İçeriğe geçmek için "Enter"a basın

Uduzmağa ixtiyarınız yoxdu!

05-03-2015


05.03.2015 / 00:20 xeber –

İdmanda və kazinoda təsadüfi qələbə demək olar ki, mümkün deyil. Əslində, səhv etmirəmsə Georgi Aleksandrovundu, onun bu fikri ilə razılaşmamaq olmur. Doğrudan da bütün təsadüflər, hansısa zərurətdən yarandı. Elə “apasport” kimi. Zərurətdən yarandı və heç də təsadüfən yox, əksinə gərgin zəhmət bahasına indi 9 milyonluq məmləkətin onlarla idman saytı arasında liderliyini heç kimə güzəştə getmək fikrində deyil.

 

***

 

Bu uşaqlar əslində fövqəladə heç nə etmirlər. Hamı kimi səhər işə gəlirlər, bilgisayarı açıb işlərinə başlayırlar. Arada, saatda bir dəfə İxtiyar Tengizlə Ruslanı otaqda qaravolçu qoyub – Tahirlə Vüqarı götürüb siqaretə düşür, ya da əllərində fincanları çay içməyə fasilə verərlər. Amma di gəl, qəfildən “apasport”un online xəbərləri qızardı, özlərinin də dediyi kimi, bombadı ha, partladı.

Statistiklər öz yerində – yeri gəlmişkən ölkənin ən yaxşı statistiki elə “apasport”da işləyir – bayaq dediyim o əksəriyyəti qırğı olan idman saytları da istinadsız-filansız “kopy-paste” edincə bir mərəkə qopsun ki. Və haqlı mərəkə təbii. Oğurluq çox əclaf şeydi.

Düzdü, neçə illərdi saytın baş direktoru İxtiyar Əsgərov bunu onlara başa sala bilmir, amma məşhur filmdə Roki Balboanını sözü olmasın, qonq çalınmayınca döyüşü dayandırmaq olmaz. Bu qırğılar başa düşmürlər ki, peşəkar boksçunun xətrinə dəyə bilərsən, amma üzr istəməyə imkan tapmarsan.

 

***

 

Bir dəfə Yevgeni Xankin belə bir aforizm səsləndirmişdi. “Kliçko qardaşlarına qarşı vuruşmaq intihara bərabərdi”. Elə “apasport”un qabağında durub da, onunla liderlik bəhsinə girmək özünütəcriddir. İllərdi liderliyini qoruyub saxlayır “apasport” və bu liderliyi heç kimə vermək niyyətində deyil.

 

***

 

Futbol terminiylə desək, komanda futbolu oynayır həmkarlarımız. Zaman-zaman oyunçu dəyişiklikləri, müxtəlif transferlər olsa da, illərdi öz oyununu diktə edə bilir. Neçə illərin baş məşqçisi, neçə illərin təcrübəsi, bu komandanı zirvədən enməyə qoymur.

 

***

 

“Apasport”un uğuru təkcə komanda oyununda da deyil. Burda baş direktordan tutmuş tərcüməçiyə kimi hamı yerindədi. Mən, qosqoca Vüqar Xeyrullayevdən tutmuş tərcüməçi Nemətə kimi bir peşəkarlar takımını deyirəm. Elə Tahiri də, Tengizi də, Ruslanı da, hansı idman saytı, hansı özünə hörmət edən media qurumu öz sıralarında görmək istəməz?

 

***

 

Məndən yaxşı bilərsiz, sizi öyrədəsi deyiləm ki? İstər Vüqarın statistikasında, istər Tahirin voleybolunda, ya da Tengizlə Ruslanın futbolunda belə bir əzəli-əbədi tezis var: Qalib gəlmək üçün uduzmağı da bacarmaq lazımdı.

Sizə heç vaxt uduzmamaq arzusuyla,

 

Səbuhi Məmmədli

 

P.S. Yeri gəlmişkən, o cür baş məşqçiylə uduzmağa İXTİYARınız yoxdu…

Mənbə : Lent.az

Uduzmağa ixtiyarınız yoxdu!