İçeriğe geçmek için "Enter"a basın

Humay Abdullayeva: “Gencler üçün imkanlar yaradılır”

04-03-2015


04.03.2015 / 10:45 xeber –

Lent.az Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin BANM əməkdaşı Humay Abdullayeva ilə müsahibəsini təqdim edir. H. Abdullayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında 610 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika” ixtisasına qəbul olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı”nın xətti ilə Koreyanın KAİST Universitetinə – Korea Advanced İnstitute of Science and Technology (Koreya Ali Elm və Texnologiya İnstitutu) qəbul üçün keçirilən müsabiqədə bir neçə mərhələdən uğurla keçərək 2009-2014-cü illərdə həmin universitetdə “Kompüter elmləri” üzrə təhsil alıb.

– Humay xanım, necə oldu ki, siz xaricdə məhz kompüter elmləri üzrə təhsil almaq fikrinə gəldiniz?

– Hər zaman texnologiyaya marağım olub. Koreyada təhsilimin birinci ili seçim dövrü idi, yəni bir il ərzində biz bütün ixtisaslar üzrə fənləri götürməli idik və növbəti il seçim etməli idik. “Proqramlaşdırmaya giriş” fənnini keçdikdən sonra anladım ki, bu sahə məhz mənim öyrənmək istədiyim, özümü inkişaf etdirmək istədiyim sahədir. Çünki çoxlu innovasiyalar və yeniliklər etmək imkanı var. Tələbəlik dövründə dərslərdən əlavə başqa universitetlərin kurslarını da onlayn izləyərək öz biliyimi dərinləşdirirdim. Həmin kurslardan sertifikatlar əldə etdim. Son semestrdə işlədiyim tədqiqat layihəsi isə “Ən yaxşı layihə ” adını qazandı.

– Xaricdəki təhsilin Azərbaycandakı təhsildən nə kimi fərqi var? Üstün və mənfi cəhətləri hansılardır?

– Önəmli fərq xaricdə daha çox diqqətin tədqiqata ayrılmasıdır. Tələbələr bakalavr dövrünün ortalarından artıq laboratoriyalarda işləyir, onları maraqlandıran mövzu üzrə tədqiqat aparırlar. Yəni axtarış-tədqiqat (research) imkanları genişdir. Digər fərq isə, fərqli biliyə, fərqli mədəniyyətə sahib olan insanlarla ünsiyyətdə olmaqdır. Bu, insanın dünyagörüşünü müsbət mənada dəyişir, həmçinin komandada işləmək bacarıqlarını artırır. Mənfi cəhəti isə, fikrimcə, orada professor-müəllim heyətinin tələbə ilə daha az kontaktda olmasıdır. Bizim universitetlərdəki professor-müəllim heyəti tələbələrlə daha çox məşğul olurlar, onların bütün suallarını cavablandırmağa çalışırlar. Bu, bizim təhsilin xaricdəki təhsildən üstün olan cəhətidir.

– Xaricdə təhsil alıb Vətənə döndükdən sonra harda işə başladınız? Bu gün Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin mühəndisi olaraq üzərinizə hansı öhdəliklər düşür və əsas işiniz nədən ibarətdir? 

–  İlk işim, daha doğrusu, təcrübəm İqtisadi İnkişaf Nazirliyinin Elektron İdarəetmə şöbəsində olub. Növbəti işim isə SOCAR İTRİ-də bir aylıq təcrübə olub. Amma ilk rəsmi işim Bakı Ali Neft Məktəbindədir. 2014-cü ilin əvvəlində bakalavr təhsilimi bitirdikdən sonra Vətənə qayıtdım və Bakı Ali Neft Məktəbindən dəvət aldım. Hal-hazırda Keyfiyyətin Təminatı şöbəsində mühəndis olaraq fəaliyyət göstərirəm. Əsas işimiz tədrisin keyfiyyətinə nəzarətdir. Bildiyiniz kimi, Bakı Ali Neft Məktəbi İngiltərənin Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində olan bütün koordinasiya işləri ilə Keyfiyyətin təminatı şöbəsi məşğul olur. Buna tələbələrə dəstək, qiymətlərin analizi, statistikasının yaradılması və digər məsələlər daxildir. Bundan əlavə, dərslərin keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq gizli sorğular keçirilir, onlar analiz olunur, müəllimlərlə nəticələr barədə müzakirələr aparılır. Tələbələrin  yayda istehsalat təcrübələrinə göndərilməsini təşkil edirik, təcrübənin sonunda hesabatları qəbul edib qiymətləndiririk. Bizim işimiz çox məsuliyyətli bir işdir. Bununla yanaşı, öz bilik və təcrübələrimi daha gənc kadrlarla bölüşür və eyni zamanda, akademik heyətimizin bilik və təcrübələrindən yararlanıram. Bunun nəticəsində özümün həm şəxsi, həm peşəkar mənada xeyli inkişaf etdiyimi görürəm.

– Qarşınıza qoyduğunuz məqsədlər və hədəflər hansılardır? Çətin işin öhdəsindən gəlməyi necə bacarırsınız, sizə nə və yaxud kim kömək olur?

–  Hər bir şəxs həyatda nə istədiyini bilməlidir ki, həmin hədəflərə çata bilsin. Bununla belə, qarşıya qoyduğun məqsədlərə çatmaq üçün çox çalışmalısan. Tələbəlik dövrümdən başlayaraq öz üzərimdə çox işləmişəm ki, öz sahəmin ən yaxşı mütəxəssislərindən biri ola bilim. Hazırkı hədəfim də məhz budur. Daim öz üzərimdə işləyirəm, təlimlərə gedirəm, məqalələr oxuyuram, yeni innovasiyalar ilə maraqlanıram.  Əsas odur ki, olduğun yerdə qalmayasan, hər gün yeni bir şey öyrənəsən. Sözsüz ki, çətinliklərlə rastlaşmışam və istənilən çətin anımda ailəm mənə dəstək olub və stimul verib. Bununla yanaşı, bu gün ölkəmizdə gənclər üçün çoxlu imkanlar yaradılır. Bunlar gənclər üçün təhsil proqramları, xaricdə təhsil, həmçinin çox yaxşı iş şəraitinin yaradılmasıdır. Bir gənc olaraq mən dövlətimizin gənclər siyasətini dəstəkləyirəm. Mən özüm də bir az öncə qeyd etdiyim kimi, bu imkanlardan yararlanaraq təhsilimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı”nın vasitəsilə almışam. Bu cür imkanın verildiyi üçün də təşəkkür edirəm.

– Özünüzü necə inkişaf etdirirsiniz və başqa hansı qabiliyyətləriniz var?

– Uşaqlıqdan rəsm çəkməyi sevirəm. Məktəb vaxtlarında çəkdiyim əsərlər sərgilərdə nümayiş olunurdu. Bundan əlavə, rəqslə məşğul oluram.  Milli və ispan rəqsləri üzrə dərslər almışam. Kitab oxumağı sevirəm, daha çox psixologiya və menecmentlə bağlı kitablar oxuyuram.

 

 

 

Mənbə : Lent.az

Humay Abdullayeva: “Gencler üçün imkanlar yaradılır”