İçeriğe geçmek için "Enter"a basın

Rusiyada azərbaycanlı iş adamını öldürənlərə hökm oxunub

29-09-2015


29.09.2015 / 14:22 xeber –

Sentyabrın 26-da Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən azərbaycanlı iş adamının həyatına sui-qəsddə təqsirləndirilən şəxslərə hökm oxunub.

 

APA-nın Rusiya bürosunun məlumatına görə, məhkəmə 2014-cü ilin iyun ayında iş adamı Zülfüqar Əsədovun həyatına sui-qəsddə təqsirləndirilən 4 nəfər barəsində hökm çıxarıb.

 

Qeyd edək ki, 2014-cü ilin iyunun 18-də Zülfüqar Mütəllim oğlu Əsədov öz maşınında sui-qəsdə məruz qalıb.

 

Hüquq-mühafizə orqanları Z. Əsədova sui-qəsdi təşkil edən şəxsləri və icraçını yaxalayıblar. Sui-qəsdin təşkilatçıları Əsədovla uzun müddət düşmən münasibətində olan azərbaycanlı iki qardaş olub. Onlar arasında qan davası olub. Qardaşlar Z. Əsədovu öldürmək üçün killer tutublar. Həmin killerin residivist və əvvəllər məhkum olunmuş azərbaycanlı olduğu bildirilir. Killer tanışının idarə etdiyi "Audi" markalı avtomobildə Z. Əsədovun yaşadığı binanın yaxınlığına gəlib və avtomatdan Əsədova bir neçə dəfə atəş açıb. Nəticədə iş adamı ağır yaralanıb. Lakin həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

 

Bütün bunlara baxmayaraq Əsədovun qətlinin sifarişçiləri öz məqsədlərindən əl çəkməyiblər. Sentyabrın 26-da axşam saat 20:30 radələrində Əsədov öz evinin qarşısında avtomobilini park edərkən maskalı şəxs tərəfindən avtomatdan açılan atəş nəticəsində qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçaraq gizlənib.

 

Məhkəmə 2014-cü ilin iyununda Z. Əsədovun həyatına sui-qəsddə təqsirləndirilən qardaşları müvafiq olaraq 13 və 14 il müddətinə, azərbaycanlı killeri cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il, killerin sürücüsünü isə 12 il müddətinə azadlıqdan məhrum edib.

 

Volqoqradda yaşayan iki azərbaycanlı ailənin üzvləri arasındakı qan davası sonda 4 uşaq atası olan Z. Əsədovun ölümü ilə nəticələnib.

 

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Z. Əsədov əslən Şəmkirin Zəyəm kəndindəndir. O, Volqoqradda meyvə-tərəvəz biznesi ilə məşğul olub. Z. Z. Əsədov sentyabrın 27-də doğulduğu Şəmkir rayonunda dəfn edilib.

mənbə :
lent.az

Rusiyada azerbaycanlı iş adamını öldürenlere hökm oxunub