UNESCO-nun İcraiyye Surasinin sessiyasinda Azerbaycanin milli beyanati teqdim olunub

[r32]
xeber –

UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası çərçivəsində Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Elman Abdullayev üzv dövlətlərin geniş dəstəyi ilə UNESCO-nun bu mühüm orqanına – İcraiyyə Şurasına seçilən Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

“Report”un AZƏRTAC-a istinadən xəbərinə görə, E.Abdullayev bildirib ki, İcraiyyə Şurasının bu iclası Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda beynəlxalq ictimaiyyət üçün təlatümlü vaxtlarda keçirilir. Azərbaycan sülh yolu ilə həll istiqamətində səylərin hələ də mübarizəni dayandıracaq nəticə vermədiyinə görə dərin təəssüf hissini bildirir. Mülki itkilərin sayının artması xüsusilə narahatedicidir: “Biz bir daha mülki şəxslərin və mülki infrastrukturun, o cümlədən mədəni irsin və təhsil müəssisələrinin müdafiəsi üçün beynəlxalq humanitar hüquqa ciddi riayət edilməsinin zəruriliyini vurğulayırıq”.

“Azərbaycan 30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə məruz qaldı. Bu illər ərzində ağır hərbi, eləcə də insanlığa qarşı cinayətlər törədildi, silahlı münaqişə zamanı mədəni irsin qorunmasına dair beynəlxalq hüquq açıq-aşkar kobud şəkildə pozuldu. Bir vaxtlar zəngin mədəni və təbii irsə malik Azərbaycanın kifayət qədər çiçəklənən əraziləri yerlə-yeksan edilib. Bütün bu illər ərzində Ermənistan hökuməti həm 30 il işğal altında saxladığı ərazilərdə, həm də Ermənistanın özündə Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasət həyata keçirib. Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi zamanı XIII əsrə aid Xudavəng monastırının zəngləri, xaçları, məşhur freskaları və qədim əlyazmaları, eləcə də Azıx mağaralarından və Şahbulaq qalasında olan qiymətli artefaktlar qanunsuz olaraq Ermənistana aparılıb”, – E.Abdullayev əlavə edib.

Şuşa Xalça Muzeyindən qanunsuz olaraq 160 qiymətli xalça çıxarılıb və onlardan 71-i Ermənistanın paytaxtı İrəvandakı muzeydə nümayiş etdirilib. Sadalanan bütün bu faktların hamısı İkinci Protokol Komitəsinə Azərbaycanın təqdim etdiyi milli və könüllü hesabatlarda öz əksini tapır. Ermənistan tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində kütləvi şəkildə basdırılmış mina və digər partlayıcı maddələr həmin ərazilərdəki mədəni irs üçün ciddi təhlükə yaradır, bərpa işlərinə mane olur, mülki əhalinin geri qayıtmasını ləngidir. Mina partlayışları nəticəsində çox sayda mülki şəxs, eləcə də jurnalistlər həlak olub və yaralanıb.

Daimi nümayəndə Baş Direktora azərbaycanlı jurnalistlərin ölümünü pisləyən bəyanatına görə təşəkkürü edərək, 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov mina partlaması nəticəsində həlak olduqlarını bir daha xatırladıb.

Qeyd edib ki, silahlı münaqişə başa çatdıqdan sonra Azərbaycan münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə mənşəyindən asılı olmayaraq bütün mədəniyyət və dini abidələrin lazımi qaydada qoruyub saxlamaq, restavrasiya etmək və istifadəyə vermək əzmindədir: “Azərbaycan işğaldan azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı reabilitasiya və yenidənqurma səyləri ilə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq ixtisaslaşmış qurumları və təsisatları ilə əməkdaşlığı davam etdirir. Bu istiqamətdə UNESCO-nun töhfəsini də səbirsizliklə gözləyir və təşkilatın BMT-nin digər aidiyyəti qurumları və təsisatlarından nümunə götürəcəyinə inanırıq”.

