İçeriğe geçmek için "Enter"a basın

Bakıya gizli gelen o ermeni heyatdadır MÜSAHİBƏ

03-03-2015


03.03.2015 / 13:38 xeber –

«Azərbaycan» jurnalının 2015-ci il birinci və ikinci saylarında tanınmış yazıçı Məmməd Orucun «Qısa qapanma» romanı çap olunub. Kulisin müəlliflə müsahibəsi də bu barədədir.

 

– Məmməd müəllim, «Qısa qapanma» sözün həqiqi mənasında qısa qapanma vəd eləyir. Əsərin əsas obrazlarından biri milliyətcə ermənidir. Özü də mənfi planda işlənməyib. Oxucularınızın qəzəbinə tuş gəlməkdən qorxmursunuz?

 

– Əlbəttə, qorxuram. Amma əminəm ki, məni başa düşənlər daha çox olacaq.

 

– Romanın ilk parçalarından məlum olur ki, Peturburqda köçkün taleyi yaşayan bakılı Edqar Lalayan həyatını riskə qoyaraq gizli yolla Bakıya – azərbaycanlı uşaqlıq dostunu görməyə gəlib; həmçinin Bakıda məskunlaşmış irəvanlı anadangəlmə lal-kar azərbaycanlı ordakı dostlarına baş çəkmək üçün İrəvana gedib. Bütün bunlar uydurmadır, yoxsa?

 

– Həyatda, deyə bilmərəm, amma yazıda uydurmağı bacarmıram. Gizli yolla Bakıya gələn o erməninin də, İrəvana gedən o azərbaycanlının da, ümumiyyətlə «Qısa qapanma»dakı bütün obrazların həyatda prototipləri var. Adları etika xatirinə dəyişdirmişəm.

 

– Səhv etmirəmsə, 1992-ci ildə müsahibələrinizdən birində qeyd etmişdiniz ki, «Köçürülmə» romanının ardını – yəni 1988-1992 il erməni-azərbaycanlı qarşıdurmalarını yazıya alacaqsınız. Amma birdən-birə ortaya «Qısa qapanma» romanı çıxdı.

 

– Mənim aləmimdə «Qısa qapanma» «Köçürülmə»nin ardıdır, daha doğrusu, bu silsilədə üçüncü romandır.

 

– Bəs birinci roman hansıdır?

 

– Onu hələ bitirməmişəm: 1905-1920-ci il erməni-türk qarşıdurmaları romanda əhatə olunur. Ümidvaram ki, bu ilin axırına, ya 2016-cı ilin əvvəlinə bu yazını da tamamlayacam.

 

– O illərin hadisələrini təbii ki, görməmisiniz.

 

– Amma atam da, əmim İsmayıl da o hadisələrin şahidləri idilər. Onlar bütün Vedibasar camaatı kimi 1920-21-ci illər ərzində İranda, Xoy mahalında mühacir həyatı yaşayıblar və atam da, əmim İsmayıl da bu barədə mənə çox şeylər danışıblar. Yaxın tarixdir və kifayət qədər tədqiq olunub.

 

– Son zamanlar atəşkəs tez-tez pozulur, qarşıdurma yenidən gərginləşir. Siz bir qələm sahibi kimi bu münaqişənin sonunu necə görürsünüz?

 

– Bütün müharibələrin sonu kimi…

 

– Qısa qapanma»da da bu məsələ çözülür.

 

– Bu belə də olmalıdır; ədəbi meyar Mirzə Cəlilin «Kamança»sıdır, C.Cabbarlının «1905-ci ildə» pyesidir, N.Nərimanovun «Bahadur və Sona»sıdır.

 

– Yəqin ki, yaxın zamanda «Qısa qapanma»nı kitab halında da görəcəyik.

 

– Bu barədə hələ düşünməmişəm, amma qismət olsa, «Köçürülmə»ni, «Qısa qapanma»nı və bu sıradan üçüncü romanı bir kitabda yayımlamaq niyyətim var.

 

– Sizə uğurlar.

 

– Sağ olun.

Mənbə : Lent.az

Bakıya gizli gelen o ermeni heyatdadır MÜSAHİBƏ