İçeriğe geçmek için "Enter"a basın

Dənizdən dövlət üçün pul çıxaranlar

31-01-2016

22:51 xeber – Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Azadlıq.az xəbər verir ki, ans tv-nin efirində Mir Şahinin qonağı olub. Söhbət zamanı yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun gücləndirilməsindən və Səhmdar Cəmiyyətin neftdən sonraya hazırlanmasından bəhs edilib.

– Post-neft periodu uçün Xəzər Dəniz Gəmiçiliyi nə gədər hazırdır? Biz bu gün əlimizi ürəyimizin üstünə qoyub deyə bilərikmi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlət üçün pul qazanır?

– Xəzər Dəniz Gəmiçiliyi bu gün artıq bir səhmdar cəmiyyət kimi fəaliyyət göstərir, 100% səhimləri dövlətə məxsus olan bir Səhmdar Cəmiyyəti kimi. İstənilən səhimdar cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətin əsas məqsədi fəaliyyəti təşkil eləmək, pul qazanmaq və səhmdara dividendləri ödəməkdir. B istiqamətdə mən hesab edirəm ki, çox qısa bir müddətdə – 2 il müddətində bizim müəyyən nailiyyətlərimiz olub və gələcəkdə də biz hesab edirik ki, dövlətin büdcəsinə vergi ödənişində ən aparıcı şirkətlərdən biri olaraq öz fəaliyyətini tənzimləyəcəyik və təşkil edəcəyik.

– Aktauda vəziyyət nə yerdədir? Bir ara ajiotaj yaranmışdı ki, Rusiya – Türkiyə münasibətlərində yaranmış bu problemlərdən Azərbaycan bəhrələnə bilər, hətta bununla bağlı mülahizələr var idi…

– Bildiyiniz kimi, Türkiyə və Rusiya arasında olan bəlli səbəblərdən, Türkiyə – Rusiya sərhədlərində çoxlu sayda tırlar yığışmışdı və bu tırlar günlərin bir günü, yəni bir həftə – 10 gün ərzində yığılmış tırlar bir gündə Azərbaycana istiqamət götürdü. Dövlət başçısı tərəfindən göstəriş verilmişdi ki, bu tırlarən ən yaxın zamanda daşınmasını təmin edək. Biz həmin vaxt ona kommersiya məsələsi kimi yox, xüsusi bir tapşırığın yerinə yetirilməsi kimi yanaşdıq. Amma təəssüflər olsun ki, dekabr ayında hava şəraiti Xəzərdə kəskin dərəcədə dəyişmişdi və gəmilərin hərəkəti üçün mümkünsüz bir hava şəraiti var idi. Bundan əlavə, bildiyiniz kimi, bizim Ələt limanında cənab Prezidentin iştirakı ilə ilkin bərə terminalı açılmışdı. Bizdə iki bərə körpüsü var və həmin bərə körpülərdən tırların yüklənməsi vaxtı-vaxtında həyata keçirilir. Amma onları yola salmaqla bərabər qarşı tərəfin bu yükün qarşılanmasına hazır olması çox vacibdir. Nəzərə alsaq ki, Aktauda olan yalnız bir bərə körpüsünün köhnə və müəyyən texniki problemləri olması bu tırların qəbul edilməsində problemlərə səbəb olub. Bütün bunlar həmin tır maşınlarının operativ daşınmasını qeyri-mümkün etmişdi. Statistika üçün deyim ki, adi aylarda biz 150-200 tır daşıyırdıqsa, dekabr ayında birdən birə bu rəqəm 4 dəfə artaraq 852 tıra çatmışdı. Gözlənilmədən gələn bu həcmdə yüklərin daşınmasına bizdə də müəyyən vaxt tələb olunurdu. Ciddi tədbirlər görüldü, vaxtı ilə tırların az olduğuna görə, istismardan çıxarılmış və ehtiyata qoyulmuş 4 bərə yenidən təmir olunub iki həftə ərzində yenidən istismara qaytarıldı və bu gün demək olar ki, tır daşımaları əvvəlki səviyyəyə gəlib çatıb – gündə 20-30 tır.


Rauf Əliyev – Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri

– Bildiyimə görə Aktauda yeni logistika mərkəzi tikirdik. Tikdik, baş çatdırdıq, yoxsa hələ yox?

