Dovlet Komitesinde almaniyali beynelxalq huquq mutexessisi ile gorus olub

[r32]
xeber –

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniyanın Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze ilə görüş olub.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən biri kimi qaçqınlara və məcburi köçkünlərə daim qayğı göstərildiyini, bu kateqoriyadan olan insanların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyini qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev torpaqlarımızın işğaldan azad olunmasından sonra yaranmış situasiya haqqında qonağa ətraflı məlumat verib.

Eyni zamanda, almaniyalı alimin Azərbaycan haqqında tədqiqatlarının və çap olunmuş əsərlərinin Cənubi Qafqaz regionundakı vəziyyət barədə həqiqətlərin dünya birliyinə çatdırılmasında əhəmiyyətli rol oynadığı vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurda qayıdışı və reinteqrasiya prosesi, bununla əlaqədar qarşıya çıxan hüquqi məsələlər və mövcud qanunvericiliyin beynəlxalq normalar əsasında təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə görüşdə geniş fikir mübadiləsi aparılıb.

Səmimi qəbula və maraqlı söhbətə görə minnətdarlıq bildirən H.Y.Hainze ölkəmizə postmünaqişə dövrünün çağırışları və işğalın hüquqi nəticələrinə dair tədqiqatlar aparmaq üçün gəldiyini, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında bu təqdiqatların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, sədrin müşaviri Nəsimi Nərimanov, Hüquq və kadrlar şöbəsinin müdiri Ziya Məmmədov, Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev və “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev iştirak edib.

Xatırladaq ki, professor H.Y.Hainze, eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin nəzdində Alman Diplomatik Akademiyasının məruzəçisidir. Onun Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı monoqrafiyası 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr edilib.


mənbə :
Report.az