İçeriğe geçmek için "Enter"a basın

Akif Çovdarov məhkəmədə DANIŞDI - YENİLƏNİB

31-10-2016

31.10.2016 / 13:34 xeber –

 

Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovun məhkəmədən vaxt istəməklə bağlı verdikləri vəsatətləri təmin olunub. Proses noyabrın 10-a təyin edilib. 

13:19

 

Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov 60 cilddən ibarət ittiham aktının 41-i ilə tanış olub, 19 cildi isə hələ qalır.

 

Lent.az-ın məlumatına görə, bunu məhkəmədə vəkillərin özləri bildirib. Bu səbəblə də onlar vəsatət verərək, məhkəmədən yenidən vaxt istəyiblər. Hakimlər müşavirəyə gedib.

 

Hakimlər nahar fasiləsindən sonra vəsatətə münasibət bildirəcəklər. Vəkil bildirib ki, Akif Çovdarovun səhhətində hələ də ciddi problemlər var. Aclıq aksiyası davam etdirir. Proses zamanı Akif Çovdarov bildirib ki, səhhəti ilə bağlı olaraq danışa bilmir: "Vəziyyətim yaxşı deyil, səhhətim imkan vermir ki, cinayət işini oxuyam. Gün ərzində 2 saat ancaq ittiham aktı ilə tanış oluram. Mənim səhhətimlə bağlı normal şərait yaradılmayıb".

12:34

 

Məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, prosesə yenə jurnalistlər buraxılmayıb. 

 

**

09:29

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası davam edəcək.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçiriləcək iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutacaq.

 

Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası 3 dəfədir təxirə düşür.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

 

 

mənbə :
lent.az

Akif Çovdarov mehkemede DANIŞDI – YENİLƏNİB