İçeriğe geçmek için "Enter"a basın

55 yaşlı Mənsum İbrahimov: “Yubileyimi Ağdamda, əsgərlərlə qeyd edəcəyəm”

29-09-2015


29.09.2015 / 19:07 xeber –

“Mehribançılıq, səmimiyyət, dostluq olan yerdə uğur var. Bu, hər sahədə belədir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan professor, xalq artisti, oktyabrın 1-də 55 yaşını qeyd edəcək Mənsum İbrahimov deyib. Xalq artisti sənət ömrünün böyük hissəsini əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla birgə keçirdiyini deyib: “Elçin və Elnurla çox gənc yaşlardan bir yerdəyik. Allahdan istəyim odur ki, onları mənə çox görməsin. Çünki bütün uğurlarımızı birgə qazanmışıq. Tək əldən səs çıxmaz. Həm Opera və Balet Teatrında, həm Milli Konservatoriyada, həm ifaçılıqda, həm səfərlərdə bir yerdəyik. Bu bizə stimul verir. Xasiyyətimiz tutur, mehribançılıq var. Gücümüz çatan qədər birləşib muğamımıza, mədəniyyətimizə xidmət edirik”.

 

Xanəndənin sözlərinə görə, dinləyicinin könlünü qazanmaq, onun zövqünü oxşamaq asan başa gəlmir: “Həm tamaşaçı, həm də dinləyici ifaçıdan pozitiv enerji almaq istəyir. Tələbələrimə də hər zaman deyirəm ki, ifaçı gərgindirsə, tamaşaçı ona baxa bilmir. Çünki gərginlik tamaşaçıya sirayət edir. Ona görə də rahat olmağa çalışmaq lazımdır. Bu zaman tamaşaçı zövq ala bilər. Əhval-ruhiyyə ifanın məzmununa uyğun olmalıdır. Təbii ki, dəsgah oxuyanda gülmürük. Görünüşlə ifa bir-birini tamamlayanda tamaşaçı da razı qalır, ifaçı da. Həm də zövqlər də üst-üstə düşəndə hər iki tərəf razı qalır”.

 

“Hamımız Ağdama gedirik”

 

Mənsum İbrahimov yaxın günlərdə Ağdama səfər edəcəyini də açıqlayıb və bildirib ki, Ağdamı öz təşəbbüsü ilə seçib: “Çünki Ağdam mənim doğulduğum torpaqdır. Bu gün düşmənlə üz-üzə dayanan o insanlar fədakardırlar. Düşündüm ki, yubileyimi əsgərlərlə, qaçqınlarla keçirməliyəm. Bu mənim üçün çox önəmlidir. Ona görə də Arif Babayev başda olmaqla, böyük sənətkarlarımızla – Aygün Bayramova, Nəzakət Teymurova, Cabir Abdullayev, Səbuhi İbayev, Fehruz Səxavət, Təyyar Bayramov, Elşad Aydınoğlu, Elnur Zeynalov, Sevinc Sarıyeva, Rəmişlə birgə gedəcəyik. Xüsusi olaraq, o torpaqda doğulan insanları seçmişik. Bu həm də orada yaşayan insanlarla görüş xarakteri daşıyır. Onların mənəvi dəstəyə çox ehtiyacları var. Mən bu səsi o torpaqdan almışam”.

 

Mənsum İbrahimov: “Əgər ifaçı fəxri ad üçün çalışırsa, o zaman bitir”

 

“İfaçı fəxri ad üçün çalışırsa, o zaman bitir” deyən sənətkar fikirlərini belə tamamlayıb: “Fəxri ad alan kimi çalışmağa son qoyulur. Dövlətimiz zəhmətimizə böyük qiymət verib. Əlbəttə, bu xoşdur. Amma hər yeni ad alanda elə bilirəm, çiynimə ağır bir yük götürürəm. Ona görə ki, o etimadı doğrultmaq lazımdır. 50 yaşımda “Şöhrət” ordeni ilə təltif olundum. Bu çox nadir hallarda baş verir. Bizim arxamızca böyük bir tələbə ordusu gəlir. Gənclərin konsertlərini təşkil edirik. “Gəncləşən muğam” layihəmiz var. Artıq 6 layihə başa çatıb. Hər dəfə Heydər Əliyev Sarayında 40-50 gəncin konsertini təşkil edirik. Konsertlərdə eyni zamanda, tar və kamança ifaçıları da çıxış edir. Məqsəd gəncləri bir araya toplayıb, dəstək olmaqdır. Zamanımız dar olsa da, bunu da edirik ki, gənclər arasında mehribançılıq olsun. Orada ilk dəfə səhnəyə çıxanlar olur, bu layihədə yeni üçlüklər yaranır”.

