İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanın baş naziri Marneulide olub

03-04-2015


03.04.2015 / 20:24 xeber –

Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd Kvemo Kartli bölgəsində fəaliyyət göstərən iş adamları ilə görüşmək, onları narahat edən problemlərlə tanış olmaq və hökumət tərəfindən iş adamlarına dəstək olmaqdır. Baş nazir görüşə başlamamışdan əvvəl Kvemo Kartli bölgəsinin inzibati ərazisinə daxil olan rayonların icra başçıları, bələdiyyə sədrləri, müxtəlif sahələrin nazirləri və hökumət üzvləri ilə görüşüb. Görüşdə qeyd edilib ki, bütün rayonlarda hökumət tərəfindən hazırlanan "Güclü bölgə-Güclü Gürcüstan" adlı yeni hökumət proqramı həyata keçiriləcək. Baş nazir bölgənin inkişafı üçün həyata keçiriləcək layihənin hökumət tərəfindən maliyyələşdiriləcəyini qeyd edib.

 

Sonra Kvemo Kartli bölgəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Görüşdə "Güclü bölgə-Güclü Gürcüstan" layihənin təqdimatı baş tutub. Layihənin təqdimatında baş nazir çıxış edərək iş adamlarına layihə çərçivəsində hökumət tərəfindən büdcə xərclərinin artırılacağı haqqında ətraflı məlumat verib. O, çıxışında bölgə iqtisadiyyatının gücləndirilməsinə 47 milyon dollar vəsait ayrıldığını bildirib. Baş nazir "Güclü bölgə-Güclü Gürcüstan" layihəsinin həyata keçirilməsini günün tələbi olduğunu bildirib: "Biznes sektorunu inkişaf etdirmək üçün hökumət iş adamlarına maksimum dərəcədə dəstək olacaq, bu dəstəyin nəticəsi bölgədə çoxlu iş yerlərinin açılmasına səbəb olacaq, həmçinin bölgə iqtisadi cəhətdən güclənəcək".

 

Gürcüstanın baş nazirinin müavini, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında Gürcüstanın baş nazirinin iş adamları ilə görüşünü vacib bir tədbir adlandırıb: "Marneulidə böyük potensial var. Bu rayona dövlət böyük diqqət yetirir, çünki hökumətin hazırladığı və bu gün təqdimatını keçirdiyimiz xüsusi  proqramı hökumət maliyyələşdirir və yeni müəssisələr açır. Mən çox şadam ki, bu gün baş nazir və nazirlər kabinetinin üzvləri ilə keçirilən görüşdə bizim vətəndaşlar olan azərbaycanlı iş adamları da iştirak ediblər. Görüş çox səmimi və dostluq şəraitində keçib".

 

Mənbə : Lent.az

Gürcüstanın baş naziri Marneulide olub