İçeriğe geçmek için "Enter"a basın

453 cəsəd, batan “Admiral”, 31 avqustun heyrətamiz mistikası - TARİX

31-08-2016

31.08.2016 / 14:13 xeber –

Düz 30 il bundan əvvəl Qara dənizdə baş vermiş faciə bütün SSRİ-ni şoka salmışdı. “Admiral Naximov” sərnişin gəmisinin yük gəmisilə toqquşması nəticəsində 453 sovet vətəndaşı həyatını itirmişdi. Hadisə 1986-cı il, 31 avqust, saat 23.05-də baş vermişdi. Gecə radələrində isə Kremldə hadisəni araşdırmaq üçün təcili komissiya yaradılmışdı. Komissiyaya Heydər Əliyev rəhbərlik edəcəkdi…

 

 

***

 

 

31 avqust, saat 22.00

 

 

“Admiral Naximov” gəmisi sonuncu sərnişini də göyərtisinə alıb, Novorossiysk limanından aralanmağa hazırlaşırdı. Gəmini kapitanı Vladimir Markov təlimata uyğun olaraq son qeydlərini edirdi. Həmin qeydlərdə bir məqam da vardı. Bir saatdan sonra “Admiral Naximov” keçəcəyi sularda Bosfordan Qara dənizə yol alan yük gəmisi “Pyotr Vasev”lə rastlaşacaqdı. Kapitan bütün koordinatları dəqiqliklə nəzərə almışdı.

Sərnişinlər isə dincəlirdi. Kimi uşaqları yatırır, kimi gecə diskotekasına hazırlaşırdı. Taleyin işinə bax, əksər sərnişinlər isə Azərbaycan filminə baxmaq üçün gəminin kino zalına yığışmışdı. Hə, sərnişinlərə Rasim İsmayılovun general Həzi Aslanovdan bəhs edən “Mən sizi dünyalar qədər sevirdim” filmi göstəriləcəkdi. Amma sərnişinlər 86 dəqiqəlik bu filmə yarıyacan baxa bildilər. Filmin düz 43-cü dəqiqəsində…

 

Kinorejissor Rasim İsmayılovun xatirələrindən:

 

“Axşam imiş. Heç nədən şübhələnməyən sərnişinlər əylənirmişlər: çimmək həvəskarları hovuzun başına toplaşıbmış, musiqi salonunda diskoteka qızışıbmış. Ağzına qədər dolu kinozalda isə ekranlara yenicə çıxmış optimist başlıqlı “Mən sizi dünyalar qədər sevirdim” filmi gedirmiş. Adətən bizim ziyafətlərdə bütün əsas sağlıqlar sağlamlıqla bağlı olur. Amma Çörçil hesab edirdi ki, əsas olan sağlamlıq yox, bəxtdir. Çünki “Titanik”də hamı sağlam idi. “Admiral Naximov”da da hamı sağlam idi. Elə Həzi Aslanovun özü də həyatdan gedəndə sağlamlığının, istedadının, gücünün zirvəsində idi. “Mən sizi dünyalar qədər sevirdim” – şanlı general bu sözləri həlak olduğu döyüşdən iki saat əvvəl həyat yoldaşına yazmışdı. “Admiral Naximov” gəmisi batan vaxt isə sanki general bu sözləri film vasitəsilə sərnişinlər üçün təkrarlayırdı. Görəsən, həmin dəhşətli anlarda onlar öz yaxınları haqqında fikirləşirdilərmi? Bu situasiyada mistik nə isə var”.

 

Əslində mistik heç bir şey yox idi. Sadəcə, 2-ci və 3-cü kapitanların bir-birini anlamaması “Admiral Naximov”u sulara qərq etdi. Üstündən 30 il keçməsinə baxmayaraq, gəmi hələ də dənizin dibindədir. Yeri gəlmişkən, həmin vaxt gəmidə olanlardan 64 nəfərin meyiti hələ də tapılmayıb.

 

1 sentyabr 1986-cı il, Kreml.

