İçeriğe geçmek için "Enter"a basın

AQTA yanında İctimai Şuranın üzvü: "Mövsümi qidalardan bol-bol istifadə olunmalıdır" - MÜSAHİBƏ

31-05-2021

[r32]
xeber –

­Sağlam yaşamağın ən vacib şərtlərindən biri də düzgün qidalanmaqdır. İnsanın gün ərzində qəbul etdiyi qidalar onun həm xarici görünüşünə, həm də daxili orqanlarına birbaşa təsir edir. Düzgün qidalanmamaq və hər kəsin doğru bildiyi yanlış dieta isə orqanizmdə bir sıra fəsadlar törədə bilər.

Mövzu ilə bağlı “Report”un suallarını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-dietoq İlqar Şamilov cavablandırıb.

Sağlam qidalanma anlayışını hər kəs müxtəlif formada başa düşür, bəs sizcə, sağlam qidalanma nədir və necə olmalıdır?

– Sağlam qidalanma bədənimizi təşkil edən hüceyrələrin doğru və nizamlı çalışa bilməsi üçün lazım olan qida maddələrinin, yəni makro və mikro elementlərin, karbohidratlar, zülallar, yağlar və vitaminlərin lazımi qədər, balanslaşdırılmış formada bədənə qəbulu deməkdir.

– Sağlam qidalanmaq üçün süni yolla hazırlanmış qidaların və yarımfabrikatların tərkibinə diqqət yetirmək kifayət edir, yoxsa onlardan tamamilə imtina etməliyik?

– Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-2016-cı illərdə bir məlumat paylaşmışdı. Orada yarımfabrikatlardan istifadənin qalın bağırsaq xərçənginə tutulmanı 18% artırdığı qeyd olunurdu. İndi təsəvvür edin, siqaret istifadə edənlərin xərçəng xəstəliyinə tutulma riski 20%-dir. Ümumiyyətlə, hansı istiqamətdən yanaşmağımızdan asılı olmayaraq yarımfabrikatlardan istifadə siqarət qədər zərərlidir.

– Bəzi hallarda insanlar hansısa xəstəlik səbəbi ilə çox yediyinin, qeyri-sağlam qidalar qəbul etdiyinin fərqində olmur. Həkimə müraciət etməkdə də tənbəllik etdiyimiz bəllidir. Bəs özümüzdə müşahidə apararaq bunun hansı xəstəliyin xəbərçisi olduğunu müəyyən etmək olarmı?

– Yenə də ÜST-ə istinadən demək istəyirəm ki, qadınlarda bel çevrəsi 88 sm-ə qədər, kişilərdə isə 102 sm-ə qədər kritik bir hədd sayılır. Qarın-bel nahiyəsində yağların çoxluğu rəqəmlərdən yuxarı olarsa, artıq bu müəyyən bir xəstəliyin xəbərçisidir. Bir çox problemin başlanğıcı da elə buradan başlayır. Biz xarici görünüşümüzə baxaraq, istər dəri problemi, istər saç tökülməsi, istərsə də hissəvi piylənmə olsun – bütün bunlarla hansısa xəstəliyin olmasını müəyyən edə bilərik. Amma dəqiq diaqnoz qoymaq üçün mütləq həkimə müraciət etmək lazımdır.

– Sağlam həyat tərzində müxtəlif vaxtlarda oruc tutmağın, ac qalıb bədənə istirahət verməyin payı nə qədərdir?

– Son zamanlar aralıqlı oruc dietası olduqca məşhurlaşıb. Biz insulin rezistentliyi olan, artıq çəkidən əziyyət çəkən pasiyentlərə belə aralıqlı oruc dietasını tövsiyə edirik. Ancaq aralıqlı orucun müxtəlif növləri mövcuddur. Hazırda ən çox istifadə edilən 16-8 prinsipidir. Bu, 16 saat aclıq, 8 saat isə qida qəbulu deməkdir. Bunun Ramazan ayında tutulan orucdan fərqi odur ki, 16 saatlıq oruc dönəmində maye qəbulu sərbəstdir. Həmçinin az miqdarda kofe və çaydan da istifadə edilə bilər.

– Müxtəlif vaxtlarda arıqlamaq üçün, hansısa xəstəliklə mübarizə apararkən dieta saxlayırıq. Bəs bunu həyat tərzinə çevirmək olarmı? Olarsa, necə etməliyik?

– İstər çəki atmağın, istərsə də hansısa xəstəliklə mübarizə aparmağın hər birinin ayrılıqda individual diet proqramı mövcuddur. Ancaq istənilən halda hər birimiz sağlam qidalanmanı həyat tərzimizə çevirməliyik. Bunun üçün fiziki aktivliyimizə diqqət etməli, bol su içməli, yarımfabrikatlardan uzaq durmalı, mövsümi qidalardan, meyvə və tərəvəzlərdən bol şəkildə istifadə etməliyik.


mənbə :
Report.az

AQTA yaninda İctimai Suranin uzvu: “Movsumi qidalardan bol-bol istifade olunmalidir” – MUSAHİBE