İçeriğe geçmek için "Enter"a basın

Hər 100 qıza 114 oğlan düşür - Azərbaycanda demoqrafik problem

31-08-2016

31.08.2016 / 12:28 xeber –

 

"Azərbaycanda doğulanlar arasında cins nisbətinin pozulması narahatedici məqamdır". Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələlərinə həsr olunan "Məlumat mübadiləsi saatı"nda deyib.

 

İclasda aidiyyəti dövlət qurumlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Ombudsman Aparatının,  BMT-nin Əhali Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.   

 

Nazir vurğulayıb ki, ölkədə diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür: "Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər”.

 

Nazir bildirib ki, bu meylin davam etməsi gələcəkdə  demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər: “Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və s. tədbirlərin davam etdirilməsinə ehtiyac var. Bununla bağlı olaraq, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Fəaliyyət Planının hazırlanması, ictimai maarifləndirmənin aparılması diqqətdə saxlanılır”. 
 

S. Müslümov davamlı demoqrafik inkişafın təmin edilməsi üçün  yeni “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2016-2025-ci illər)” layihəsinin də hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğunu qeyd edib: “Proqramda ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi prioritet istiqamətlər kimi əksini tapır. Həmçinin əhalinin ölüm və xəstələnmə səviyyəsinin azaldılması, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi, əhali sakinliyi və demoqrafiya sahəsində kadr və elmi potensialın inkişaf etdirilməsi də Proqramda prioritet istiqamətlər sırasına daxildir".

 

mənbə :
lent.az

Her 100 qıza 114 oğlan düşür – Azerbaycanda demoqrafik problem