İçeriğe geçmek için "Enter"a basın

Medvedyevin xizək sərgüzəşti

31-12-2015

13:40 xeber – Rusiyanın baş naziri Dmitriy Medvedyev Yeni il planlarını açıqlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Medvedyev bayramı Soçidə xizək kurortunda keçirəcək.

“Soçiyə gedəcəm. Başqa hara? Ora yaxşıdır. Qar yağıb, hava normaldır, indi gecələr mənfi temperatur olduğundan xizək mövsümünü açmaq olar. Qar çoxdur. İnsanlar əylənir” deyə baş nazir jurnalistlərə məlumat verib.

Hökumət başçısı həmçinin Yeni ilin ilk günlərində Soçidə turizmin inkişafı ilə bağlı görüş keçirəcəyini söyləyib.

Medvedyevin sözlərinə görə, Soçinin xizək kurortları olimpiadadan sonra daha da məşhurlaşıb. Bu isə öz növbəsində bölgənin iqtisadi imkanlarına təsir edir.

“Kurortlarımız üçün bu, yaxşıdır. Əsas odur onların sayı çox olsun” deyə baş nazir vurğulayıb.


Dmitriy Medvedyev xizək sürərkən

Soçi Medvedyevin Yeni il bayramını qeyd etmək üçün ənənəvi məkanlarındandır. Ötən il o, yanvarın ilk günlərini iş yerində keçirməli olmasına baxmayaraq, Soçinin yamaclarında xizək sürmək üçün kiçik fasilə vermişdi.

Olimpiadanın keçirildiyi 2014-cü ilin əvvəlində isə Medvedyev Yeni ili evində qeyd etsə də, daha sonra yarışlara hazırlığı şəxsən yoxlamaq üçün Soçiyə getmişdi.


Vladimir Putin Yeni ili qeyd edir

Rusiya prezidenti Vladimir Putin isə bu il də Yeni ili evində qarşılayacaq. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu günlərdə jurnalistlərə bildirmişdi ki, Putinin ənənəvi planı dəyişməyəcək.

“Ölkə başçısı ayın 30-dək işləyəcək, artıq onun iş qrafiki də planlaşdırılıb. Lakin ayın 31-də o, ənənəvi olaraq öz evində, doğmaları və yaxınları ilə birgə bayramı qeyd edəcək”, – deyə Peskov qeyd etmişdi.

Mətbuat katibi gələn ilin yanvarın 6-dək prezidentin xüsusi böyük tədbirinin olmayacağı, amma yanvarın 5, 6 və 8-də Vladimir Putinin artıq iş başında olacağını açıqlamışdı.

Amma 2010-cu il yanvarın 3-də Putin də Medvedyevin xizək sürüşmələrinə yoldaşlıq etmişdi. Həmin vaxt prezident olan Dmitriy Medvedyev baş nazir Putinlə birgə Soçinin kurort məkanlarından olan Krasnaya Polyanada bolluca əylənmiş, qar maşınları və xizək sürmüşdülər.


Putinlə Medvedyev Soçidə

mənbə :
anspress

Medvedyevin xizek sergüzeşti