İçeriğe geçmek için "Enter"a basın

Nardarandakı məscidlərlə bağlı açıqlama

30-11-2015

20:31 xeber – Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna müxtəlif əlavə və dəyişikliklər etməlidir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus model daha da təkmilləşdirilməlidir: “İmkan verməməliyik ki, kimlərsə din adı altında milli maraqlarımıza, dövlətimizin əsaslarına, milli ideologiyamıza qarşı fəaliyyət göstərə bilsinlər. Bizi birləşdirən azərbaycançılıqdır, bizim milli kimliyimiz var”.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda dini etiqad azadlığı var, dövlət tərəfindən dini icmalara yardımlar göstərilir: “Ona görə də, belə olan şəraitdə kimlərinsə din adı altında öz çirkin məqsədlərini həyata keçirməsi yolverilməzdir”.

Azərbaycanın dini ayinlər icra olunan məbədlərində, həmçinin digər qeyri-islam ocaqlarında bu və ya digər dini ayini, mərasimi icra edən şəxsin ilk dini təhsilini mütləq Azərbaycanda almasının vacibliyini vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, dini təhsil sahəsində ciddi addımlar atılmalıdır:

“Hesab edirəm ki, Azərbaycanın dini ayinlər icra olunan məbədlərində, həmçinin digər qeyri-islam ocaqlarında bu və digər dini ayini, mərasimi icra edən şəxs ilk dini təhsilini mütləq Azərbaycanda Azərbaycanda almalıdır. Biz ilkin dini təhsil məsələsini ortaya qoymuşuq, çünki bəziləri 5-10 il başqa ölkələrdə təhsil aldıqdan sonra burada təkrar təhsil alırlar və deyirlər ki, bəli, Azərbaycanda təhsil almışam. Bu da məntiqli deyil. İlkin dini təhsildən sonra hansısa ölkəyə dini təhsil almaq üçün getməyi də sistemləşdirmək lazımdır”.

M.Qurbanlının sözlərinə görə, din-dövlət münasibətlərinin elə bir modeli yaradılmalıdır ki, burada kimlərsə dini siyasiləşdirə, dindən sui-istifadə edə bilməsin.


Nardaranda məscid

Komitə sədri Nardaran qəsəbəsində olan məscidlər qeydiyyat məsələsindən də danışıb. Qəsəbədə olan məscidlərin qeydiyyatdan keçmədiyini deyən Mş.Qurbanlı bildirib ki, onlar qeydiyyatdan keçməli, məscidlər ətrafında dini icmalar yaradılmalı və həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidirlər.

Onun sözlərinə görə, həmin məscidlər qeydiyyata alınandan sonra oraya Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyinatı ilə axundlar göndərilməlidir: “Bundan sonra həmin məscidlərdə dini mərasim və ayinlərin keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı təşəbbüslərimizə adekvat cavablar verilməyib”.

M.Qurbanlı bildirib ki, Nardarandakı dini ziyarətgahın saxlanılması ilə bağlı dövlətin diqqəti həmişə olub və bundan sonra da olacaq: “Söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adından sui-istifadə hallarına yol verirlər”.

Komitə sədri təəssüf edib ki, qəsəbədə məktəblərin olmasına baxmayaraq, uşaqlarını təhsildən yayındıran valideynlər var: “Belə hallara yol vermək olmaz. Çünki təhsildən yayınma ümumi icbari təhsilin olması haqqında qanunvericiliyə ziddir”.

M.Qurbanlı Nardaranda sakinlərin müxtəlif bayraqlardan istifadə etməsindən də danışıb.

“Bakının Nardaran qəsəbəsində kimlərsə dini atributlar hesab olunan və qanunla yayılması, təşviq olunması qadağan edilən bayraqlardan və s. istifadə edirlər. Nardaranın mərkəzində divarlara yerli-yersiz şüarlar yazırlar. Bunlar yolverilən hal deyil, qanunla yasaqlanan hərəkətlərdir. Orada müxtəlif bayraqlardan istifadə qanunazidd hərəkətdir”, deyə komitə sədri bildirib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda bayraq qaldırmağa ehtiyac olan yerdə yalnız dövlət bayrağı qaldırılmalıdır.

Onun sözlərinə görə, Nardaranda vəzifəsini yerinə yetirən polisə qarşı silah işlədilməsi ağır cinayətdir: “Bu, faktiki olaraq, terror əməli kimi dəyərləndirilir”.

Komitə sədri hesab edir ki, Nardaran əhalisinin özü bu cür insanların qəsəbədə ayaq açmasına, dövlətimizə, qanunlarımıza qarşı qeyri-qanuni hərəkətlərə yol verməsinə imkan verməməlidir: “Nardaran sakinlərinin əksəriyyəti qəsəbədə bu hadisələri törədənləri, Nardarana gəlib orada hakimiyyətlə, dövlət qurumları ilə qarşıdurma yaradanları qətiyyətlə pisləyirlər. Bu aksiomadır. Amma, əlbəttə, Azərbaycanda müxtəlif xarici dairələrin – dövlət səviyyəsində nəzərdə tutmuram – əlaltıları ola bilər. Bu, həm Nardarandakı hadisələrdə, həm də digər yerlərdə radikal ekstremist qrupların əməllərində özünü büruzə verə bilər. Bütün bunlar müvafiq qurumların araşdırma mövzusudur”.

mənbə :
anspress

Nardarandakı mescidlerle bağlı açıqlama