İçeriğe geçmek için "Enter"a basın

"Bezdirici SMS-ler": bezdirenler ve bezenler – ARAŞDIRMA

03-04-2015


03.04.2015 / 16:38 xeber –

Son illər Azərbaycan əhalisinin, xüsusilə də mobil telefon istifadəçilərinin leksikonuna "bezdirici SMS" ifadəsi daxil olub. Həmin o SMS-lər ki, yerli-yersiz abunəçinin telefonuna gəlir… və əksər hallarda onun narahatlığının pozulmasına səbəb olur. Əlbəttə, bəzi SMS-lərdə faydalı məlumat tapmaq olar. Bu da  hər-hansı bir şirkət tərəfindən keçirilən kampaniyalar barədə məlumat olur. Lakin reallıq ondan ibarətdir ki, göndərilən SMS-lərin mütləq əksəriyyəti abunəçiləri həqiqətən də bezdirir.

 

“APA-Economics”in bununla bağlı apardığı araşdırma maraqlı faktlar üzə çıxarıb.

 

Azərbaycanda hər kəsin azı 1 telefonu var və potensial olaraq sözügedən SMS-lər hər kəsə tanışdı. SMS-lərə göstərilən reaksiyalar barədə yazmaq da artıq olar. Maraqlıdır ki, "bezdirici SMS"-lər heç bir zaman məhdudiyyəti qoyulmadan göndərilir. Məsələn, bəzi hallarda hər hansı bir reklam xarakterli SMS-i gecə saatlarında belə abunəçinin telefonuna gələ bilər.

 

Vəziyyət o həddə çatıb ki, artıq millət vəkilləri də Milli Məclisin tribunasından dəfələrlə mobil operatorlara irad tutub. Çünki söhbət istehlakçının hüququndan gedir. Daha doğrusu dəfələrlə və kobud şəkildə pozulan hüququndan.

 

Məhz bu səbəbdən artıq istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumunun rəhbəri də dilə gəlib. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, istehlakçının icazəsi olmadan ona reklam SMS-ləri göndərən şirkətlərlə bağlı müvafiq tədbirlər görüləcək.

 

Z. İsayevin sözlərinə görə, abunəçilərə göndərilən SMS-lər üç qrupa aiddir: “Birincisi, istehlakçının tanıdığı tərəfdən gələn SMS-dir. İkincisi, istehlakçılar müxtəlif obyektlərdə alış-veriş edərkən öz mobil nömrələri barədə məlumatları saxlayırlar. Həmin obyektlərdə mövcud olan nömrələrdən gələn SMS-lərdir ki, bunun da dayandırılmasının qarşısını ala bilmirlər. Üçüncüsü, istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS-lərdir”.

 

Dövlət Xidmətinin rəisi onu da əlavə edib ki, hazırda bu tip SMS-lərin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb: “Yaxın vaxtlarda bu tip SMS-lərin qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görüləcək”.

 

 

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məsələ ilə bağlı bildirib ki, ümumiyyətlə bu prosesdə 3 subyekt iştirak edir: mobil operator, kontent operator və müştəri.

 

“Mobil operatorlar kontent operatorlar ilə elə müqavilə bağlaya bilərlər ki, onlar istifadəçilərə maraqlarına uyğun olmayan, abunəçilərin hüquqlarını tapdalayan mesajlar göndərməsinlər. Burada məsuliyyət daha çox mobil operatorların üzərinə düşür”, – deyə O. Gündüz bildirib.

 

O. Gündüz əlavə edib ki, kontent operatorlar da özlərində elə imkan yaratmalıdırlar ki, vətəndaşlar dərhal onlara müraciət edib hansısa SMS-in qarşısını ala bilsinlər.

