İçeriğe geçmek için "Enter"a basın

MN polkovniki: 1 əsgərimizə görə ən az 6 erməni öldürülür

30-11-2015

18:41 xeber – Bu gün qoşunların təmas xəttində düşmənlə döyüş zamanı ordumuzun şəhid verməsi xəbərini Midafiə Nazirliyinin istefada olan polkovniki Məhərrəm Cahangirov şərh edib.

Məsələ ilə bağlı M. Cahangirov ANS PRESS-ə bildirdi ki, ermənilərin bu aktivliyi avqust ayından etibarən başlayıb:

“Son günlər Türkiyə ilə Rusiyanın arasında yaranan narazılıq, Azərbaycanın isə hər iki dövlətlə münasibətlərinin yaxşı olması Ermənistan hakimiyyətinin qısqanclığına səbəb olub. Hazırda regionda ciddi proseslər baş verir. Ermənilər isə diqqətləri yayındırmaq üçün belə bir təxribatlara əl atırlar. Bizim ordumuzun şəhid verməsi təbii ki, üzücü haldır. Ancaq insanlar unutmamalıdır ki, ordumuz bir əsgərini itirdiyi zaman ermənilərin ən azı 6-7 əsgəri məhv edilir. Sadəcə qarşı tərəfin rəsmi orqanları məlumatları gizlədirlər. Azərbaycanın ordusu 1992-1993-cü ildəki ordu deyil. Hazırda hər kəs bilir ki, Azərbaycanın nizamlı ordusu var. Hazırda ordumuz qarşı tərəfin bir təxribatına beş qat artıq cavab verir. Ona görə də, insanların narahat olmasına heç bir səbəb yoxdur. Bir müddət əvvəl mən bir qrup veteranla cəbhə bölgəsində oldum. Orada gördüyüm ruh yüksəkliyi mənim qələbənin gec-tez bizim olacağı barədə fikrimi daha da qüvvətləndirdi”, – deyə polkovnik bildirdi.

Bu gün Azərbaycan Ordusu şəhid verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Elşən Aydın oğlu İsmayılov şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provokasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaq.

Ordumuzun şəhid verməsindən əlavə bu gün ermənilər daha bir hərbçimizi yaralayıblar. Qarşı tərəflə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

mənbə :
anspress

MN polkovniki: 1 esgerimize göre en az 6 ermeni öldürülür