İçeriğe geçmek için "Enter"a basın

Qrip zamanı hansı dermanlar tehlükelidir? – DİQQƏT

04-03-2015


04.03.2015 / 16:23 xeber –

"Qripə yoluxan kimi antibiotik qəbul etmək qadağandır"

 

 

“Hərarət salan, iltihab əleyhinə olan dərmanlara qarşı çox diqqətli olmaq lazımdır”

 

“Çox zaman böyük əksəriyyət yuxarı tənəffüs yolları xəstəliklərinin hamısını qrip adlandırır. Bu təsəvvürün dəyişməsi lazımdır. Həmin xəstəliklərin hamısına qrip deyib, müalicəsi üçün özfəaliyyətlə məşğul olmaq olmaz”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının dosenti, Tədris Terapevtik Klinikasının baş həkimi Ramin Bayramlı deyib.

 

Ramin Bayramlı bildirib ki, qrip özü ayrılıqda nozoloji vahiddir, onun özünün törədicisi var: “Əslində bizim qriplə bağlı bir çox təsəvvürlərimiz dəyişməlidir. Bəlkə də insanlıq var olan gündən qrip də var. Sadəcə, zaman-zaman onun formaları dəyişir. Qrip virusu ilə bağlı araşdırmalar, tədqiqatlar günümüzə qədərə də davam edir və çox maraqlı nəticələr mövcuddur”.

 

Həkim deyib ki, müasir dövrdə heç bir xəstəliyi, o cümlədən də qripi evdə müalicə etmək olmaz: “Təbii ki, əksər hallarda qrip sağalma ilə nəticələnir. Ancaq çoxlu sayda faktlar da mövcuddur ki, qrip nəticəsində ağırlaşmalar yaranır. Bundan başqa, xəstənin qripə yoxsa, tənəffüs yollarının digər xəstəliklərinə yoluxduğunu aydınlaşdırmaq lazımdır.

 

Əslində qrip virusunun törətdiyi xəstəliyin simptomları digər virusların törətdiyi yuxarı tənəffüs yolları xəstəliklərinin simptomları ilə çox oxşardır. Bu əlamətlər adətən ümumi olur. Gizli dövrdə başlanğıc əlamətləri ümumi şəkildə özünü büruzə verir. Hər kəs bilməlidir ki, tənəffüs yollarının elə xəstəlikləri var ki, onların ardınca daha ağır problemlər, fəsadlar yaranır. Orqanizmin autoimmun xəstəlikləri, hətta onkoloji problemlər də ortaya çıxa bilər. Yəni digər ağır xəstəliklərin də əlamətləri başlanğıc dövründə qrip əlamətlərinə bənzəyə bilər. Ona görə də virusa yoluxan zaman mütləq mütəxəssislərə müraciət etmək lazımdır”.

 

Qripin ağır fəsadlarından birinin də ağ ciyərin mexaniki qoruyuculuq funksiyasının itirilməsi olunduğunu deyən R. Bayramlı qeyd edib ki, ikincili infeksiyaların, bakteriyaların prosesə qoşulması ilə xəstəliyin daha da ağırlaşması baş verir: “Qrip pnevmaniyası, yaxud da hamının sətəlcəm kimi tanıdığı prosesin başlanması ağırlaşmadır. Belə ağırlaşmaların yaranmaması üçün vaxtında tədbirlər görülməlidir”.

 

 

Mütəxəssis onu da deyib ki, qrip zamanı hərarət salan və iltihab əleyhinə olan dərman preparatlarına qarşı çox diqqətli olmaq lazımdır:

 

“Hətta bəzən evdə qripə yoluxan uşaqlara “Aspirin” verilir. Buna qətiyyən yol vermək olmaz.  Uşaqlar üçün “Aspirin”ə  ehtiyac varsa belə, bunu həkim təyin etməlidir”.

 

Qripdən sonra meningit, pnevmaniya, tənəffüs çatışmazlığı kimi ağırlaşmaların da yarandığını deyən R. Bayramlı, ürək problemi olan insanlarla bağlı daha ehtiyatlı davranmağı tövsiyə edib:

 

“Belə xəstələrdə qrip ağırlamaları zamanı hətta ürək funksiyaları da itirilə bilər. Bütün bunlar bizi qripə çox sadə bir hal kimi yanaşmamağa, evdə müalicədən ehtiyat etməyə vadar etməlidir. Törədici dəqiq təyin olunmalı, bunun doğrudan da qrip olduğu aydınlaşmalıdır”.

 

Mütəxəssis deyib ki, ən həssas məqamlardan biri də hamilələrin qrip virusuna  yoluxmasıdır: “Qrip hətta ana bətnində olan körpədə DNT-ni  zədələnməsinə də səbəb olur. Ona görə də qripin ağırlaşmasını gözləmədən həkimə müraciət etməlidirlər.

 

Başqa bir misal, bir uşağın ciddi xəstəliyi varsa, qrip zamanı hansı tədbirlər görüləcəyinə valideyn deyil, həkim qərar verməlidir. Hansı addım atılacağını ancaq mütəxəssislər bilə bilər”.