– Logistika mərkəzi artıq hazırdır. Mərkəzin sahibləri tərəfindən təqdimetmə mərasimi də keçirilib. Bütün Azərbaycanda olan yük sahibləri və potensial yük daşıyıcıları, ixracatçılar üçün bir təqdimat mərasimi keçirilib. Bizdə orada söz verdik ki, Bakı- Aktau istiqamətində dəqiq təyin olunmuş cədvəl üzrə, yəni həftədə iki dəfə Bakı-Aktau, həftədə iki dəfə Aktau – Bakı istiqamətində bərə hərəkətini təmin edəcəyik. Bu cədvəl bu gün də güvvədədir, hava şəraiti cədvəli pozmasa, ümumilikdə biz bu cədvəl üzrə hərəkət edirik.

– Hava şəraiti Aktauda bundan qabaq, ənənəvi təbii problemlərlə bağlı müəyyən əngəlləri yaradırdı..

– Bu problemləri aradan qaldırmaq üçün, hal-hazırda Kurık limanında yeni bərə terminalı tikilir və tikinti işləri davam etdirilir və bu ilin sonuna qədər, dekabr ayında həmin terminalın açılışı olacaq. Yeni terminalın tikilib istifadəyə verilməsi bir çox problemləri əhəmiyyətli dərəcədə həll edəcək. Çox ümid edirik ki, Azərbaycan tərəfinin türk şirkətləri üçün xüsusi imtiyazlar, tır maşınlarının Azərbaycan üzərindən hərəkətini artıracaq və nəticə etibari ilə biz bundan mənfəət əldə edəcəyik.

– İmtiyazlar demişkən.. Ukrayna tərəfi narazıdır ki, bizdə qiymətlər bahadır…

– Ukrayna tərəfinin narazı olmasına baxmaq lazımdır. Fevral ayının ikinci yarısında bizim Ukrayna tərəfi ilə görüşlərimiz olacaq, həmin görüşlərdə tarif məsələləri ciddi müzakirə olunacaq. Əminəm ki, onların Azərbaycan üzərindən yük daşımaları üçün bütün mümkün imtiyazlar ediləcək.

– Qiymətlər indi nə qədərdir və onlar indi nə qədər istəyirlər?

– Bir misal gətirim. Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə yeganə bərə operatorudur və bəzən bu bizim üçün problemlər yaradır, çünkü bizim qiymətləri digər giymətlərlə müqayisə etmək mümkün deyil. Bəzən bizdən çox endirim istəyirlər. Ukrayna bərələr vasitəsi ilə yük götürmə qabiliyyətinə görə iki dəfə bizim bərələrdən çox olan bərələrə malikdir – bizim bərə ən böyüyü 52-54 vaqon götürürsə onların bərələri 105 vaqon götürmə imkanına malikdir, onların 1 ton və 1 km yük daşınmasına təklif etdiyi qiymət bizimkindən çoxdur. Bu bizə bir şansı verdi ki, həm Ukrayna tərəfinə, həm bizdən daha yüksək endirim gozləyənlərə göstərək ki, bizim bərə daşınmalarına tətbiq etditimiz tariflər bir o qədər də yüksək deyil.

– Ukraynadan Çinə yola düşən konteyner qatarı 9 gün ərzində mənzil başına çatmalı idi. Bizim öz öhdəliklərimizi yerinə yetirməyimiz baxımından problemlər olmadı ki?

– Xeyr, bu konteyner qatarı vaxtında gəlib Ələt limanına çatdı və burada bizim bərə konteynerləri götürmək üçün 2 gün əvvəldən hazır vəziyyətə gətirilmişdi. Konteyner vaxtında götürüldü və vaxtında yola salındı. Artıq qatar mənzil başına çatdırılıb.


Mir Şahin – telejurlanist

– Rauf müəllim, Cənub-Şimal istiqamətində dəmir yolunun tikintisi və İran üzərindən keçən yüklərin Azərbaycandan keçməsi ilə bağlı vəziyyət nə yerdədir?

– Burada bizim üçün daha bir maraqlı sahə var. Bu dəmir yolunun tikintisini 3-4 il çəkə bilər. Amma buna qədər bu işləri həyata keçirmək üçün, artıq Əmirabadda İran tərəfi ilə aparılan iki ilə yaxın danışıqların nəticəsi olaraq bərə körpüləri tikilib. Bərə körpüləri demək olar ki, hazırdır. Sadəcə həmin bərə körpülərini İranın dəmir yolu sistemi ilə birləşdirmək üçün iki km-lik xəttin çəkilməsi nəzərdə tutulub. O 2 km məsafə çəkildikdən sonra həmin yüklərin əhəmiyyətli bir hissəsini Əmirabadda olan bərə terminalı vasitəsi ilə bizim bərələrlə Ələtə daşınmasını düşünürük. İran tərəfi ilə bununla bağlı ciddi danışıqlar aparılır.

