İçeriğe geçmek için "Enter"a basın

Nazirlərimiz necə NAZ-lı olacaq?

31-01-2016

21:48 xeber – Prezident İlham Əliyev bu həftə bir neçə dəfə vətəndaş – dövlət münasibətlərinə, bu əlaqələrin yeni formata keçidinin xüsusiyyətlərinə toxundu. Post-neft periodunda əsas güc qeyri-neft sektorunun üzərinə düşməlidir, qlobal böhran zamanı əsas güc vahidi sahibkar olmalıdır. İş adamının işləməsi və dövlətə fayda verməsi üçün bütün imkanlar yaradılmalıdır. Mənim çıxardığım qənaət qısaca budur. Azərbaycanın ən böyük problemlərindən biri bilirsiniz nədir? Dövlətin vətəndaşın həyatına ifrat soxulması. Həyatımızda dövlət çoxdur. O cəmiyyətdə öz rolunu o qədər böyüdüb ki, indi dövlət hər hansı problemlə üzləşəndə də hamı elə bilir ki, problem şəxsən ona dəyir, sanki artıq hər şeyin sonudur. Qaba desək, dövlət özünü hər yerə salıb. Tikintidən tutmuş, yol çəkməyədək. İnəkdən ələyə. Nə sadalayaq axı. Harda yoxdur ki dövlət? Dövlət vətəndaşı rahat bir ver yeyim, ört yatım, gözlə canım çıxmasınlığa öyrədib: otur sən burda, mən sənin qayğına qalacağam. Vətəndaşa da bundan artıq nə lazımdır? Əlbəttə, deyəcək ki, çox gözəl fikirdir, qal sənə qurban.

Ona görə də dövlətin ayağı azca büdrəyəndə, bir az çətinə düşən vətəndaş dərhal qaçır məhz dövlətin üstünə ki, mənim qayğıma qal. Heç kimin yadına da düşmür ki, neçə illərdir manatın kursu sabit idi və elə vətəndaşın rifah halı da.

Dənizkənarında o qədər çalıb çağırmışdıq ki, qağayılar Şur üstündə oxuyurdu… Qlobal böhran bizim dağlara da gəlib çıxanda isə vətəndaşın qanı qaraldı… Bir az sifəti turşudu. Dövlətə əmanət etdiyi beş-altı manatın ardınca banklara üz tutdu…
Bu nədi e. Belə də dövlət olar dedi və sair… Hətta anlamaq da istəmədi ki, hamı eyni vaxtda bankdan götürdüyü manatla dövləti, onun bank sütunlarını heydən salır.

Bəli, dövlət indi öz ifrat qayğısının altını çəkir. Əslində isə dövlətdən az şey tələb etmək lazımdır. Və buna görə də dövlətdə gərəkdir ki, tələb olunan şey az olsun. O gərək əllərini çox şeydən çəksin. Təbii ki, dövlət siyasətlə məşğul olmalıdır. Daxili və xarici. Məsələn, Dövlət Neft Şirkəti məhz siyasətin tərkib hissəsi olaraq dövlətin əlində qala bilər. O da hələlik. Məsələn, Səudiyyə Ərəbistanı 30-40 il əvvəl yaratdığı neft şirkətini satır. Dövlət ancaq əlaqələndirməli, tənzimləməlidir. Məsələn, o fermerə nə qədər və necə əkmək barədə gösrəriş verməməlidir.

Uzaqbaşı deməlidir ki, günəbaxan yox, kartof ək. O da ki, hansısa qanuna görə. Dövlət anlaşılan, dürüst və icrası asan olan qanunlar hazırlamalı, onların vasitəsilə proseslərə nəzarət etməlidir. Mənim yadımdadır, bir vaxtlar hamının dövlət işinə o qədər də maraq göstərmədiyi, biznesmen həyatına romantik üfüqlərdə baxdığı vaxtlar var idi. SSRİ dağılanda biznesmen, kommersant olmaq prestij işi idi.

