İçeriğe geçmek için "Enter"a basın

Davudoğlu Səudiyyədən Rusiyanı hədələdi

31-01-2016

20:33 xeber – Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanında Rusiyanı hədələyib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rəsmi görüşlərdən sonra paytaxt Ər-Riyadda açıqlamalar verən Əhməd Davudoğlu Rusiyanın Su-34 döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə sərhədini pozmasına toxunub.

“Rusiya törətdiyi sərhəd pozuntusunun üstünü örtə bilməz. Türkiyə Rusiya ilə gərginliyi artırmağın tərəfdarı deyil. Rusiyanın Suriya məsələsində xoş niyyətli olmadığını görürük”,- deyə Türkiyə baş naziri bildirib.

Əhməd Davudoğlu Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanı ilə Türkiyənin həmfikir olduğunu vurğulayıb: “Suriya, İraq və bölgə barədə siyasətimiz eynidir. Səudiyyə Ərəbistanı ilə birlikdə mülayim müxalifətə dəstək verəcəyik”.


Rusiya hərbi təyyarəsi – Xmeymim hərbi bazası, Latakiya, Suriya

Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) dünən yayıb. XİN bildirib ki, hadisə dünən – 2016-cı il yanvarın 29-da baş verib – Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. “Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”,- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.

Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək “dəhşətli hadisələrə” Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazı onun nəzərinə çatdırılıb.

Suriyada koalisiya qüvvələrinin və Rusiyanın aviazərbələri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın Su-34 döyüş təyyarəsinin Türkiyənin hava sahəsini pozması ilə bağlı dünən sərt çıxış edib. O, məsələni çözmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.

Türkiyə prezidenti bu fikri hadisənin baş verdiyi axşam Rusiya səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilməsi zamanı səsləndirdiyini deyib: “Həmin vaxt da mən xarici işlər müstəşarımıza “Rusiya tərəfi ilə görüşün, hörmətli Putin ilə şəxsən görüşmək istəyirəm” demişəm. Məsələni onlara çatdırıblar, lakin bizim səfirimiz oradan bir cavab olmadığını buraya bildirib.”

Rəcəb Tayyib Ərdoğanın çıxışı

İki ölkə arasında oxşar hadisə 2015-ci ilən noyabr ayında da baş vermişdi. Ankara dəfələrlə hava sərhədini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu.

Su-34 döyüş təyyarələri taktiki bombardman üçün modernləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyasıdır. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb.

mənbə :
anspress

Davudoğlu Seudiyyeden Rusiyanı hedeledi