İçeriğe geçmek için "Enter"a basın

Özgecanın qatiliyle nece davranmalı?

04-03-2015


04.03.2015 / 08:30 xeber –

Sevda Sultanova

Bu əhvalatı mənə danışanda necə reaksiya verəcəyimi bilmədim: Nənə, stəkanı sındırdığına görə iki yaşlı nəvəsinin əlini  sobada yandırıb.

 

Öz aləmində qadın guya ağlı kəsməyən körpəyə cəza verir. Üstəlik, nəvə biganə, sevgisiz, ruhsuz evdə yarıac, yarıtox böyüyür. Yıxılıb, harasısa qanayanda, əziləndə nə ananın, nə nənənin vecinə olur.

 

Bu vəziyyətin məntiqi nəticəsi ola biləcək hadisəni, uzun illər sonra hansısa portalda, informasiya proqramında  “Nəvə nənəsini amansızlıqla qətlə yetirdi” kimi oxusaq, eşitsək təəccüblənmərəm.

 

Xüsusən də Azərbaycan kimi yarımühafizəkar, dəyişən dəyərlərin arasında çapalayan, necə yaşamağı hələ özü üçün aydınlaşdıra bilməyən toplumlar üçün aktuallığını itirməyən Özgəcan faciəsi haqda oxuyanda əksəriyyət kimi mənim də münasibətim anında qəzəbli oldu: “Qatil heç bir sorğu-suala çəkilmədən həbs olunmalı, asılmalı, xədim edilməlidir”. 

 

Sosial şəbəklərdə qatilin edam olunması, edamın yenidən qüvvəyə minməsi barədə çağırışlar səslənməyə, artmağa başlandı.

 

Amma istənilən halda kütlənin edam qərarını geriyə qaytarması üçün cağırışlarında, qatilə, hətta o nə qədər amansız olursa-olsun, son söz imkanı verilmədən mühakimə etmək tələbində antiinsani və elə qatilin davranışlarına müəyyən mənada adekvat olan nəsə var. Həm də ona görə ki, edam qərarı heç bir halda vəziyyətdən çıxış yolu deyil.

 

Hadisədən bir neçə gün sonra gənc qızın qatilinin anası danışdı. Zavallı qadıncığazın dediklərindən bəlli oldu ki, oğlu çox amansız, sevgisiz ailə mühitində böyüyüb. Gözünü açıb anasını döyülən, söyülən görüb, atası həbslərdə yatıb. Gördüyü qəddar davranışı həyatın norması kimi qəbul edib. Daha bir nünas diqqətimi çəkdi. Ailənin maddi imkanları məhdud olub və oğul anasına işləyib, onu yaxşı şərtlərdə yaşadacağına söz verib. Faciədə yeganə işıqlı bir zərrəcik vardısa, elə bu, kiçik, bəlkə də kimlərəsə əhəmiyyətsiz görünəcək nüans idi.

 

Dünən My film School məktəbində rejissorluğu öyrənən tələbələrlə kinoda əhvalata fərqli baxış bucağı məsələsini müzakirə edirdik. Nümunələrdən biri kimi Özgəcan hadisəsinə toxunduq. Ümumi baxışın olduğu faicəyə rejissor kimi siz hansı baxış bucağını təklif edərdiz deyə soruşdum. Məsələn, hadisəyə qatilin gözü, yaşadığı gerçəklərlə baxsaq, hansı mənzərə ortaya çıxar əcəba? Daha önəmli, çətin olan da məhz budur.

 

Sənətin, ədəbiyyatn bunun qədər vacib missiyası olmayıb: insanı, onun hərəkətlərinə gətirən səbəbləri araşdırmaq, suallar vermək, düşündürmək və s.

 

Azərbaycanda da az qala hər gün Özgəcan olayları baş verir, mən də daxil olmaqla cinayətkarları qınayırıq, ittiham edirik, həbslərdə çürüməsini istəyirik.

 

İyrənc, ikrah doğuran hadisələrin kökündə nələrin dayandığını bilmədən, analiz etmədən, anlamadan verilən cəzaların nəyisə dəyişdirəcəyinə inanmaq çətindir.

 

…Rejissor Mixail Haneke də “Ağ lent” filmi ilə zorakılığın kökünü araşdırmağa cəhd edir. İlk baxışda idillik təsri bağışlayan kənddə naməlum adamların törətdiyi zorakı hadisələr baş verir. Hamı sərt qaydaları ilə fərqlənən yerli pastordan şübhələnir. Pastor uşaqların qoluna təmizliyin simvolu kimi ağ lent bağlayır. Amma uşaqların qəlbində buna etiraz kimi yalana, zorakılığa meyl yaranır.

 

Rejissor zorakılıq mövzusunu Birinci Dünya Müharibəsinin nümunəsində araşdırır. Süjetdə gənc nəsil arasında zorakılığın doğuluşunu axtarır, bunun nəticəsi olaraq faşist diktaturasının qurulmasına eyham edir.

 

Haneke deyir: “Məni uşaqlar maraqlandırır, çünki onlar cəmiyyət ierarxiyasının ən aşağı pilləsində yerləşirlər. Onları öyrətmək, tərbiyələndirmək və istədiyin kimi əsarətdə saxlamaq olar. Bu haqda düşünəndə anladım ki, bizim cəmiyyətin dramı nədədir: Biz uşaqlara öz prinsiplərimizi öyrədirik, onlar bunu ideallaşdırır və sonda bizi onlara öyrətdiklərimizlə cəzalandırır. “Ağ lent”  belə yarandı”.

Mənbə : Lent.az

Özgecanın qatiliyle nece davranmalı?