İçeriğe geçmek için "Enter"a basın

Bakıda bu yaşayış binasında hər həftə lift avadanlıqları oğurlanır

25-05-2021

[r32]
xeber –

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, bina 21 V, blok 2 ünvanında iki həftədir oğurluq hadisələri baş verir.

Bu barədə “Report”a həmin binada yaşayan sakinlər məlumat verib. Sakinlər bildiriblər ki, artıq ikinci dəfədir binanın liftinin avadanlıqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanır.

“Bu ayda birinci oğurluq hadisəsi mayın 19-da baş verdi. Kimsə yaxud kimlərsə liftin avadanlıqlarını oğurladılar. Buna görə də, bir neçə gün liftdən istifadə edə bilmədik. Lift idarəsindən isə heç kim gəlib nəyin baş verməsi ilə maraqlanmadı. Qonşularla qərara gəldik ki, özümüz pul yığaq. Beləcə, hər mənzildən pul yığıb, öz hesabımıza lift avadanlığı aldıq. Bununla da, liftimiz bir neçə gün işlədi. Lakin dünən günorta saat 12-13 radələrində yenə naməlum şəxs və ya şəxslər liftin avadanlıqlarından birini (əyləci) oğurlayıblar”, – deyə həmin binada yaşayan sakin İntizar Tağıyeva bildirib.

Binanın digər sakinləri isə qeyd ediblər ki, belə oğurluq hadisələrin dalbadal baş verməsi onlarda fərqli şübhələr, gümanlar yaradır. “Liftin avadanlığı kimə lazımdır? Kim bilir ki, hansı avadanlıq baha, yaxud ucuzdur? Çox güman ki, oğurluğu bu sahədən başı çıxanlar edir”, – deyə başqa sakin bildirib.

Qeyd edək ki binada əvvəllər də lift avadanlıqlarının oğurlanması hadisəsi baş verib. Sakinlər dəfələrlə öz hesablarına yeni avadanlıq alaraq, lifti təmir etdiriblər. Lakin son iki həftədə bu cinayət hadisəsinin dalbadal baş verməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Üstəlik, sakinlər iki gündür liftdən istifadədən məhrum olublar.


mənbə :
Report.az

Bakida bu yasayis binasinda her hefte lift avadanliqlari ogurlanir