 

R. Bayramlının sözlərinə görə, əslində virus mənşəli xəstəliklərin müalicəsi üçün geniş imkanlar yoxdur: 

 

“Qrip virusu əleyhinə bir sıra dərman preparatları kəşf olunandan sonra bu günə qədər də istifadə olunur. Ümumiyyətlə, xəstəliyin bilavasitə özünün müalicə olunmasına yönəlik dərman preparatları məhdud saydadadır.

Çünki viruslar hüceyrə daxili mikroorqanizmlərdir. Bizim tətbiq etdiyimiz dərmanlar isə daha çox hüceyrə arası törədicilərə təsir etdiyi üçün biz dolayı müalicə üsullarından, təsir vasitələrindən istifadə edirik. 

 

Bu problem zamanı ən önəmli olan məqam simptomların aradan qaldırılması, baş verə biləcək ağırlaşmaların qarşısının alınmasıdır. Məsələn,  yüksək hərarət nəticəsində ortaya çıxacaq problemlərin qarşısını almaq ən mühüm addım sayılır. Bunların qarşısını almaq üçün isə həkimə müraciət olunmalıdır.

 

Bəzən bizim insanlar hesab edir ki, həkim mütləq venadaxili manipulyasiya aparmalıdır. Bu yanlış təsəvvürdür. Həkimə müraciət sadəcə, dərman təyinatı almaq üçün deyil ki. Həkim dərman təyin etməyə, hansısa manipulyasiya aparmaya da bilər. Sadəcə, qrip zamanı həyat tərzinin necə seçilməsini bizə tövsiyə edə bilər, bu da çox önəmlidir”.

 

R. Bayramlı qrip virusuna yoluxan kimi dərhal antibiotik qəbul etməyin yanlış olduğunu deyib:

 

“Qripin ağırlaşmaları zamanı prosesə bakteriyaların qoşulması nəticəsində irinli, bəlğəmli bir proses yaranırsa, bu zaman törədicinin nə olduğu aydınlaşmalıdır. Bunun üçün mikrobioloji analiz aparılır və onun hansı antibiotiklə müalicə oluna biləcəyi aydınlaşır. Yalnız bundan sonra antibiotik təyin oluna bilər.

 

Qrip simptomu varsa, dərhal qaçıb antibiotik qəbul etmək qəti qadağandır.

Bəzən bizim həkimlər də antibiotikləri necə gəldi təyin edirlər. Təyinatına göstəriş var, yoxdur, bu nəzərə alınmır. Xəstələr özləri də özfəaliyyət şəklində bunu qəbul edirlər. Ancaq bunun nəticəsində elə hallar yarana bilər ki, biz mikroorqanizmlərin qarşısında aciz qala bilərik. 

 

Bəli, antibiotiklər qripin ağırlaşmalarında istifadə oluna bilər. Ancaq və ancaq onun törədicisi və antibiotikə həssaslıq dərəcəsi müəyyən olunandan sonra”.

 

Qrip zamanı yüksək hərarətə qarşı tədbirlər barədə danışan həkim deyib ki, hər kəs hərarətin orqanizmi qoruyan mexanizm olduğunu bilməlidir: “Qrip zamanı temperaturun müəyyən həddə qədər saxlanması lazımdır. Çünki temperatur orqanizmin müdafiəsi üçündür. Ancaq qızdırma 39 dərəcəni keçərsə, aşağı salınması vacibdir. Çünki yüksək temperatur nəticəsində orqanlarımızda, o cümlədən də beyində patoloji dəyişikliklər meydana gələ bilər.

 

Xüsusilə uşaqlarla bağlı daha diqqətli olmaz lazımdır. İrsiyyətdə epilepsiya, qıcolma halları olubsa, bəzən uşaqlarda hərarət 38 dərəcə olduğu zaman da bu hala rast gəlinər. Bəzən isə orqanizmin 40 dərəcəyədək dözümlülük göstərməsi mümkündür”.

 

Ramin Bayramlı onu da deyib ki, qızdırması olan şəxsi isti mühitdə saxlamaq, yüksək hərarət zamanı isti proseduraları etmək yanlışdır:

        

“Bir çox hallarda analar yüksək hərarəti olan uşağı yanlış olaraq bürüyürlər. Əksinə, hərarət 39 dərəcəni keçibsə, çox soyuq proseduralardan istifadə məsləhətdir. Məsələn, soyuq duş qəbul etmək lazımdır. Bəzən valideynlər bundan çəkinirlər. Çəkinmək lazım deyil. Biz klinikada bunu dəfələrlə sınaqdan keçirmişik. Hətta dərmanlar yüksək hərarətin qarşısında aciz qalanda mexaniki, fiziki üsullara müraciət edirik. Ən yaxşı üsullardan biri di soyuq prosedurudur”.

 

Həkim daha sonra deyib ki, qrip virusuna yoluxanlar bol mayeli, bol vitaminli qidalara üstünlük verilməlidir: “Duru, asan həzm olunan qidalar qəbul etmək lazımdır. Heç bir halda ac qalmaq olmaz. Aclıq müalicə metodu deyil. Ancaq ifrat yemək də düzgün deyil”.

 

Mənbə : Lent.az

Qrip zamanı hansı dermanlar tehlükelidir? – DİQQƏT