İçeriğe geçmek için "Enter"a basın

“Qebele” 300-e rekordla çatdı

06-04-2015


xeber –

Topaz Premyer Liqasının XXVIII turunda səfərdə AZAL-la qarşılaşan “Qəbələ” 4:0 hesabı ilə qalib gəlib.

ANS PRESS klubun rəsmi saytına istinadən xəbər verir ki, “AZAL Arena”da əldə olunan bu böyükhesablı qələbə “qırmızı-qaralar”ın tarixinə rekord və yubileylərlə düşüb.

İlk dəfə BEŞ

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan “qırmızı-qaralar” klub tarixinin yeni rekorduna imza atıb. Roman Qriqorçukun yetirmələri XXIII turda başlanan uğurlu seriyada 2 dəfə ev, 3 dəfə səfərdə 3 xal əldə edib. Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən komanda ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-də “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” “5”ə 4 cavabsız qolla çatıb.

Premyer Liqada 2006/07 mövsümündə debüt edən “qırmızı-qaralar” bunadək ən yaxşı halda 4 ardıcıl qələbə qazanmışdı. Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında 4 qələbəni sıralamışdı.

“Qəbələ” – 300

AZAL-la oyunda vurulan qol “Qəbələ” üçün yubiley xarakteri daşıyıb. Bu matçadək Premyer Liqada 298 top vuran “qırmızı-qaralar” 300-ü fəth edib. Tarixi qolun müəllifi Viktor Mendi olub. 2006-cı ildə Premyer Liqada debüt edən komandamız 300-ə 265-ci oyununda çatıb. “Qəbələ” Mendinin qolundan sonra daha 2 dəfə fərqlənib, bu rəqəmi 302-yə çatdırıb. Bunlardan 162-si ev, 140-ı səfər qarşılaşmalarına təsadüf edib. Maraqlıdır ki, komandanı 300-ə çatdıran Mendi 150-ci qolun da müəllifi olub.

“Qəbələ”nin bütün yubiley qolları

1-ci qol – 2006/07 mövsümü
Vüsal Qarayev – 11.08.2006. MKT-Araz (İmişli) – Gilan (Qəbələ) – 4:1

50-ci qol – 2007/08 mövsümü
Əli İsmayılov – 18.05.2008. Qəbələ – Masallı – 1:1

100-cü qol – 2009/10 mövsümü
Kənan Kərimov – 09.02.2010. Qəbələ – Turan (Tovuz) – 1:0

150-ci qol – 2011/12 mövsümü
Viktor Mendi – 11.09.2011. Qəbələ – Turan (Tovuz) – 2:1

200-cü qol – 2012/13 mövsümü
Lourival Assis – 03.11.2012. Qəbələ – Neftçi (Bakı) – 2:1

250-ci qol – 2013/14 mövsümün
Leonardo da Silva – 02.02.2014. Sumqayıt – Qəbələ – 0:3

300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4

“Qəbələ”nin qolları mövsümlər üzrə: 2006/07 – 17, 2007/08 – 33, 2008/09 – 28, 2009/10 – 36 (təsnifatda 24+ “altılıq”da 12), 2010/11 – 31 (təsnifatda 19+ “altılıq”da 12), 2011/12 – 43 (təsnifatda 27+ “altılıq”da 16), 2012/13 – 32 (təsnifatda 26+”altılıq”da 6), 2013/14 – 48, 2014/15 – 34.

Premyer Liqada “Qəbələ”nin ən azı 10 qolunu vuranlar: Viktor Mendi – 26, Luiz Paulo Hilario – 21, Yannik Kamanan – 16, Deon Barton – 15, Daniel Subotiç – 12, Kənan Kərimov, Vitali Balamestnı – hər ikisi 11.

Mendi – 30

“Qəbələ”nin Premyer Liqada 300-cü qolunu vuran Mendi qırmızı-qara formada 30-cu dəfə fərqlənib. Premyer Liqada 26, kubokda 4 dəfə rəqib qapılarına yol tapan seneqallı hücumçu yubileyə 120-ci matçında çatıb. Klub tarixinin ən məhsuldar futbolçusu olan Mendi ilk qolunu 2011-ci ildə vurub. O, 2011/12 mövsümündə 8, 2012/13 mövsümündə 6, 2013/14 mövsümündə 7, cari mövsüm 5 çempionat qoluna sevinib. Onun kubok qollarından biri 2011/12, üçü 2013/14 mövsümünə təsadüf edib.

Hüseynovdan rekord

AZAL-la qarşılaşmada dubla imza atan Cavid Hüseynov Premyer Liqada özünün yubiley – 30-cu qolunu vurub. Cari mövsüm 8-ci dəfə fərqlənən yarımmüdafiəçi karyerasının rekorduna imza atıb. O, “Qəbələ”də keçirdiyi ilk çempionatadək heç vaxt belə məhsuldarlıq nümayiş etdirməmişdi. Hüseynov indiyədək eyni mövsümdə ən yaxşı halda 6 dəfə rəqib qapısına yol tapmışdı. Bu da ötən mövsüm “Bakı”nın heyətində baş vermişdi. AZAL-la oyundan öncə həmin rekordunu təkrarlamış yarımmüdafiəçi artıq həmin göstəricisini yeniləyib. Cavid həm də “Qəbələ”də 5 və daha çox penalti vurub, hamısından dəqiq istifadə edən ilk oyunçu olub.

Qriqorçukla ilk

“Qəbələ” tarixində 34-cü, Premyyer Liqada 17-ci dəfə böyükhesabla qalib gəlib. 2015-ci ildə ilk dəfə 3 və ya daha çox top fərqilə qələbə qazanan “qırmızı-qaralar” bunadək Roman Qriqorçukun baş məşqçiliyi dövründə belə nailiyyət əldə etməmişdi. Komanda sonuncu böyükhesablı qələbəsini 123 gün əvvəl – 2014-cü il dekabrın 3-də “Ağsu” ilə kubok matçında qazanmışdı – 3:0. Premmyer Liqada isə son belə uğur 396 gün əvvəl – ötən il fevralın 2-də “Sumqayət”la səfər matçında qazanılıb – 3:0. “Qəbələ”nin 3-dən çox fərqlə 3 xala sevinməsi isə sonuncu dəfə 1071 gün əvvəl qeydə alınmışdı. 2012-ci il aprelin 29-da “Qəbələ” öz meydanında “Bakı”nı 4 cavabsız qolla məğlub etmişdi.

Mənbə : Anspress.com

“Qebele” 300-e rekordla çatdı