İçeriğe geçmek için "Enter"a basın

Peşman deyil VƏ meydan oxuyur?! – “Mən – Akif Çovdarovam!”

26-04-2020


[r32]
Adətən Azərbaycanda vaxtilə yüksək vəzifə və səlahiyyət sahibləri olmuş şəxslər hansısa əməllərinə görə həbsə düşəndən, daha sonra isə əfv sərəncamı ilə azadlığa buraxılandan sonra səhvə yol verdiklərini etiraf edir, peşmançılıq hissi keçirdiklərini bildirir və ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırırlar. Lakin ölkə Prezidentinin pandemiya səbəbindən əfv etdiyi şəxslər arasında olan sabiq MTN generalı Akif Çovdarov “ümumi xor”dan seçilən davranışları ilə diqqəti cəlb edir.

Azadlığa çıxandan sonra evində keçirdiyi ilk gündə qurduğu məclis və həmin məclisdə çəkilərək, mediaya ötürülən görüntülər, eləcə də Akif Çovdarovun özünün açıqlamaları göstərir ki, sabiq general nə peşmandır, nə də səhvini boynuna alır. Əksinə, sanki cəmiyyətə, qanunlara, hüquq-mühafizə sisteminə, MTN özbaşnalıqlarından zərər görmüş, haqqı tapdanmış, əzilmiş şəxslərə meydan oxuyur: “Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”.

Xüsusilə də az qala kimlərəsə ünvanlanan mesaj xarakteri daşıyan “Mən – Akif Çovdarovam!… Bir gün geniş söhbət edərik… Başqa bir şey danışmaq istəmirəm…” kimi ifadələr sabiq generalın nələrə, kimlərəsə güvənməsinin, açıq-aşkar özündən razılığının əlaməti kimi görünür. Bəs kimdir, nədir ona bu cəsarəti verən? Doğrudanmı bizim cəmiyyətimiz ağır cinayətləri sübuta yetirilmiş şəxslərin cəzasızlıqdan ləzzət almalarını, saymazyana, qıcıq və acıq verən davranışlarını gözünü döyə-döyə seyr etməyə məhkumdur?…

Onu da xatırladaq ki, hələ həbsə düşdüyü ilk günlərdən vəkilləri və yaxınları tərəfindən Çovdarovun səhhətinin ağır vəziyyətdə olduğu, az qala mədəsinin olmadığı, çoxsaylı xəstəliklərdən əziyyət çəkdiyi və s. bu səpkili şikayətlər, məlumatlar yayılırdı. Məhkəmə proseslərində özü də dəfələrlə bu barədə danışmış, bu gün-sabah öləcək rəyini yaratmağa çalışmışdı. Ancaq sabiq generalın dəbdəbəli evindən çəkilən və təbii ki, onun razılığı və istəyilə mətbuata ötürüldüyü şübhə doğurmayan fotolarda süfrədə spirtli içkilər, Çovdarovun əlində isə qədəh olduğu görünür. Təbii ki, bu görüntü sadalanan xəstəliklərlə və onun səhhətilə bağlı bəyan edilən durumla ziddiyyət təşkil edir…

Məsələnin daha çox diqqət cəlb edən tərəfi isə sabiq generalın nəinki peşmançılıq çəkməməsi, hətta qalib ədası nümayiş etdirməsidir. Burada MTN generalları Akif Çovdarov və Elçin Quliyevlə eyni həbsxanada məhbəs həyatı yaşamış sabiq prokurorluq müstəntiqi Rüfət Səfərovun öz sosial şəbəkə səhifəsində dərc etdiyi silsilə yazılarındakı bəzi məqamları nəzərə çatdırmaq yerinə düşər. Öncə qeyd edək ki, sabiq müstəntiq həbsxanada “MTN işi”-nin əsas fiqurantlarına, xüsusilə də Akif Çovdarova lüks şəraitin yaradıldığına şahidlik etdiyini yazıb. Hətta Çovdarovun öz “şef”i, sabiq MTN naziri Eldar Mahmudovla telefonla danışdığı da qeyd olunub. Bu, Çovdarov kimilər üçün “içəri də bayır kimidir” ifadəsinin hər yerdə işlədiyinə dəlalət edir. Ancaq burada əsas məsələ Çovdarovun qətiyyən peşmançılıq hissi keçirmədiyinə dair söylədiyi fikirlərdir.

Sabiq müstəntiqin yazısının Çovdarovun peşman olub-olmadığı ilə bağlı verdiyi suala cavabını əks etdirən hissəsində deyilir: “Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olarıq. Həyat bizə kamillik bəxş etməyib, kamilliyin yeri muzeydir! İndi başa düşdün?” – deyə əsəbi tonda sual etdi. – Akif müəllim, anladım. Demək ki, səhvli-düzlü həyatda nə etmisinizsə, peşman deyilsiniz...

– Əlbəttə ki, yox. Sən də heç zaman peşman olma…”

Göründüyü kimi, sabiq general bütün cəmiyyətin gözü önündə baş verən və məhkəmə hökmü ilə sübuta yetirilmiş əməllərinə görə nə “islah müəssisəsi” anlayışından çox-çox uzaq olan həbsxanada, nə də azadlıqda qətiyyən peşmançılıq keçirmədiyini nümayişkəranə şəkildə biruzə verir.

Bəs Çovdarovun bu özgüvəninin, özündən razılığının, ətrafa meydan oxumasının, nümayişkaranə ifadə tərzinin arxasında nə durur? Yəqin ki, bu sualın cavabını onun özü qədər heç kim bilmir…(Azpolitika.info)

Peşman deyil VƏ meydan oxuyur?! – “Mən – Akif Çovdarovam!”