İçeriğe geçmek için "Enter"a basın

Bayram bazarlığı, bayrama uyğun qiymətlər - REPORTAJ

29-12-2015


29.12.2015 / 20:30 xeber –

Yeni ilin gəlişinə sayılı günlər qaldı. Hər kəs bayram bazarlığına hazırlaşır. Bayramqabağı qiymətlər necədir? Bahalaşma varmı? Bu kimi suallara aydınlıq gətirmək məqsədilə üz tutduq paytaxtın mərkəzində yerləşən bazarlardan birinə.

 

Bazarın girişində ət satışı ilə məşğul olan satıcılara yaxınlaşıb qiymətləri soruşduq.

 

Satıcıların sözlərinə görə, mal əti bayrama görə bahalaşmayıb, əvvəlki qiymətlərlə alıcılara təqdim olunur. Belə ki, sümüksüz mal ətinin kiloqramı 7 manat 50 qəpiyə, qoyun əti 9 man 50 qəpiyədir: "Bayramqabağı olmasına baxmayaraq, ət məhsullarının qiymətində heç bir artım yoxdur. Alıcılarımız da şikayətçi deyil, yəni münasibdir qiymətlər"

 

Cürbəcür qoz, fındıq, ərik, gavalı turşusu piştaxtada göz oxşayır. Qiymətlərə gəlincə…

 

Qozun bir kiloqramı: 7-10 manat.

Ərik: 8, 12, 15 manat.

Gavalı: 5, 8 manat.

Qoz ləpəsi – 10, 20, 25 manat.

Quru alça: 3-6 manat arası.

Aş paxlası: 6-7 manat.

Lənkəran qozu: 8 manat.

 

Bazarda meyvələrin qiyməti növünə görə fərqlidir:

 

Quba alması: Qiymətlər 80 qəpikdən 2 manatadək dəyişir.

Nar: 1 manat 50 qəpik – 2 manat.

Lənkəran feyxoası: 2 manat.

Portağal: 1 manat 50 qəpik – 2 manat 50 qəpik.

Xurma: 1 manat 50 qəpik – 2 manat.

Heyva: 1 manat 70 qəpik – 2 manat 50 qəpik.

Armud: 2-3 manat.

 

Satıcılar yerli meyvə-tərəvəzin qiymətində ciddi dəyişiklik olmadığını bildirirlər:

 

– Əvvəlki illərlə müqayisədə elə də ciddi qiymət artımı yoxdur. Əksinə, ötən il baha satdığımız yerli meyvələri bu il bazara daha ucuz qiymətə çıxarmışıq.

 

– Bazarlarda qiymətlər yarmarkalardan daha sərfəlidir. Müqayisəli desəm, hər bir  malın qiymətində yarmarka ilə müqayisədə ucuzlaşma var.

 

Fürsətdən istifadə edib bayram bazarlığı edən alıcıların da fikrini öyrəndik.

 

– Hər kəsin bayramını təbrik edirəm, qiymətlərdə bahalıq çox deyil. Yəni hər bayramqabağı elə şeylər var ki, onlar elə əvvəlki kimi bahadır, amma ümumilikdə cibimizə uyğundur.

 

– Qiymətlərdən narazılığım yoxdur, şükür, bayram süfrəsi üçün bazarlıq edə bilmişəm, narazı deyiləm.

 

– Bazarda qiymət artımı demək olar ki, ciddi dəyişməyib, həmişə elə məhsullar var ki, bayrama görə baha olur, yəni fərq əvvəlki illərə nisbətən kəskin dəyişməyib.

 

– Gələn il inşallah, daha da ruzili il olar. Bu il də qiymətlər cibimizə uyğundur. Yəni istədiyim bazarlığı edə bilmişəm.

 

Qeyd edək ki, balıq ətinin qiymətində nəzərəçarpacaq artım olmasa da, satıcılar kütümün yeni ilə 2-3 gün qalmış iki dəfə bahalaşdığını deyirlər. Səbəb isə odur ki, cənub bölgəsinin insanları bayram süfrəsinə mütləq kütüm balığından hazırlanmış ləvəngi qoyurlar.

 

Hər birinizə gözəl bayram əhval-ruhiyyəsi, bol ruzi bərəkət arzusu ilə.

mənbə :
lent.az

Bayram bazarlığı, bayrama uyğun qiymetler – REPORTAJ