İçeriğe geçmek için "Enter"a basın

“Əhalinin sayı 2050-ci ildə 12 milyon nəfər olacaq” - Səlim Müslümov

31-08-2016

31.08.2016 / 13:08 xeber –

Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələlərinə həsr olunan "Məlumat mübadiləsi saatı"nda deyib.

 

Nazir bildirib ki, proqnoz hesablamalara əsasən, ölkədə əhalinin sayı 2050-ci ildə 12 mln. nəfər təşkil edəcək.

 

Nazir qeyd edib ki, müsbət demoqrafik faktorlardan biri kimi, ötən il ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 6-dan 5,7-yə enib: “Eyni zamanda 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Ötən ilin yekunlarına görə isə körpə ölümü göstəricisi hər 1000 diri doğulana 11 təşkil edib”.

 

S. Müslümov bu müsbət tendensiyaların eyni zamanda doğulanda gözlənilən ömür uzunluğunun artması ilə də müşahidə edildiyini bildirib: “Belə ki, 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş, o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında  75,1 yaş idisə, 2015-ci ilin nəticələrinə görə bu göstərici 75,2 yaş, o cümlədən kişilər üçün 72,7 yaş, qadınlar üçün isə 77,6 yaş səviyyəsində olub”.

 

Nazir diqqətə çatdırıb ki, qeyd edilən dövrdə  əmək ehtiyatlarının sayı 29 faiz artaraq 4923 min nəfərdən 6335,9 min nəfərə çatıb: “Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalinin sayı 30 faiz, iqtisadi fəal əhalinin sayı isə 12 faiz artıb. Əhalinin sayında əmək ehtiyatlarının xüsusi çəkisi 2003-cü ildəki 59 faizdən 2015-ci ildə 65,3 faizə çatıb”.

 

Əhalinin yaşlaşma meylinin də müşahidə olunduğunu qeyd edən S.Müslümov  2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan əhalinin sayının 20 faiz artdığını diqqətə çatdırıb: “Bu təbəqənin xüsusi çəkisi 6 faizdən 6,2 faizə qalxıb. Eyni zamanda, 1990-cı illə müqayisədə bu yaşda olan əhalinin say artımı 67 faiz təşkil edib, xüsusi çəkisi isə 4,8 faizdən 6,2 faizə qədər yüksəlib”.

 

Nazir bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədən miqrasiya axını öz intensivliyi ilə fərqlənirdi: “Sonrakı illərdə respublikada aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişib və 2015-ci ildə +1,1 min nəfər təşkil edib”.

 

mənbə :
lent.az

“Əhalinin sayı 2050-ci ilde 12 milyon nefer olacaq” – Selim Müslümov