– Ələtdə infrastrukturun olmamasına dair narazılıqlar var…

– Bu məsələ dekabrda ortaya çıxdı. Rusiya-Türkiyə arasında olan bəlli məsələlərə görə, birdən-birə maşın axının çoxalması və böyük hissəsinin Ələt limanına yola salınması səbəbindən ortaya çıxdı. Liman rəhbərliyi tərəfindən müəyyən tədbirlər görülüb, ən azı minimum tələblərə cavab verən şərait orada yaradılıb. Amma ümümilikdə götürsək, o limanda işlər hələ sona çatdırılmayıb və hər şeyin yüksək səviyyədə olmasını gözləmək düzgün deyil.

– Azad iqtisadi zonadan danışaq. Orada vəziyyət necədir?

– Bu sahədə ciddi işlər gedir və artıq müəyyən variantlar hazırlanıb və baxılmaq üçün dövlətə təqdim olunub. Mən ümid edirəm ki, Ələtdə yaradılması müzakirə olunan məsələyə dair yaxın zamanda bir qərar qəbul olunacaq. İstənilən halda, bu tranzit yük daşımaları üçün və ümumiyyətlə Azərbaycanın üzərindən daşınmaların cəlbediciliyini artlrmaq üçün bu, mühüm addımlardan olacaq.

– Rauf müəllim, bizdə gəmiqayırma zavodu var. Bu zavodun işi nədən ibarətdir?

– Bu zavod tikilə-tikilə, artıq özü üçün Xəzərdə ən böyük üzən quru doklardan birini tikib istifadəyə verib. Bu gün həmin zavodda olan “28 may” adı verilən quru dok həmin zavodun özü tərəfindən inşa edilib. Eyni zamanda həmin açılış mərasimi üçün sonrada adı “SOCAR 1” qoyulan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən sifariş edilmiş bir yedək gəmisi tikilib istifadəyə verilmişdir. Hal-hazırda həmin zavodda sualtı tikinti gəmisi dediyimiz, “Şahdəniz” layihəsi üçün çox böyük əhəmiyyət kəsb edən, unikal texnoloji imkanlara malik sualtı tikinti gəmisi tikilir və bundan əlavə, Xəzər Dəniz Gəmiçiliyi üçün 3 ədəd 80 nəfərlik sərnişin gəmisi tikilir. Fevral-mart ayında biz bu gəmilərdən ikisini öz donanmamıza qəbul edəcəyik və istismara verəcəyik. Hal-hazırda bizim Bakı gəmiqayırma zavodu ilə bir neçə layihələrimiz müzakirə olunur. Bu layihələr bərə gəmiləri tikintisi, ro-ro tipli gəmilərin tikintisi, 7000 tonluq və ya 9500 tonluq tankerlərin tikintisi, 6000-6500 ton yükgötürmə qabiliyyətinə malik olan quru yük gəmilərinin tikintisindən ibarətdir. Sadaladığım layihələr sırf bizim nəqliyyat və ticarət donanmasına lazım olan gəmilərdir.

– Gəmiqayırma zavoduna fərdi sifarişlər vermək mümkündürmü? Məsələn, yaxta

– İstənilən növ gəminin tikintisinə hazır olan bir zavoddur. Bu gəmiqayırma zavodu ildə 25 min ton metal konstruksiyanın istehsalı üçün layihələndirilib. Bu da ildə 4 ədəd 15 min tonluq tanker, 4 ədəd böyük yedək gəmisinin tikintisi və ya ildə 2 ədəd 70 min tonluq yükgötürmə qabiliyyəti olan tanker və 8 kiçik yedək gəmisi tikməyə qabiliyyəti olan bir zavoddur. Eyni infrastrukturu saxalamaq şərti ilə yalnız zavodun işçi güvvəsini artırmaqla bu zavodun istehsal qabiliyyətini iki dəfə artırmaq olar.

mənbə :
anspress

Denizden dövlet üçün pul çıxaranlar