İçeriğe geçmek için "Enter"a basın

Hakim vəkillərdən şikayətçidir: "Onlar prosesi pozurlar"

31-08-2016

31.08.2016 / 17:19 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.

Lent.az-ın məlumatına görə, buna səbəb təqsirləndirilən şəxslərin vəkilləri – İlhamə Həsənova və Günay Hüseynovanın prosesə qatılmaması olub.

Hakim Əfqan Hacıyev bildirib ki, vəkillərlə bağlı Vəkillər Kollegiyasına müraciət ediləcək ki, onlar məhkəmə prosesini pozurlar.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, prezident İlham Əliyev "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanıb. Bundan sonra cinayət işi açılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T. Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T. Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Bir müddət sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

mənbə :
lent.az

Hakim vekillerden şikayetçidir: "Onlar prosesi pozurlar"