 

 

… Operativ şəkildə yaradılmış hökumət komissiyasının sədri Heydər Əliyev düz üç saat sonra Anapaya uçur. Ondan zərərçəkənləri və onların qohumlarını yerləşdirmək, hadisəni araşdırmağa başlamaq və digər mexanizmləri işə salmaq tələb olunurdu. Bunun üçün maksimum üç gün vaxt verilirdi. Heydər Əliyev qəza yerində 20 gün qaldı. Həmin müddət ərzində o, gündə iki dəfə həlak olanların qohumları ilə görüşürdü. Görüşlərin birində Heydər Əliyevə bir qoca yaxınlaşır. Onun arvadı və qızı həlak olmuş, cəsədləri sudan çıxarılıb təhvil verilmişdi. Dəfn etmək üçün hər ikisini vətənə – Leninqrada aparmışdılar, amma yerli hakimiyyət orqanları onları bir qəbiristanda dəfn etməyə icazə vermirdi. Heydər Əliyev elə oradaca Leninqradın hakimiyyət orqanları ilə əlaqə yaradaraq, bu problemi həll etdi.

 

Və təkcə bu problemi də yox. Komissiyanın tərkibində KQB-nin müstəntiqlərindən tutmuş, yerli partiya boslarına kimi 50-dən çox adam vardı. Həmin vaxt gəminin hansı səbəbdən batmasını araşdırmaqdan çox, əzizlərini itirmiş şəxslərlə işləmək, onlarla bir-bir söhbət etmək, təşvişin qarşısını almaq daha vacib sayılırdı.

 

Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi Yakov Poqrebnyak:

 

“Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi hökumət komissiyasına başçılıq edirdi. Mən Ukrayna qrupunun rəhbəri idim. Hər iki gəmi – “Admiral Naximov” və “Pyotr Vasev” Qara Dəniz Gəmiçiliyi İdarəsinə aid idi. Həlak olmuş 453 nəfərin isə 280-i ukraynalı olduğuna görə, cəsədlərin tanınması, evlərinə göndərilməsi və ailələrə maddi yardım göstərilməsi işlərinin əsas ağırlığı bizim qrupun üzərinə düşürdü.

Günün işıqlı vaxtlarında Qara dəniz xilasediciləri, Baltik dənizindən və Xəzərdən köməyə gəlmiş həmkarları meyitləri sudan çıxarırdılar. Həlak olanların şəxsiyyəti müəyyənləşdirildikdən sonra onların cəsədləri dəmiryol terminalına gətirilirdi. Əliyevlə birlikdə biz, əslində, hər gün bu terminalda olurduq. Heydər Əliyeviç ölənlərin sayını və əslən haralı olduqlarını dəqiqləşdirirdi. Gözlərimiz qarşısında cəsədləri geyindirir və refrijeratorlara yığırdılar. Suda boğulanların sifəti qorxudan əyilmişdi, çoxlarının saçları çəngə-çəngə qopmuşdu. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qəmgin-qəmgin gəzinir və tez-tez də təkrar edirdi: “Deyəsən, bu yara ürəyimdə həmişəlik qalacaq!” Doğrudan da, tezliklə o, infarkt keçirdi”.

 

 

Heydər Əliyev başda olmaqla komissiya hər gün saat 18.00-da şəhər sovetinin klubunda axtarışların gedişi barədə həlak olanların qohum-qardaşlarına məlumat verirdi. ”Naximov”un batması xəbəri televiziya ilə veriləndə ilk günlər Novorossiysk şəhərinə gəmidə həlak olanların 300-ə yaxın qohum-əqrəbası gəlmişdi, dördüncü gün isə onların sayı 900-ə çatmışdı. Xilas edilənlərin də adamları gəlmişdi.

 

Sualtı axtarışların üçüncü günü dalğıclardan biri həlak oldu, gəminin qırıqlarından biri onun oksigen şlanqını deşmişdi.