 

Elçin Həşimov: “Azərbaycan xalqı belə sənətkarı olduğu üçün fəxr edə bilər”

 

Əməkdar artist Elçin Həşimov qeyd edib ki, səfərlərdə daim birgə olduqlarından xanəndənin nə qədər sevildiyinin şahidi olur: “Mənsum müəllimi bütün dünya azərbaycanlıları sevir. Özüm şahid olmuşam. Hollandiyada konsert verəndə məlum olmuşdu ki, o ölkədə yaşayan bütün azərbaycanlılar gəlib və yer belə çatmır. Bizi dəvət edən tərəf biletlərin satılmasına çox sevinmişdi. Bu Mənsum müəllimə olan sevginin bariz nümunəsi idi. Biz bir çox ölkələrdə birgə çıxış etmişik. Ən son Braziliyada, Çində, İtaliyada səfərdə olmuşuq. Azərbaycan xalqı belə sənətkarı olduğu üçün fəxr edə bilər. O musiqimizi, mədəniyyətimizi, incəsənətimizi dünyada layiqincə təmsil edir. Muğamları, xalq mahnılarını göz bəbəyi kimi qoruyur. Bunun bariz nümunəsi tələbələrinin üzərində möhkəm əsməsidir ki, bu nümunələr gələcək nəsillərə olduğu kimi ötürülsün. Elə bilirəm ki, peşəkar sənətkar kimi və xalqını, dövlətini sevən insan kimi öz sənətində əlindən gələni əsirgəmir”. E. Həşimov həm də Mənsum İbrahimovu bir insan kimi də xarakterizə edib: “O çox gözəl atadır, həyat yoldaşıdır, babadır, oğuldur. Bacı, qardaşlarına qarşı da çox mehribandır. Demək olar ki, onların ağsaqqalı Mənsum İbrahimovdur. Mənsum müəllim özü cəmiyyət üçün nümunədir”.

 

Elnur Əhmədov: “Mənsum müəllimin sənəti ilə şəxsiyyəti arasında böyük oxşarlıq var”

 

Əməkdar artist Elnur Əhmədov Mənsum müəllimin şəxsiyyəti və sənəti arasında böyük bənzərlik olduğunu vurğulayıb: “Musiqiçi olaraq, özümü çox xoşbəxt sayıram ki, yaxşı dostların, qardaşların əhatəsindəyəm. Buna görə Allaha hər zaman şükür edirəm. Mənsum müəllimin yaradıcılığına bələd olanlar bilir ki, onun sənəti ilə şəxsiyyəti arasında böyük oxşarlıq var.  Bu hər insana nəsib olmur. İnsani keyfiyyətləri ilə sənəti bir-birini tamamlayır. Allah Mənsum müəllimə hər şey bəxş edib –  ailədə xoşbəxtlik, sənətdə uğur, cəmiyyətdə hörmət… Çünki o hər zaman Allaha şükür etməyi bacarır. Mən Mənsum müəllimi elə onun öz sözləri ilə təbrik etmək istəyirəm – Allah verdiyi ömrü sağlam yaşasın”

 

Arif Babayev: “Xalq tərəfindən heç zaman unudulmasın”        

 

“Səhər zəngi” proqramına telefonla qatılan muğam ifaçıları Arif Babayev, Nəzakət Teymurova və Alim Qasımov Mənsum İbrahimovu təbrik ediblər. Professor, xalq artisti Arif Babayev yubilyarın öz üzərində daima çalışdığını, buna görə də xalq tərəfindən çox sevildiyini diqqətə çatdırıb: “Mən Mənsum haqqında ürəkdolusu söz deyə bilərəm. Öz üzərində çalışan, xalq tərəfindən sevilən xanəndədir. Sizə deyim ki, xanəndə üçün xalq tərəfindən sevilmək böyük uğurdur. Onun ən yaxşı cəhəti budur ki, xalq mahnıları, muğamlara bağlıdır, onları yaşadır. O çalışır ki, bizim muğamlarımız, xalq mahnılarımız yaşasın. Köhnə mahnıları götürüb, işləyirlər. Onun gözəl müşayiətçiləri var. Mənsum haqqında çox danışmaq olar. Bu yaxınlarda Ağdama, onun 55 illiyini qeyd etməyə gedəcəyik. Ona uğur, can sağlığı arzulayıram. Həmişə sevilsin, xalq tərəfindən unudulmasın”.

 

Nəzakət Teymurova: “Onun cəfasını çəkmək bizim üçün xoşdur”

 

Uzun illər sənətkarla eyni səhnəni bölüşən səhnəmizin Leylisi Nəzakət Teymurova bildirib ki, Mənsum İbrahimov istər opera səhnəsində, istər pedaqoji fəaliyyətdə, istərsə də solo ifaçılıqda tamaşaçıların rəğbətini qazanıb: “Mənsum müəllimin ad günü bizim şad günümüzdür. Bu ili ona həsr edirik. Bölgə – bölgə gəzirik, sevgimizi bölüşürük. O bizim yaxın dostumuz, yaxın insanımızdır. Buna görə də onun cəfasını çəkmək bizim üçün xoşdur. Təbrik edirəm. Allah can sağlığı versin. “Qarabağ” triosu da yanınızdan əskik olmasın. Çünki siz birlikdə çox gözəl görünürsüz”.

 

Alim Qasımov: “Sənətdə uğurlar diləyirəm”

 

Proqrama qatılan xalq artisti Alim Qasımov Mənsum İbrahimova uğurlar diləyib: “Təbrik edirəm. Uzun ömür, can sağlığı, sənətdə uğurlar arzu edirəm”.

 

 

 

  

 

mənbə :
lent.az

55 yaşlı Mensum İbrahimov: “Yubileyimi Ağdamda, esgerlerle qeyd edeceyem”