsız saxtakarlıqlara və çox saylı qanun pozuntularına yol verilib. Ölkə üzrə bütün şəhər və kənd bələdiyyələrinə seçkilər, namizədlərin qeydə alınması, təbliğat-təşviqat dövrü və seçki günü səsvermə prosesi icra strukturlarının total nəzarəti altında keçirilib”, partiyanın yaydığı hesabatda qeyd olunur

Müşahidəçilərə seçkiləri sərbəst müşahidəsinə “imkan verilmədiyi və məntəqədən zorla çıxarıldığı” iddia olunan yekun hesabatda əksər seçki dairə və məntəqələrində müşahidəçilərin “zorla çıxarıldığı” bildirilib.

Müsavat Partiyası hesabatın sonunda bələdiyyə seçkilənin nəticələrinin ləğv edilməsini və demokratik seçkilərin keçirilməsi üçün tam şəraitin yaradılmasını tələb etdiyi söylənilir.

1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə seçkilərdə 37 min 77 nəfərin namizədliyini irəli sürüb.

MSK-nın məlumatına görə, seçicilərin sayı 4 milyon 819 min 382 nəfərdir. 30 siyasi partiyanın təmsilçilərinin iştirak etdiyi seçkilərdə 13 min 907 nəfərin 8 siyasi partiya tərəfindən, 23 min 61 nəfərin fərdi olaraq, 109 nəfərin isə namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürüldüyü açıqlanıb.

Bir yer uğrunda 2, 5 nəfər namizədin mübarizə apardığı seçkilərdə namizədlərin 18 min 284 nəfəri bitərəfdir.

Seçkiləri müşahidə etmək üçün 50 mindən çox şəxs qeydiyyatdan keçib ki, onların da 26 mini siyasi partiya təmsilçisidir. Seçkiləri onlayn izləmək üçün min məntəqədə veb kameralar quraşdırılıb və bu ümumilikdə seçki məntəqələrinin 20 faizini əhatə edib.

Mənbə: BBC Azərbaycanca

Bələdiyyə seçkiləri nəticələri açıqlandı