 

Sitat: “Bundan sonra Heydər Əliyev gözləri yaşarmış halda həlak olanların qohum-qardaşlarına axtarış işlərinin dayandırıldığını elan etdi. Biz Heydər Əliyevlə salona, hönkürtü ilə ağlayan adamların yanına gəldik. Buradakıların yarısı əzizlərinin həlak olduqlarını bilirdi. Möcüzəyə ümid qalmamışdı. Heydər Əliyev ağlayan bir qadına yaxınlaşdı, onu qucaqlayıb öpdü. Sonra isə xalasının yanında dayanmış 15 yaşlı bir oğlana yaxınlaşdı: onun valideynləri həlak olmuşdu. Heydər Əliyeviç oğlanı qucaqlayıb astadan dedi: “Biz əlimizdən gələni edəcəyik”.

 

 

“Admiral Naximov” teploxodunda axtarış işləri 50 metr dərinlikdə işləyən 10 dalğıcın ikincisi həlak olana qədər davam etdirildi. Səbəb elə həminki idi: gəminin qırıntıları oksigen şlanqını kəsmişdi.

 

 

Bir vaxtlar Heydər Əliyevin təhlükəsizliyinə cavabdeh olmuş Aleksandr İvanovun xatirələrindən:

 

 

“Həlak olanların qohumları ilə görüşlərdən biri mədəniyyət sarayı qarşısında keçirilirdi, çünki insanlar zala sığışmırdılar. Bu zaman Heydər Əliyevə bir cavan oğlan yaxınlaşdı. Yaxında olduğumdan, onun astaca gəminin kapitanının oğlu olduğunu söyləməsini və həbsdə olan atası üzərində məhkəmənin ədalətli keçirilməsini xahiş etdiyini eşitdim. Cavabında Heydər Əliyev də ona yavaş səslə tez oranı tərk etməsini məsləhət gördü – toplaşanlar onun “Admiral Naximov”un kapitanının oğlu olduğundan xəbər tutsaydılar, vəziyyəti çətin olardı”.

 

 

SSRİ DTK-nın 9-cu idarəsinin rəis müavini Mixail Titkov:

 

 

“Admiral Naximov” gəmisi batanda Qara dənizə getmişdim. O zaman hökumət komissiyasına Heydər Əliyev rəhbərlik edirdi. Bundan sonra Volqada da bir faciə baş verdi, “Ulyanovsk” paroxodunda. Ora da getdik. Bilirsiniz, komissiyanın sədri nə deməkdir? Məsuliyyəti öz üzərinə götürən adam. Biz sadə adamlar baxırdıq ki, orada cəsəd, burada cəsəd… Amma qərarı biz qəbul etmirdik, o qəbul edirdi. Özü də necə lazımdır. Yetimlə də, həlak olanların yaxınları ilə də rəftar etməyi bacarırdı. Və bu, məndən ötrü müdrik bir insanın nümunəsi idi. O, qəza qurbanlarının qarşısından elə-belə keçmədi. Hər bir adam üçün söz tapırdı. Faciə səndən keçəndə xeyirxah söz tapmaq çətindir. Amma o tapırdı, deyirdi. O zaman mitinqlər, nümayişlər keçirmək istəyirdilər. Amma Heydər Əliyev məsələni sakitliklə həll edə bildi”.

 

 

***

 

 

Komissiya sonda belə qərara gəlmişdi: Hadisəyə səbəbə komanda heyətinin səhlənkarlığı olub. Sovet “Titanik”inin batmasına görə kapitan Markov və onun köməkçisi Tkaçenko məsuliyyətə cəlb edildilər. 1987-ci ilin martında məhkəmə onlara 15 il həbs cəzası kəsdi. Amma 5 il sonra əfv edildilər.

 

Bir maraqlı fakt: Sovet estradasının ulduzları Lev Leşenko və Vladimir Vinokur da həmin vaxt gəminin lövbər saldığı Novorossiyskdə olublar, elə həmin gəmiyə də biletləri olub. Amma son anda gəmiyə gecikiblər.

 

Və nəhayət: “Admiral Naximov”un batmasına səbəb olan “Pyotr Vasev” gəmisi hələ də sularda üzür. Amma adını dəyişib: “Myoressa”.

 

Bu gün, hə, məhz bu gün – 31 avqust 2016-cı ildə həmin gəmi Novorossiysk limanından yola düşəcək… 

mənbə :
lent.az

453 cesed, batan “Admiral”, 31 avqustun heyretamiz mistikası – TARİX