İçeriğe geçmek için "Enter"a basın

Biləsuvar İcra Hakimiyyətində əməliyyat – DTX icra başçısını həbs etdi

30-04-2020


[r32]
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Əməliyyatçılar İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və onun birinci müavini Xanlar Məmmədovu həbs edərək, Bakıya gətirir.

Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yaxın saatlarda Biləsuvar Rayon İcra Hakimiyyətindəki əməliyyatla bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.

Qeyd edək ki, bu xəbəri ilk dəfə “Qafqazinfo” saytı verib.

***

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həhs olunan Biləsuvar Rayon İcra Hakimiyyətinin (İH) başçısı Mahir Quliyev məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin qudasıdır.

“Virtualaz.org”-ın məlumatına görə, Biləsuvar İH-in başçısı digər insanlara məxsus minlərlə hektar ərazini mənimsəyib. Mahir Quliyev mənimsədiyi torpaqlarda qarpız və sarımsaq yetişdirib. Bununla yanaşı, onun müavinləri tərəfindən də hektarlarla sahə mənimsənilib.

Bundan əlavə, qeyd olunur ki, Mahir Quliyev münbit torpaqları dostlarına və yaxın silahdaşlarına paylayıb. Bəzi əraziləri isə rayon başçısı bir oliqarxa və daha bir neçə sahibkara satıb.

Həm də iddia olunur ki, yerli iş adamları daima rayon rəhbərinin təzyiqi altında olublar. Rayondakı az-çox perspektivli iş növləri dərhal Mahir Quliyev və onun əlaltıları tərəfindən nəzarət altına alınıb.

İcra başçısı, həmçinin yerli sahibkarları ərazinin abadlaşdırılması işində iştirak etməyə məcbur edib. Onların hər birinə öz vəsaiti hesabına abadlaşdırmalı olduğu ərazi ayrılıb. Rayon rəhbərinin tələblərini yerinə yetirməkdən imtina edən hər kəs dərhal elə bir təzyiqə məruz qalıb ki, obyektlərini satıb Biləsuvar rayonunu tərk etməyə məcbur olub.

Dövlət tərəfindən ayrılan sosial yardımın həqiqətən ehtiyacı olan və aztəminatlı ailələrə çatmadığı da bildirilir. Bu yardım yüksək vəzifəli şəxslərin yaxınlarının adlarına sənədləşdirilib və rayon rəhbərliyi tərəfindən mənimsənilib.

O da bildirilir ki, Xırmandalı kəndindəki Mahmudçala və Cərcili adlı ərazilərdə qanunsuz olaraq balıq yetişdirmək üçün çoxsaylı süni su anbarları yaradılıb. Ümumi sahəsi 500 hektar olan ərazidə sahibkarlar balıq yetişdiriblər və onların əsas ortağı rayonun başçısı Mahir Quliyev olub.

Bu süni gölməçələrin ətrafındakı qanunsuz hərəkətlər səbəbindən duz bataqlıqları əmələ gəlməyə başlayıb və münbit kənd təsərrüfatı əraziləri yararsız hala düşüb. Bu süni su gölməçələrinin yayda daim su ilə təmin edilməsi səbəbindən ərazidə ciddi su qıtlığı yaranıb. Belə ki, rayon rəhbərinin balıqçılıq biznesi ilə əlaqədar rayon sakinlərinin əkin sahələri susuz qalıb.

Ərazidə su çatışmazlığının başqa bir səbəbi, ümumi sahəsi 1,5 min hektar olan torpaq sahələrini su ilə təmin edən kanalın dağıdılması olub. Kanalın keçdiyi torpaq sahələri isə yerli məmurların mülkiyyətinə verilib.

Biləsuvar İcra Hakimiyyətində əməliyyat – DTX icra başçısını həbs etdi