12:57 xeber – Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsinə məxsus yeni inşa olunmuş qarnizon kompleksinin və yeni alınmış xüsusi texnikalara baxış mərasimi keçirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edib, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan Döyüş Bayrağını təqdim edib.
General-polkovnik Elçin Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçirib, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub.
Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunub. Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avtotexnikanın təqdimatı keçirilib.
Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydançasının, yeni yaradılmış qalxma və enmə zolaqlarının, eləcə də digər yeni tikililərin təqdimatı olub.
Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas parametrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviyyəsində təşkil etmək üçün lazımi şəraitin yaradıldığı bildirilib.
Burada yerləşən xidməti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin edilmişdir. Anqarlarda helikopterlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olub. Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzində əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılıb.
Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzi ilə tanışlıqdan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuşların idarə edilməsinin təqdimatı olmuşdur.Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyətlə birgə nahar edib.
Elçin Quliyev bir qrup hərbi qulluqçunu təltif edib
mənbə :
anspress