Çünki eşitmişdik ki, milyonçu olmağın asan yolu iş adamı olmaqdan keçir. İndi isə əksəriyyət məmur olmaq istəyir. Və inanmıram ki, onlar bunu dövlətə kömək etmək üçün istəyirlər? Bəlkə, əksinə, ona görə ki, dövlət işində işin az, pulun çox olması barədə fikir formalaşıb. Ən eybəcər dualardan biri indi budur: Az işləyib, çox yeyəsən, bala! Onlar prezidentin təbirincə desək, yalnız əsassız tələblər və qeyri-qanuni müdaxilələr üçün məmur olmaq istəyirlər. Əlbəttə, mən sağlam təfəkkürə, dövlətə həqiqətən də qulluq edən, adam balası məmurları nəzərdə tutmuram, sadəcə, onu deyirəm ki, əksər hallarda bu yola meyl edənlər haram qazanca daha yaxın olmaq istəyənlərdir. İxtiraçı, proqramçı olmaq, gedib sexdə tər tökmək nəyinə lazımdır belələrinin. Yaxşısı budur ki, kostyum geyinsin, qalstuk taxsın, olsun məmur və…… Olsun məmur, ağa, xotkar, paşa, qulbaşı… Və bu təhlükəni görən Prezident artıq hər müşavirədə məmurun yadına salır ki, sən xidməçisən, sən xidmətçisən, sən xidmətçisən: “Yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın”.

Dövlətin rolu böyük olanda dövlət yox, ayrı-ayrı məmurlar qazanmağa başlayır. Amma kimdən? Əhalidən, xalqdan. Çünki məmurun işi elədir ki, o maddi nemətlər istehsal etmir. Hazırın naziri olur. Mən nazirlərimizi nəzərdə tutmuram. Sadəcə, misal çəkirəm. Dövlət Prezidentin dediyi kimi əlini hər şeydən çəkərsə, artıq vətəndaş rüşvət vermək üçün bioloji-fizioloji vahid də tapmayacaq. Vergilər Nazirliyi var qoy gedib sahibkarın vergisini yoxlasın. Vəssalam. Yəni dövlətin ölkədə, cəmiyyətdə payı ifrat olduqca məmur özbaşınalğı olacaq, camaat da umacaq və uman yerdən də küsəcək! Umacaq, küsəcək, umacaq, küsəcək. Son hadisələr zamanı əmanətçidən 35 faiz alan banklara güldən ağır söz deyən olmadı. Amma dövləti söymək əlbəttə rahatdır! Bəli, əlbəttə, biz bankirin vəziyyətini başa düşürük, malının üstünə birə-beş qiymət qoyan supermarket yiyəsini anlayırıq. Neyləsin, yazıqdır deyirik. Amma dövlət yazıq deyil də, anası ölməsin… İndi dövlətin mübtədası da, xəbəri də sahibkar, iş adamı olmalıdır.

İş adamı isə Prezidentin müşavirəsində şəxsən məni məyus etdi. Bir adam da problemdən danışmadı. Hansı sahibkarın problemi yoxdur? Belə çıxır ki, prezident sahibkarların problemlərinin olduğunu deyir, sahibkarlar isə bir total susqunluqla kollektiv təkzib nümayiş etdirirlər. Onları da qınamırıq. Çünki bu günün sabahı var və onlar arxayın deyirllər ki, sabah məmurlar özlərini bərpa edib qisas almayacaqlar – xərac şəklində. Sahibkar ətrafında baş verənlərə hələ ki, özü tam inanmır, fikirləşir ki, nəyimə lazımdır bu gün kimisə tənqid eldim, sabah həmin məmurla yenə mən işləyəcəm deyə düşünür. Qorxur sahibkar. Dövlətin əsas məqsədi indi o olmalıdır ki, sahbkarın gözündəki qorxunu yığışdırsın. Dövlət sahibkarın ayağına getsin, sahibkar dövlətin yox. Əlbəttə ki, biz sabah yuxudan oyanıb özümüzü başqa bir ölkədə görməyəcəyik. Amma dövlət bu istiqamətə doğru getməlidir. Bələdiyyələr bu gün ona görə iflic vəziyyətdəir ki, dövlət girib onun səlahiyyət zonasına. Bədəiyyələr icra hakimiyyətlərinin nəzarəti altına keçib. Bilmirəm bu məlumata gülüm. Yoxsa ağlayım, amma bələdiyə sədrini efirə dəvət etmişdik, adam açıq dedi ki, bizə böyük hörməti var, amma gərək başçıdan icazə alsın. Bu gün xalq böyük bir məmur ordusunu yedizdirməyə məcburdur. Yumşaq, toppuş məmur isə artıq öz yerində bərkiyib. Bahalı avtomobillər, komfort həyat tərzi, yekəxana baxış bucaqları… Dövlət başçısının bu təşəbbüsünü və əmrinin nəticəsini ləzzətlə gözləyirəm: “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir.”

