İçeriğe geçmek için "Enter"a basın

Azerbaycana getirilen mehsullarla bağlı MARAQLI MƏLUMAT

01-03-2015


01.03.2015 / 10:18 xeber –

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanın xarici ticarət əməliyyatları ilə bağlı ötən ilin yekunlarını əks etdirən hesabat açıqlayıb. Hesabata əsasən, Azərbaycan 2014-cü ildə 150 ölkə ilə ticarət əlaqəsi həyata keçirib. 110 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən mal idxal edilib.

Lent.az-ın məlumatına görə, keçən il xarici ölkələrlə 31 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 21,8 milyard dollarlıq ixrac, 9,2 milyard dollarlıq idxal əməliyyatları aparılıb ki, bu da 12,6 milyard dollarlıq müsbət saldo deməkdir. Ticarət əlaqələrinin 90,6 faizi MDB ölkələri istisna olmaqla, digər dövlətlərlə, o cümlədən 47,3 faizi Avropa İttifaqı, 9,4 faizi MDB üzvü ölkələri ilə həyata keçirilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 45-i Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.

Hesabatda həmçinin göstərilir ki, keçən il MDB-dən savayı başqa ölkələrə ixrac olunmuş malların dəyəri 0,4 faiz artmış, MDB üzvü ölkələrinə ixrac edilmiş malların həcmi isə 38,9 faiz azalıb. Beləliklə, ixracın 3,8 faizi MDB-nin, 53 faizi Avropa İttifaqı dövlətlərinin, 43,2 faizi digər ölkələrin payına düşüb. İdxala gəldikdə isə, 2014-cü ildə Azərbaycana malların 7,1 milyard dollarlığı MDB ölkələri istisna olmaqla, digər dövlətlərdən gətirilib. Ümumiyyətlə, hesabat dövründə idxalın 22,7 faizi MDB-nin, 33,8 faizi Avropa İttifaqı ölkələrinin, 43,5 faizi digər dövlətlərin hesabına formalaşıb.

Onu da qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 85 faizə yaxını İtaliya, Almaniya, İndoneziya, Rusiya Federasiyası, İsrail, Türkiyə, Fransa, ABŞ, Böyük Britaniya, Tailand, İspaniya, Hindistan, Çin, Çexiya, Gürcüstan, Portuqaliya, Ukrayna, Tayvan, Avstriya və Tunis kimi ölkələrin payına düşüb.

Hesabatda Azərbaycana idxal olunan və ölkəmizdən ixrac edilən malların adları da açıqlanıb. Belə ki, ötən il Azərbaycana gətirilmiş malların ümumi dəyərinin 11,6 faizini yeyinti məhsulları, 4,4 faizini tütün və tütün məmulatları, 1,2 faizini sement, 2,5 faizini əczaçılıq məhsulları, 2,6 faizini plastmas və ondan hazırlanan məmulatlar, 11,1 faizini qara metal və ondan hazırlanan məmulatlar, 28,1 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 9,2 faizini nəqliyyat vasitələri və onların hissələri, 1,3 faizini mebel və mebel hissələri, 26,6 faizini digər məhsullar təşkil edib. Ümumilikdə keçən il Azərbaycana 6100-dən çox çeşiddə mal gətirilib.

Onu da bildirək ki, idxal olunan bir çox məhsulların həcmində azalma müşahidə edilib. Bu isə birbaşa yerli istehsalın artması hesabına mümkün olub. Məsələn, ötən il 2013-cü illə müqayisədə Azərbaycana mal ətinin 13,7, təzə meyvənin 30,3, çayın 8,6, buğdanın 17,6, sement klinkerlərin və sementin 22,7, polietilenin 32,2, metal çubuq və armaturların idxalı 18,7 faiz azalıb.

Azərbaycandan ixrac olunmuş malların siyahısına gəldikdə isə, qeyd edək ki, onların sayı 2150-dən çoxdur. Bu malların siyahısında neft, neft məhsulları və təbii qazdan savayı meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli yağlar, şəkər, spirtli və alkoqolsuz içkilər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, pambıq iplik, qara metal, alüminium və s. üstünlük təşkil edir. 2013-cü illə müqayisədə keçən il xarici ölkələrə göndərilmiş məhsullardan meyvə-tərəvəzin 17, marqarin və digər qida üçün yararlı qarışıqların 18,4, polietilenin 33,1, qızılın 13, emal olunmuş alüminiumun 0,9, mebelin ixracı 9,6 faiz artıb. Ümumilikdə keçən il Azərbaycandan 1,7 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edilib.

Mənbə : Lent.az

Azerbaycana getirilen mehsullarla bağlı MARAQLI MƏLUMAT