İçeriğe geçmek için "Enter"a basın

Nesimi Paşayev: “Metropolitende gediş haqları artırılmayacaq”

03-03-2015


03.03.2015 / 19:33 xeber –

“Metronun bəzi stansiyalarında və keçidlərdə ticarət köşkləri fəaliyyətə başlayacaq”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
 
Nəsimi Paşayev “Bakı Metropoliteni” QSC-nin bir il ərzində gördüyü işlərdən danışıb: “Bakı Metropoliteni” QSC 2014-cü il fevralın 21-də Azərbaycan Respublikası prezidentin sərəncamı ilə yaradılıb. Bakı metrosu sərnişinlər üçün təhlükəsiz və rahat nəqliyyat növüdür. Buna görə də “Bakı Metropoliteni” sərnişinlərin zövqünü korlayan, onları narahat edən, həyatı üçün təhlükə yaradan və eyni zamanda metropolitenin hərəkətinə təhlükə yaradan ticarət obyektlərini yığışdırmaq qərarına gəldi, ticarətçilərlə Metropoliten idarəsi arasında olan müqavilələrin vaxtı artırılmadı və ticarət köşkləri yığışıldı. Vaqonlarda quraşdırılan monitorlar, reklamlar ləğv edildi. Hal-hazırda metroda qatarların ehtiyat hissələrinin alınması, nasazlıqların vaxtından əvvəl müəyyənləşdirilməsi sayəsində xidmət keyfiyyəti də artıb. 2014-cü ildə il ərzində baş verən nasazlıqlar əvvəlki illərə nisbətən iki-üç dəfə azalıb. Əgər 2014-cü ilin yanvar ayında qatarların plandankənar depoya qayıdış sayı 49 idisə, 2015-ci ilin yanvar ayında bu rəqəm 18 olub”.
 
Qonaq əhalinin metrodan daim şikayətçi olmasını metronun ən çox istifadə olunan nəqliyyat növü olması ilə əlaqələndirir: “Qış rejimində gün ərzində 700 min sərnişin metrodan istifadə edir. Yeraltı nəqliyyat növü həm sürət, həm interval və təhlükəsizlik baxımından digər nəqliyyat növlərindən üstündür. Əməkdaşlarımız əhalini məmnuniyyətini təmin etmək üçün 24 saat çalışırlar”. 

 

Metropoliten rəsmisi stansiya və keçidlərdə sanitar qovşaqların olmamasının səbəbini açıqlayıb: “Biz fəaliyyətə başladığımız dövrə qədər metropolitenin bəzi stansiya və keçidlərində əsasən orada fəaliyyət göstərən ticarətçilərin istifadə etdiyi sanitar qovşaqları mövcud idi. Lakin həm təhlükəsizlik, həm də gigiyenik baxımdan yeraltı ictimai nəqliyyatda bu cür sanitar qovşaqların olması məqsədəuyğun hesab edilmir. Düzdür, bəzi stansiyalarda olan sanitar qovşaqları ictimaiyyət üçün açıq omasa da, ehtiyacı olan insanların – yaşlıların, uşaqlıların bu qovşaqlardan istifadəsinə şərait yaradılır. Hətta stansiyalarda zibil qabının olması da təhlükəsizlik baxımından məqsədəuyğun hesab edilmirr”.
 
Qonaq sağlamlıq imkanları məhdud şəxslər üçün metropolitendə şəraitin olmamasına da münasibət bildirib: “Metropoliten struktur baxımından o qədər mürəkkəbdir ki, istədiyin an dəyişiklik aparmaq mümkün deyil. Yeni istifadəyə veriləcək xətlərdə sağlamlıq imkanları məhdud şəxslərin metrodan istifadəsi nəzərə alınıb. Bu stansiyalarda xüsusi liftlər nəzərdə tutulur və onlar bu liftlər vasitəsilə asanlıqla birbaşa perrona və vaqonlarda onlar üçün ayrılmış hissələrə keçə biləcəklər”. 

 

Nəsimi Paşayevin sözlərinə görə, tezliklə metroda qatarların daha sürətli hərəkəti təmin olunacaq: “Hazırda metropoliten Fransanın 3 şirkəti ilə memorandum imzalayıb. Bu memorandumlardan birində eyni nöqtədə kəsişən xətlərin ayrılması üçün “28 may” stansiyasında yeni tunelin tikintisi nəzərdə tutulur. Əslində, metro istifadəyə verilərkən “Cəfər Cabbarlı” stansiyası məhz bunun üçün nəzərdə tutulmuşdu, lakin sonradan bu layihə gerçəkləşməyib. Razılaşmaya görə hər birinin uzunluğu 100 metr olan tunel tikiləcək və bundan sonra yaşıl və qırmızı xətlər bir-birindən ayrılacaq”. 
 