Naz Lifan. Əcəb səslənir. Nazir və Naz… İndi minsələr qiyməti olmaz ki….

Və ya xarici mebel məsələsi. Prezident sonadək demədi. Amma mətləb aydın idi. Dövlət başçısının dediyinin sonuna varsaq görərik ki, nazir xaricdən nə alırsa, ondan da qazanır. El arasında ona “otkad” deyirlər. Əlbəttə ki, bir milyonluq mebelin “otkatı” 300 manatlıq mebelin “otkatı”ndan çox olacaq. Məmurun sayını azaltmaq lazımdır. Əhalinin xərcləri azalsın. Ən böyük problem gənc nəslin prioritetləri seçməsindədir. İşgüzar arzu məhv edilib. Adam gəldi bir gün ayaqqabı təmizlədi, sabah bir başqa işin qulpundan yapışdı, sonra, sonra, sonra və günlərin bir günü oldu Rokfeller… İmkan var. İşlə ol Rokfeller.

Tsukerberk məsələn. O öz ağlı ilə irəli getdi. Nə məmur mane oldu, nə də bir baqa səbəb. Tsukrberk Azərbaycanda ola bilməzdi. Biri deyəcəkdi ki, o arayışı gətir, biri deyəcəkdi ki, lisenziyasız olmaz, o birisi deyərdi ki, sən filan şeyi ancaq Bəhməndən almalısan, haya-küyə gələn polis qardaşımız da müəmmalı tərzdə soruşardı ki, axşam-axşam xeyir ola? Və xeyir ola da, xeyirsiz olmaz ki… Tsukerberq də yarıyolda atardı hər şeyi, cəhənnəm olsun “Feysbuk” da deyib tüpürərdi ülvi arzulara. Çünki bizdə necə varlanmısan, mən də baxım varlanım hökmü yoxdur! Bizdə niyə varlanmısan, mənə de ver. Və elə ona görə də varını verən utanmaz misalını Azərbaycanın ataları yaradıb. Tsukerberq ona görə orda Tsukerberq oldu ki, o dövlətin ayağına getmir. Dövlət onun ayağına gedir və hətta ondan mühüm məlumatlar da istəyir. Məmur dövlətin dayağı ola bilməz. O dayaq olmur heç vaxt. Heç yerdə. Dayaq sahibkar olur. Məmur isə dövləti qorumaq deyəndə sahibkarı qorumağı nəzərdə tutur. Çünki dövləti sahibkarın ödədiyi vergi dövlətləndirir. Amma nə qədər ki, dövlət vətəndaşın əlindən tutub ona yerimək öyrədəcək, vətəndaş müstəqil olmayacaq. Ev versin mənə dövlət deyəcək, kreditimi bağışlasın deyəcək. Niyə? Ona görə ki, dövlət artıq bir zamanlar onun işığa olan borcunu bağışlayıb, onun suya olan borcunu bağışlayıb… Ələbaxım edib. Maraqlıdır, görəsən Tsukerberqin ağlına su və işıq borcunu bağlamaq xahişi gələrdi?

mənbə :
anspress

Nazirlerimiz nece NAZ-lı olacaq?