“Azərbaycan hökuməti ölkədəki mədəni sərvətlərin vəziyyətini qiymətləndirmək üçün UNESCO tərəfindən müstəqil və qərəzsiz texniki missiyaya ev sahibliyi etməkdə maraqlıdır. Ölkəmiz heç bir gecikmə olmadan bu istiqamətdə işi davam etməyə hazırdır və ümid edir ki, hər hansı əlavə şərtlərə görə bundan sonra heç bir maneə olmayacaq. Bu kontekstdə Azərbaycanın yeddi ay əvvəl – 2021-ci il avqustun 19-da təqdim etdiyi təkliflərə təşkilatın reaksiyasını sürətləndirməsi zəruridir”, – daimi nümayəndə bildirib.

Vurğulayıb ki, UNESCO-nun belə bir missiyası ona ev sahibliyi edən üzv dövlət kimi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam uyğun olaraq həyata keçirilməlidir. UNESCO-nun missiyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərməklə yanaşı, təşkilatın Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi ilə məşğul olması da təcili zərurətdir. Vətəndaş cəmiyyəti, QHT nümayəndələri və müxtəlif təşkilatlar bu geniş miqyaslı dağıntının sənədləşdirilməsi üçün UNESCO-dan Ermənistana missiya göndərməyi xahiş ediblər.

“Bu sessiyanın gündəliyi ağırdır və mühüm məsələlərdən ibarətdir. Azərbaycan sessiyanın işinə səmərəli töhfə verməyə hazırdır. Qürurla qoşulduğumuz Qlobal Təhsil Koalisiyası vasitəsilə ölkələrə dəstək və kömək etməklə UNESCO-nun Dayanıqlı İnkişaf Məqsədlərində liderlik rolunu gücləndirdiyini yüksək qiymətləndiririk. Ölkəmiz Qlobal Təhsil Koalisiyası çərçivəsində “Gender Flaqmanı”, xüsusən də “Qızları Şəkildə Saxlamaq” kampaniyası vasitəsilə pandemiya şəraitində gender bərabərliyinə göstərilən xüsusi diqqəti alqışlayır: “Həmçinin UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə yenidən işlənmiş çərçivəsinə doğru prosesi dəstəkləyir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirməyə kömək etmək üçün nəzərdə tutulmuş sektorlararası təşəbbüsü yüksək qiymətləndiririk”.

Azərbaycanın Afrika ölkələri ilə uzunmüddətli tərəfdaşlığından hər kəs xəbərdardır: “Bu istiqamətdə də ölkəmiz UNESCO-nun Qlobal Afrika Prioritetini dəstəkləyir və inkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirməyə çağırır”, – E.Abdulayev bildirib.

Əsas qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi ümumdünya irs obyektləri üçün təhlükə yaratmaqda davam etdiyini bildirən natiq deyib: “Azərbaycan işçi qrupunun ilk iclasında böyük maraqla iştirak edib və işçi qrupun iclasının keçirilməsi üçün Ümumdünya İrs Mərkəzinə maliyyə yardımı edib. Azərbaycan UNESCO-nun mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüsləri, xüsusən 2018-ci ildə fəaliyyətə başlamış UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə elektron Platformasını fəal dəstəkləyir. Platforma Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə hazırlanıb. Azərbaycan gənclərin qərarların qəbulu prosesində iştirakını və fəal rolunu dəstəkləyir. Bu baxımdan COVID-19-dan sonrakı dövr üçün Fəaliyyət Planının hazırlanmasına həsr olunmuş UNESCO 12-ci Gənclər Forumunu alqışlayırıq”.

Qeyd edib ki, Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə artan əhəmiyyətini nəzərə alaraq, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv olduğu müddətdə Qoşulmama Hərəkatının üzv dövlətlərinin bu Şura çərçivəsində mövcud koordinasiya mexanizmini gücləndirməyə çalışacaq. Bu ilin iyununda Azərbaycanın UNESCO-ya üzv olmasının 30 illiyini qeyd edəcəyik. Bu qısa müddət ərzində Azərbaycan ikinci dəfə UNESCO-nun İcraiyyə Şurasının üzvü olmaqdan şərəf duyur. UNESCO-nun məsul üzvü kimi Azərbaycan dünyanın müxtəlif yerlərində təşkilatın nəcib missiyasını dəstəkləməyə sadiqdir, dəyərlərimizin və prinsiplərimizin təbliğində onun güclü tərəfdaşı olmağa davam edəcək.


mənbə :
Report.az