 

AİF rəhbərinin sözlərinə görə, elə bir mexanizm yaradılmalıdır ki, vətəndaş bu tipli SMS-lərdən imtina edərkən ona göndərilən bütün xidmətlər bağlanılmasın: “Elə ola bilər ki, insanlar bəzi SMS-ləri almaq istəyir, bəzilərini isə almaq istəmir. Mobil operatorun kontent operator üzərində məsuliyyəti artırılmalıdır. Üstəlik vətəndaş üçün imkanlar yaradılmaldır ki, hansınısa ala bildin, hansınısa ala bilməsin”.

 

O. Gündüz problemin həll olunmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də müsbət istiqamətdə rolunun böyük ola biləcəyini vurğulayaraq bildirib ki, mobil operatorların əsas tənzimləyici rıçaqları nazirliyin əlindədir: “Nazirlik mobil operatorlara lisenziyanı bəlli şərtlərlə verir. Nazirliyin mobil operatorlara təsir etmək imkanları yetərincədir. Gərək nazirlik prinsipiallıq göstərsin. Lisenziya şərtlərini ortaya qoysun”.

 

Mobil operatorlar da məsələyə münasibət bildirib. Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti bildirir ki, sözügedən problemlə bağlı qəti addımlar atmağa başlayıb. Belə ki, şirkətin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova deyib ki, tezliklə SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə veriləcək: “Bu, yeni bir xidmətdir. Bu xidmət sayəsində abunəçi özü üçün yeni bir “Ağ siyahı” formalaşdıracaq. Hansı xidmət obyektindən, mağazadan, şirkətdən, bankdan və s. məlumat, SMS almaq istəyirsə həmin obyektlərin adını daxil edəcək “ağ siyahı”ya və beləliklə də yalnız özünün arzuladığı reklam və informasiya xarakterli SMS-ləri ala biləcək”.

 

S. Cəfərova əlavə edib ki, əvvəlcə abunəçilərə “stock” sözü göndəriləcək və bununla da istifadəçilərə gələn bütün SMS-lər dayandırılacaq. Daha sonra abunəçi xüsusi nömrəyə SMS göndərməli olacaq. Abunəçiyə “qısa kod” (short code – red.) deyilən kod veriləcək ki, abunəçi o kodla hansı xidmətləri istəyirsə onların adını “ağ siyahı”ya daxil edəcək və ancaq həmin mənbələrdən SMS ala biləcək.

 

Qeyd edək ki, bu, tamamilə abunəçinin istəyinə bağlıdır, beləliklə də abunəçi bu xidmətdən istifadə etməklə ancaq istədiyi bu mənbədən SMS ala biləcək və bu abunəçiyə texniki baxımdan heç bir məhdudiyyət və ya maneə yaratmayacaq.

 

“Azərfon” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Rəhimov isə bezdirici SMS-lərin kontent operatorlar tərəfindən göndərildiyini bildirib və vurğulayıb ki, onlar bu məlumatı müxtəlif abunə bazalarına malik olan mənbələrdən əldə edirlər (məsələn, mağaza və ya müxtəlif alış-veriş şəbəkələri).

 

“Buna baxmayaraq, abunəçi bezdirici SMS-lər almamaq üçün, 777 qısa nömrəsini yığaraq, “Nar” Müştəri xidmətinə müraciət etməklə “Spam Off” funksiyasının aktivləşdirilməsini xahiş edə bilər”, – deyə A. Rəhimov problemin həlli yolunu açıqlayıb.

 

Qeyd edək ki, A. Rəhimov “Nar Mobile”ın öz abunə siyahısını üçüncü tərəflə paylaşmadığını və bu məlumatı yalnız iş məqsədləri üçün istifadə etdiyini də bildirib.

 

“Azercell”in nümayəndəsi Günay Məmmədli isə reklam xarakterli SMS-lərin tam olaraq müxtəlif, üçüncü şirkətlər tərəfindən abunəçilərə göndərildiyini bildirib və əlavə edib ki, bu zaman “Azercell” həmin şirkətlərə yalnız texniki – şəbəkə dəstəyi göstərmiş olur.

