Azerbaycan MDB yigmasina futbolcu gonderse, sanksiya ile uzlese biler

[r32]
xeber –

“Belə komanda düzəltmək real deyil, Azərbaycan futbolçu göndərsə, sanksiya ilə üzləşə bilər”

Bunu “Report”a açıqlamasında futbol agenti Səbuhi Səfiyarlı SSRI yığmasının və “Spartak” klubunun sabiq qapıçısı Anzor Kavazaşvilinin Rusiya Futbol İttifaqına MDB yığmasının yaradılması barədə təklifinə münasibət bildirərkən deyib.

Kavazaşvili “Komsomolskaya Pravda”ya açıqlamasında bildirib ki, Rusiya Futbol İttifaqına (RFS) vahid MDB yığmasının yaradılması barədə təklif göndərilib. 82 yaşlı mütəxəssisin sözlərinə görə, vahid komandada Özbəkistan, Tacikistan, Qazaxıstan və hətta Gürcüstanla yanaşı Azərbaycan da təmsil oluna bilər. Veteran oyunçunun fikrincə, hər ölkədən bir məşqçi götürməklə onlardan məşqçilər heyəti formalaşdırmaq olar: “Mayın 1-də və mayın 9-da “Lujniki” stadionunda böyük mükafat fonduna malik kommersiya matçı keçirməyə cəhd olunmalıdır. Bu, ona görə lazımdır ki, xalq RFS-in əllərini yanlarına salmadığını görsün. Matç ilk baxışdan siyasi xarakter daşımalıdır. Bu, bizim ruhdan düşmədiyimizi və hər zaman sınaqçı rəqiblər tapdığımıza dair dünyada müəyyən rəy yaratmaq üçündür”.

Daha əvvəl FIFA və UEFA Rusiya klublarını və milli komandalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

Səfiyarlının fikrincə, bu təklifin heç bir əsası yoxdur: “MDB yığması heç bir qurumun üzvü deyil. Bu, çox qeyri-real bir şeydir. Belə olacağı təqdirdə, bu komanda hansısa təşkilatın üzvü olmadığı üçün beynəlxalq görüş keçirə bilməyəcək. Rəsmi olmayan komandaya da Azərbaycan öz futbolçusunu göndərə bilməz. Bəlkə şou xarakterli nə isə düzəltmək olar. Amma rəsmi komandadan söhbət belə gedə bilməz. MDB yığmalarının iştirakı ilə turnir keçirmək istəsələr, bu, başqa məsələ. Orada da FIFA-nın təsdiqi lazımdır. Rusiya ərazisində isə beynəlxalq oyun keçirilməsinə icazə yoxdur. Ona görə də bu, bir qədər qalmaqallı məsələdir”.

Səfiyarlı Azərbaycan tərəfinin MDB yığmasında iştirakının qəbul edəcəyi təqdirdə, sanksiya ilə üzləşə biləcəyini də sözlərinə əlavə edib: “Buna hüquqşunaslar daha yaxşı cavab verə bilərlər. Amma mütləq beynəlxalq təşkilatın icazəsi olmalıdır. Hətta Azərbaycanın daxilində futbola cavabdeh olan və FIFA-nın tanıdığı qurum AFFA-dır. AFFA-nın təsdiqi olmadan ölkə daxilində hansısa rəsmi turnir keçirilə bilməz. Rəsmi yarış istəyirlərsə, şirkətlərarası turnir olsa belə, AFFA-nın təsdiqi olmalıdır. FIFA və UEFA-nın təsdiqi olmadan beynəlxalq yarış mümkün deyil. MDB yığmaları arasında olsa belə, onu UEFA və FIFA təsdiqləməlidir. Avropa Super Liqası ideyası var, amma bu qurumların təsdiqi olmadan hələlik heç nə edə bilmirlər. UEFA-nın iştirakçıların hamısına sanksiya tətbiq etmək fikri var idi. Eyni hal burada da ola bilər. Bir sözlə, ali futbol qurumlarının təsdiqi olmadan, turnir təşkil etmək olmaz”.

Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyev də MDB yığmasının yaradılmasının mümkünsüz olduğunu deyib: “Düşünürəm ki, Rusiyada futbolla bağlı bütün məsələlər tezliklə həll ediləcək və bu cür təkliflər gündəmə gəlməyəcək. Məncə, belə yığmanın yaradılması təklifi boş-boş söhbətlərdir. Düzələn şey deyil”.

Yığmanın digər sabiq futbolçusu Yunis Hüseynov Kavazaşvilinin bu ideyasını cəfəngiyat adlandırıb: “Belə şeyin olması mümkün deyil. Mən özüm də bunun tərəfdarı deyiləm. Bu, heç alınası iş də deyil. Sadəcə, Kavazaşvili bir sözdür də, deyib. “Kişi sözü” filmində belə bir səhnə var: Deyir, sözdü də, hirsləndin, çıxdı ağzından. Məsələn, mən indi hirsləndim, “Vurum, bibini öldürüm?” İndi bu da bir sözdür də deyib. Məncə, sadaladıqları heç bir ölkə buna razı olmayacaq. Buna inamım da yoxdur. Bütün bunlar böş-boş fikirlərdir”.

Qeyd edək ki, daha əvvəl FIFA Rusiya klublarını və milli komandalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.


mənbə :
Report.az