İçeriğe geçmek için "Enter"a basın

18 neferlik müteşekkil destenin üzvleri: "Bize idarede tezyiq edibler…"

03-04-2015


03.04.2015 / 14:18 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və digər cinayətlərdə təqsirləndirilən 18 nəfərlik dəstə üzvlərinin – İbrahim Miriyev, Xəzər Əhmədov, Rauf Rəhimov, Şahin Niftəliyev, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbrayılov, Rauf Mahmudov, Rəşad Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verib. Təqsirləndirləndən Rauf Rəhimov ifadə verməkdən imtina edib.

Kənan Qasımlısa isə ona verilən 3 oğurluq ittihamı üzrə yalnız birində iştirak etdiyi qeyd edib. “Mənim üstümdə 3 oğurluq epizodu var. Mən birində iştirak etmişəm. Qalan ikisini isə Binəqədi rayon Polis İdarəsində zorla boynuma qoyublar.  Gətirib qabağıma qoydular ki, imzala”.

Bundan sonra təqsirləndirilən Tural Cavadzadə ifadə verib. O da, ifadəsində yalnız bir epizodda oğurluq etdiyi bildirib. “Məni burada mütəşəkkil cinayətkar dəstənin üzvü kimi göstərirlər. Halbuki, saxlanılan şəxslərdən yalnız Kənan Qasımlını tanıyıram. Hər ikimiz "Tuareq" markalı avtomobildən pul oğurlamışıq. Mən də 4 epizodun iştirakçısı kimi ittiham olmuşam. Mən yalnız maşından oğurluq etmişəm. Bunu etiraf edirəm. Qalanları uydurmadır”.

İttiham olunanlardan Rafael Əliyev ifadəsində narkotik alüdəçəsi olmadığını, yalnız quldurluq epizodunda iştirak etdiyini bildirib. “Mən narkotikdən istifadə etməmişəm. Quldurluq hadisəsi törətmişik. Deməli, Quliyev Elməddin, Cahandar, Rauf Rəhimov birgə kafedə oturduq. Spirtli içki qəbul etdik. Pis yaşamağımızdan danışdıq. Rauf Həzi Aslanovda bir müəllimin yaşadığını, amma evdə çox vaxt olmadığını dedi. Uşaq hazırlaşdırdığını, evdə pul olacağını bildirdi. Vəziyyətimiz çox pis idi. Razılaşdıq. Getdik. Evə çatanda Rauf qapını döydü. Mən isə bizə  evdə heç kimin olmadığı dediyi üçün etiraz etdim. Qapı açıldı. Kişini həmin an tutdum içəri saldım. Əllərini bağladıq. Gözünü yumduq ki, bizi sonra tanımasın. Pulu götürüb aradan çıxdıq”.

Təqsirləndirilənlərdən Amil Salayev 3 epizodda ittiham olunduğu bildirib. “Mən əslində iki oğurluqda iştirak etmişəm. İki dənə "VAZ 2107" avtomobilli oğurladım. Hamısını tək eləmişəm. Burada mənlə bir yerdə mütəşəkkil dəstə altında oturan heç bir kəsi tanımıram”.

Məhkəmə prosesi günortadan sonra davam etdiriləcək.

Qeyd edək ki, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.

 

Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub.

 

İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi A.Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Ş.Niftiyev cari ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində A.Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib.

 

Daha sonra R.Rəhimov, T.Qafarov və T.Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini A.Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində olan bıçaqlarla A.Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. Onlar bu barədə Ş.Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alaraq bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.

 

İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib.

Məlum olub ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan R.Rəhimov tanışları Tural Əsgərov, Kənan Alıyev, T.Seyidov, T.Qafarov və Rauf Mahmudov ilə birgə həmin evə basqın etməyi planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də adları hələlik istintaqa məlum olmayan digər şəxslər "Mitsubishi Pajero" markalı avtomobillə Ç.Məmmədovun evinə gəlib üzlərinə qara maska keçirərək mənzilə basqın etmiş, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçiriblər. 

Mənbə : Lent.az

18 neferlik müteşekkil destenin üzvleri: "Bize idarede tezyiq edibler…"