 

“Həmin SMS-lərlə bağlı abunəçilərdən aldığımız hər-hansı irad və təkliflər isə birbaşa üçüncü şirkətin nəzərinə çatdırılır”, – deyə G. Məmmədli bildirib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov abunəçilərdən daxil olan şikayətlərin çoxluğunu nəzərə alaraq bir neçə dəfə bu məsələni müvafiq operatorlar ilə müzakirə etdiyini bildirib.

 

Nazirlik rəsmisi bildirib ki, narahatçılıq yaradan SMS-lər əsasən ticarət obyektlərində, əyləncə məkanlarında olarkən abunəçilərin öz nömrələrini orada qeydiyyata salmasından sonra göndərildiyini bildirir ki, bu da həmin ticarət obyektlərinin reklam kampaniyasının bir hissədir.

 

Ə. Təmirov kontent operatorların göndərilən SMS-lərin dayandırılması üçün isə abunəçilərin “stop” yazmaqla həmin nömrələr göndərmələrini tövsiyə edib. Əgər həmin smslər dayanmasa abunəçilər müştəri xidmətlərinə yaxınlaşaraq öz iradlarını bildirə bilər, ərizə yazmaqla həmin SMS-lərin qarşısını ala bilərlər.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi problemin həlli üçün qanuna müəyyən dəyişikliklər layihəsini hazırlayıb, əgər təkliflər qəbul olunarsa bu məsələnin köklü şəkildə həll olunacağı labüd olacaq.

 

“Nazirlik olaraq bu məsələni köklü şəkildə həll etmək üçün telekommunikasiya haqqında qanuna müəyyən dəyişikliklər layihəsini hazırlamışıq və hal-hazırda bu layihəyə baxılır. Qanuna da belə müddəalar daxil olunacaq ki, mobil operatorlar öz abunəçilərinin əvvəlcədən razılığını almadan onlara reklam xarakterli SMS-lərin göndərilməsini təşkil etməsinlər. Bununla bağlı da qanuna dəyişikliklər edilməsi gözlənilir. Həmin qanuna dəyişikliklər olunandan sonra operatorlarla abunəçilər arasında bağlanan müqavilələrdə də bu, öz əksini tapacaq”.

 

Şöbə müdiri əlavə edib ki, əgər abunəçi müqavilə imzaladıqda və nömrə aldıqda bu SMS-ləri sonradan qəbul etməyə operatora razılıq versə, ona SMS-lər gələcək. Yox, əgər qəbul etməsə onu bildirəcək operatora, o zaman operator onun nömrəsinə bu tipli SMS-ləri göndərməyəcək.

 

Sonda əlavə edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında yer alan məlumata görə, artıq “Telekommunikasiya haqda” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər hazırlayıb.

 

Təkliflərin hazırlanmasına səbəb rabitə xidmətləri istehlakçılarının çoxsaylı şikayətləri olub.

 

Şikayətlərin əksəriyyəti mobil rabitə operatorlarının SMS müsabiqələr və digər xidmətlər vasitəsi ilə müştərilərin hesabından pulları silməsi, göstərilməyən xidmətlərin haqqının tələb edilməsi, müqavilələrin müştərinin tələb etmə hüququnu minimuma endirməsi, internet xidmətlərinin fasiləsiz yüksək səviyyədə təmin edilməməsi ilə  bağlıdır.

 

Bundan başqa, İnternet provayderləri və mobil rabitə operatorları təqdim etdikləri xidmət tariflərini lazımi şəkildə və istənilən müştərinin başa düşəcəyi dildə tərtib edilmədiyi istehlakçıların hüquqlarını pozur. Bununla bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rabitə xidmətlərinə olan tariflərin tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq təklif edilib.

 

Mənbə : Lent.az

"Bezdirici SMS-ler": bezdirenler ve bezenler – ARAŞDIRMA