İçeriğe geçmek için "Enter"a basın

Vergilər Nazirliyi 2008-ci ildə Beynəlxalq Banka cinayət işi açıbmış - MƏHKƏMƏDƏN - YENİLƏNİB

31-08-2016

31.08.2016 / 15:05 xeber –

 

Günün ikinci yarısında Beynəlxalq Bankın Nərimanov filialının baş xəzinadarı İradə Cəfərova ifadə verib. O, ifadəsində bildirib ki, şirkətin nümayəndələri gəlib kredit müqavilərinə qol çəkdirdilər: "Bizdə pulu Baş İdarədən götürüb, verirdik".

 

Prokurorun “kreditləri bankdan kim götürürdü?” sualına cavabında şahid bildirib ki, müqaviləni imzalayan şəxslər pulu da özləri alıb.

Şahid qismində Nərimanov filialım marketinq şöbəsinin müdiri Qalib Rzayev ifadə verib. O, ifadəsində həmin filialdan 8 kreditin çıxarılmasına razılıq verdiyini deyib.

 

Məhkəmə prosesi senyabrın 2-ə təyin edilib. 

 

**

14:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev 6 vəsatət verib. O, vəsatətlərdə Beynəlxalq Bankın layihələri ilə bağlı girov sazişlərinin məhkəməyə təqdim edilməsini istəyib.

 

Vəkil Beynəlxalq Bankla bağlı Vergilər Nazirliyində 2008-2014-cü illər arasında cinayət işi açıldığını və yoxlamalar aparıldığını deyib: "Həmin cinayət işində kreditlərin xərclənməsinə və digər işlərə hüquqi qiymət verilib.  Onlar bəraət alıblar. Həmin xitam qərarının Baş Prokurorluqdan alınaraq, cinayət işinə əlavə edilməsini xahiş edirik".

 

Fəxrəddin Mehdiyev vəsatətində  Beynəlxalq Bankla “Aqrarkredit” QSC arasında çoxtərəfli saziş imzalandığı deyib. F.Mehdiyev tərəflər arasında imzalanmış sənədlərin məhkəməyə təqdim edilməsini istəyib.

 

Hakim Əfqan Hacıyev  bildirib ki, vəsatətlərə şahidlər ifadə verəndən sonra baxılacaq.

 

Proses şahid ifadələri ilə davam edib.

 

“İnter Tekstil”in əməkdaşı olan Zahid Bağırov ifadəsində deyib ki,  rəhbərlikdən ona baş ofisə gedib sənədlərə qol çəkmək tapşırılıb: “Maşınla apardılar. İşlə bağlı sənədə qol çəkdiyimi düşündüm. 250 manat maaş alırdım. Sonra da işdən çıxdım".

 

İfadə verən Samir Əliyev təqsirləndirilənlərdən Azad Cavadovun bacanağı olduğunu və onun şirkətində çalışdığını qeyd edib: "2011-ci ildə Azad Cavadov tapşırıq verdi,  banka gedib qol çəkdim. Kredit götürüləcəkdi. Bu pul zavod üçün götürüləcəkdi. Məbləğ 780 min 700 manat idi”.

 

Prokuror  Fərid Nağıyev deyib ki, kredit müqaviləsində kreditin təyinatı mənzil təmiri üçün göstərilib. S.Əliyev isə bundan xəbəri olmadığını və həmin məbləğin müəssisənin borclarının ödənilməsinə sərf edildiyini söyləyib.

 

Dövlət ittihamçısı qeyd edib ki, həmin kredit üzrə 708 min əsas, 92 min isə faiz borcu var.

 

Şahid Emin Nəbiyev ifadəsində  Azad Cavadovun tapşırığı ilə adına 700 min manat kredit götürüldüyünü deyib.

 

Dövlət ittihamçısı bildirib  ki, həmin kreditin götürülməsində məqsəd Lənkəranda istirahət mərkəzinin tikilməsi olub. Lakin Emin Nəbiyev bu barədə məlumatının olmadığını deyib.

 

Digər bir şahid Rasim Mehdiyev ifadəsində bildirib ki, Fındıq Emalı Zavodunun maliyyə problemlərinin həlli üçün kredit müqaviləsinə qol çəkməsi istənilib. O da 750 min manatlıq kreditə qol çəkib.

 

Prokuror bildirib ki, götürülən kredit Qubanın Qəçrəş kəndində istirahət zonasının tikilməsi məqsədi ilə götürülüb. Kredit müqaviləsində şərt belə göstərilib.

 

Rasim Mehdiyev cavabında deyib: “Azad müəllim yenə desə, “get kredit al”, yenə qol çəkib götürərəm. Ona canım qurban".

 

Azad Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova ifadəsində 2011-ci ildə Azad Cavadovun ona zəng edərək bankın Nərimanov filialında sənədlərə qol çəkməsini xahiş etdiyini deyib: "Kreditin məbləği isə 750 min manat olub. Həmin kreditlə bağlı mənə heç vaxt zəng edilməyib".

 

“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov bildirib ki, 2014-cü ildə şirkətin mühafizəçiləri ona kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər: "Onlar banklardan kredit götürmək istəyərkən öz adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim. Bu məsələ ilə bağlı işlər görülürdü”.

 

Şirkətin digər direktor müavini Valid Abdullayev ifadəsində mühafizəçilərin onun tərəfindən banklara yönləndirildiyini təsdiqləyib və bunu şirkətin direktoru İbrahim Hüseynovun göstərişi ilə etdiyini bildirib.

 

Şirkətin əməkdaşı Rahib Hacıyev deyib ki, onun adına 440 min kredit götürülüb və 2013-cü ildən ödənilib.

 

Şirkətin digər əməkdaşları Zaur Hüseynov, Şaiq Mahmudov, Xaqani Axundov, Anar Babayev, Rasim Hacıyev, Müşviq Mahmudov da rəhbərliyin tapşırığına əsasən kredit müqavilələrinə imza atdıqlarını və bunun qarşılığında heç nə almadıqlarını bildiriblər.

 

Şirkətin işçilərindən Elnur Nəbiyev ifadəsində sənədlərə qol çəksə də, bunun kredit müqaviləsi olduğundan xəbəri olmadığını bildirib. O, öz adına 4 min manat kredit götürmək istəyən zaman bankdan ona bildirilib ki, adına 1 milyon 250 min manat kredit var.

 

Proses nahardan sonra davam edəcək. 

 

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib. 

 

mənbə :
lent.az

Vergiler Nazirliyi 2008-ci ilde Beynelxalq Banka cinayet işi açıbmış – MƏHKƏMƏDƏN – YENİLƏNİB