Stansiyaların təmizliyi ilə bağlı narazılıqların olduğunu etiraf edən idarə rəsmisi bunun səbəbini belə izah edib: “Metropolitenin bütün stansiyalarında təmizlik personalı fəaliyyət göstərir, bundan əlavə, hazırda müasir təmizlik avadanlıqlarından da istifadə olunur. Hava şəraitindən asılı olaraq, nəinki qeyri-iş saatlarında, hətta iş vaxtı da stansiyaların təmizlənməsi həyata keçirilir. Xüsusilə “Koroğlu” stansiyasında təmizliklə bağlı problem yaşanır. Bunun səbəbi isə həmin stansiyanın keçidinə yaxın ərazidə gedən tikinti işləridir. Ora yığılan toz-torpaq hava çəkimi vasitəsilə stansiyalara daxil olur. Ümumiyyətlə, stansiyaların çirklənməsinə xarici amillər çox təsir edir”. 
 
Metroda dilənçilik faktlarına qarşı sərnişinlərin də mübarizə aparmalı olduğunu deyən qonaq bu istiqamətdə işlərin görüldüyünü deyib: “Əvvəlki vaxtlara nisbətən metroda dilənçilik edənlərin sayı azalıb. Lakin səyyar ticarətin qarşısı tam alınsa da, vaqonlarda dilənçilik edənlərin kökünü kəsmək olmur. Həm metropoliten işçiləri, həm də polis əməkdaşları bu hallarla rastlaşdıqda həmin şəxsləri stansiyadan uzaqlaşdırır. Təəssüf ki, belə şəxslər stansiyaya normal geyimdə daxil olur, içəri keçdikdən sonra geyimlərini dəyişə bilirlər. Onlarla həm yeraltı, həm yerüstü nəqliyyatda, ümumiyyətlə, hər yerdə mübarizə aparmaq çətindir. Bu sahədə əhali də aktiv olmalı, hər hansı xoşagəlməz hal müşahidə etdikdə stansiya növbətçisinə məlumat verməlidir”. 

 

Metroda gediş haqqının artması məsələsinə münasibət bildirən Nəsimi Paşayev bildireib ki, sərnişindaşıma xərcləri kifayət qədər çoxdur: “Metropolitenin gediş haqqını Tarif Şurası müəyyən edir. Bu, bizim səlahiyyətimizə daxil məsələ deyil. Əgər bizim tərəfimizdən Tarif Şurasına müraciət olarsa, qiymətə baxıla bilər. Lakin biz müraciət etməmişik və yaxın müddət ərzində bu məsələnin müzakirəsini də nəzərdə tutmuruq. Bir sərnişinin gediş xərci ödənilən məbləğdən çox artıqdır. Bu əlavə məbləğ dövlət tərəfindən ödənilir. Bu xərc sərnişin tərəfindən bir gediş üçün ödənilən məbləğdən ən azı iki dəfə artıqdır”. 
 
Qonaq metroda sıxlığın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb: “Əgər 10-15 il əvvəl metrodan istifadə edən sərnişinlərin sayı il ərzində 100 milyon idisə, hazırda bu rəqəm 200-220 milyondan artıqdır. Qatarlar faktiki olaraq bir xətt üzərində hərəkət edir. Əsas məqsədimiz bir xətt üzərində hərəkət edən sərnişin sıxlığını azaltmaqdır. Buna yeni xətlərin və stansiyaların açılması ilə nail ola bilərik. 2011-ci ildə prezident tərəfindən təsdiq edilmiş Bakı Metropolitenin konseptual inkişaf sxeminə görə bizim 5 xəttimiz olmalıdır və stansiyalarımızın sayı 76-ya çatdırılmalıdır. 2030-cu ilə qədər hər şey qaydasında gedərsə, biz bunları tətbiq etmək iqtidarındayıq.  Bundan sonra hətta şəxsi avtomobildən istifadə edən sərnişinlərin belə çoxu metrodan istifadə edəcəklər”.

Nəsimi Paşayev Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq barədə də məlumat verib: “Biz Avropa Oyunlarının Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq edir,  hər həftə onların iclasında iştirak edirik. Əminliklə deyirəm ki, təhlükəsizlik baxımından bizim heç bir problemimiz yoxdur, hətta sərnişinlər yerin altında yerin üstündən daha təhlükəsizdirlər”. 

 

“28 may” stansiyasının girişinin hələ hazır olmadığını deyən qonaq metroda ticarətin bərpa olunacağı barədə xəbərlərə də münasibət bildirib: “Koroğlu” stansiyası yenidən qurulanda orda müəyyən yerlər nəzərdə tutulmuşdu və biz həmin yerlərdən istifadə etmək qərarına gəldik. Hazırda o yerlərdə kitab mağazası istifadəyə vermişik. Xüsusilə sərnişin axınına problem yaratmayan yerlərdə, müəyyən stansiyalarımızda təmir bərpa işləri zamanı bu cür yerlərin yaradılmasını düşünürük. Təbii ki, burada hər şey satılmayacaq, kitab satışı, gül dükanları şəbəkəsi və apteklər şəbəkəsi olacaq”.

Mənbə : Lent.az

Nesimi Paşayev: “Metropolitende gediş haqları artırılmayacaq”