İçeriğe geçmek için "Enter"a basın

Türkiyedeki terror dalğasının perdearxası meqamları – Video

05-04-2015


xeber –

Bir dəfə seçdiyimiz dostumuz və qardaşımız Türkiyə çoxdan belə xəbərlə gündəliyə gəlməmişdi. Türkiyədə gündüzün günorta çağında İstanbulun prokurorunun kabinetinə girib prokurorun başına güllə dirəyirlər və bunun ardınca da tələblər irəli sürürlər. Vaxt qoyurlar, əks təqdirdə qurbanlarını güllələyəcəklərini vəd edirlər. Ertəsi gün isə hakim partiyanın ofisinə girirlər, xəbərdarlıq atəşi açırlar… Özü də burada bilirsiniz ən maraqlı müəqamlardan biri nədir? İşıqların qəflətən və ya guya qəflətən sönməsi. Və demək olar ki, bütün gün ərzində Türkiyənin bütün iri şəhərlərinin qaranlığa qərq olması. 7-8 saat çəkən qaranlıq və İstanbulun başına güllə dirənən və sonra öldürülən prokuroru. Qaranlıq və AKP-də atəş xəbərdarlığı.

Bir sözlə ortada qaranlıq qalan məsələlər çoxdur. İlk baxışda günahkarlar göz qabağındadır. Bunu edən solçulardır və onların radikallığı bu günün məsələsi deyil. Solçular Türkiyə ilə həmişə ən yolverilməz üsullarla mübarizə aparıblar. Amma hər dəfə də Türkiyə dövləti onların cavabını ən sərt şəkildə verib. Bəs bu nə idi və niyə baş verdi?

Hadisələrə qiymət verən yerli və beynəlxalq ekspertlərin rəyi çox spektrlidir… Bəzilərinin fikrincə, Ərdoğan Türkiyəsinin yürütdüyü siyasətin nəticələri bumeranq effekti ilə özünə qayıdır. Yaxın keçmişdə Suriyada, Liviyada, Misirdə radikalları dəstəkləyən və bunu açıq-açığına edən, hətta qanuni hakimiyyətləri istefaya gedərək yerlərini öz radikal opponentlərinə verməyə çağıran, belə qüvvələri alqışlayan Ərdoğanı indi kimlərsə “başıma gələnlər başına gəlsin!” aqibəti ilə üz-üzə qoyur. Türkiyəlilər bu gün öz ölkələrində tez-tez liviyalı, suriyalı, misirli dilənçilərlə üz-üzə gəlirlər. Əlbəttə, Türkiyə Obamanın təbirincə desək 1 milyon qaçqın saxladığına görə alqışa layiqdir. Amma onlar bu ölkəyə yeni ənənələr, yeni münasəbətlər, hətta hər hansı problemin həlli üçün ən ağlasığmaz qanlı yollar belə gətirirlər. Onlara baxıb, ərəb inqilabının qoyub getdiyi mübarizə üsullarını xatırlayan o qədər potensial terrorçu tapmaq olar ki. Düzdür, son hadisələri törədənlər ərəb deyil, yerli solçulardır, amma istisna etmirəm ki, bu addımı atarkən onlar lap elə İŞİD-in özündən öyrənməyiblər. Baxın, hətta tapançanın beynə, gicgaha dirənməsi də İŞİD-varidir. Beləliklə, fərziyyələrdən biri budur.

İkinci fərziyyə Ərdoğanın Türkiyəni özünəməxsus müstəqil dövlət kimi görmək arzusuna elə özünəməxsus yolla cəhd etdiyinə görə cəzalandırırlar deyənlərə məxsusdur. İsraili üzr istəməyə vadar edən, Birləşmiş Ştatları ciddi surətdə, xüsusilə Fətullah Güləni qorumaqda ittiham edərək tez-tez onun sığınacaq tapdığı Pensilvaniyanı azı şeytan yuvası kimi təqdim edən dövlət başçısına verilə biləcək qulaqburması ehtimalıdır. Burda Qərbin ənənəvi anti-türk mövqeyi də nəzərə alınmalıdır. Dövlət başçısının Türkiyəni müstəqil, heç bir xarici qüvvənin iştirakı və müdaxiləsi olmadan idarə etmək iradəsinin bu yolla cəzalandırıldığını fərz edənlər az deyil.

Ekspertlər arasında belə düşünənlər də var ki, bu hadisəni hakimiyyət özü təşkil edir. Niyə də yox. Axı irəlidən parlament seçkilər gəlir və AKP-yə parlament həmişəkindən dəfələrlə artıq lazımdır. Belə hadisələri təşkil etmək və onunla mübarizədə qalib gəlmək, bununla da xalq qarşısında xal qazanmaq bir ehtimal kimi o qədər də əsassız görünmür. Yoxsa bağışlayın məni, dünyanın bu qarışıq vaxtı, İstanbulun düz göbəyində prokurorun kabinetinə belə asanlıqla necə daxil olmaq olar. Lap elə tutaq ki, vəkilin yoxlanılmamaq hüququ var, bəs o ksivalar onların əlinə necə düşüb. Sizə maraqlı deyil? Şəxsən mən bu suallara doğru cavab almaq istərdim.

Mənə daha inandırıcı görünən ehtimal barədə. Bu Türkiyə prezidentinin öz dövlətini qoruduğuna görə aldığı cavab zərbəsi ilə bağlıdır. Sadəcə burada bəzi məqamlar var ki, onlar üzərində dayanmağı lazım bilirəm. Əslində hər bir dövlət başçısının rəhbərlik etdiyi dövlətin müstəqilliyini qorumaq istəməsi və bu yolda nümayiş etdirdiyi iradə normal bir şeydir. Amma Türkiyə ilə vəziyyət bir qədər fərqlidir. Uzun illər Türkiyə rəhbərlərinin dövləti qorumaq məqsədilə getdiyi ən riskli addımlar belə dövlətə təhlükə yaratmırdı. Çünki dövlətin başında kimin olmasından asılı olmayaraq. Türkiyəni etatizm siyasəti idarə edirdi. Yəni dövlət maraqları tələb edəndə bütün vətəndaşların bütün maraqları dövlət mənafelərinə qurban verilir. Bu tələb hamıya idi. Dindarlara da, qeyri-dindarlara da, partiyalara da, ictimai birliklərə də, statusundan asılı olmayaraq hər kəsə. Dövlətə zidd çıxış edən, Türkiyənin maraqlarını zərbə altına qoyan istənilən şəxs dərhal qanun qarşısında cavabını alırdı. Qarant isə ordu idi. Bu belə qoyulmuşdu. Atatürk belə qoymuşdu. Və uzun illər bu dövlətin dövlətçiliyinin qarantı sayılırdı. Ümumxalq seçkisində prezident olan Ərdoğan isə bir tərəfdən xalqın dəstəyi ilə seçildiyini elan edərək Türkiyəni demokratik dövlətlər cərgəsinə qatdığını düşünür, başqa bir tərəfdən isə ordunu dövlətin arxasından götürərək onu ənənəvi dayaqlarından məhrum edib. Ərdoğan ordunu dövlətin idarəçiliyindəki həll edici rolundan ayırıb. Hətta bununla bağlı konstitusiyada dəyişikliklər edib. Prezident bu ölkənin Ali Masasının başında təkdir. Bu gün artıq o vəziyyətdir ki, Ərdoğan dövlətin müstəqilliyini təkbaşına qoruyur. Qorumalı olur. Ona görə də indi necə deyərlər çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu…

Mənbə : Anspress.com

Türkiyedeki terror dalğasının perdearxası meqamları – Video